Sədr müxalifətin əməkdaşlıq formatını açıqladı

sedr-muxalifetin-emekdasliq-formatini-aciqladi
Oxunma sayı: 654

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, iclasda ölkədəki ümumi vəziyyət, müxalifətdaxili inteqrasiya, təşkilatlanma və cari məsələlər müzakirə olunub. Birinci məsələ ətrafında çıxış edən Siyasi Şura üzvləri ölkənin ümumi durumunda müsbətə doğru hər hansı dəyişikliyin müşahidə olunmadığını, söz və ifadə azadlığının, fəaliyyət sərbəstliyinin məhdudlaşdırıldığını qeyd ediblər. Müzakirə iştirakçıları hakimiyyətin ölkədə siyasi institutların sıradan çıxarılmasına yönəlik təşəbbüslərinin, xüsusilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində əks olunan bir çox müddəaların ciddi narahatlıq doğurduğunu bildiriblər. Siyasi Şura üzvləri hakimiyyətin ləngimədən köklü islahatlara başlamasının vacibliyini bir daha diqqətə çatdırıblar.

Müxalifət qüvvələrinin bir araya gəlmələri təşəbbüsü və bu prosesin gedişi haqda məlumat verən VİP sədri Əli Əliyev partiyanın məqbul saydığı prinsip və mümkün əməkdaşlıq formatlarını açıqlayıb. Siyasi Şura VİP sədrinin bu istiqamətdə fəaliyyətini davam etdirməsini və açıqlanan prinsiplər əsasında qərarlar verməsini məqsədəuyğun sayıb.

Partiya daxilində 2012-ci ilin VİP-in yenidən təşkilatlanma ili kimi qəbul olunduğunu önə çəkən Siyasi Şura üzvləri bu çərçivədə görülən işlər barəsində məlumat verərək, əlavə təkliflərini irəli sürüblər. İclasda VİP-in ideoloji prinsiplərinə yenidən baxılmasına dair partiyanın yerli təşkilatlarından daxil olan müraciətlər ətrafında fikir mübadiləsi aparılıb və bu məsələnin geniş müzakirəsi üçün Siyasi Şuranın xüsusi iclasının keçirilməsi qərara alınıb.

İclasda cari məsələlərin müzakirəsindən sonra müvafiq qərarlar qəbul edilib.