“Sevgililər günü” endirimlər olacaq?

sevgililer-gunu-endirimler-olacaq
Oxunma sayı: 786

20 yanvarda çox yaralar, dərslər aldıq. Bu gündə sonuncu Leyli Məcnun dərsini də almışdıq. Yarı həyata vida demiş qadın onsuz həyatda yaşamağa “yox” deyib canına qəsd etmişdi. Bir qədəh sirkə ilə. O, buna tarixə ad yazdırmaq məqsədiylə yox, bir anda verdiyi qərarın nəticəsində nail olmuşdu.

Lənətə gəlmiş Sovet ordusunun başsız , yetim qoyduğu ailələr arasında İlham-Fərizə birliyi də vardı. Onlar hələ tam ailə ola bilməmişdilər, İlham gülləyə tuş gəlməsəydi, indi onlar ən layiqli, nümunəvi ailələrdən olardı, övladlarının xeyirini görərdilər. Ağsaqqala, ağbirçəyə çevrilib boşanmaq sindiromuna tutulmuş azərbaycanlı gənclərinə öyüdlərini verərdilər. Tək bir güllə. Ünvanını səhv və ya doğru tapan o güllə. Deyilənə görə, Dağüstü parkda ev xəyal edirmişlər. Ən çox Fərizənin arzusu idi. Amma elə ev arzuladılar ki, cənnət məkanları həmin yer oldu. Ora çoxunun göz yaşını saxlaya bilmədiyi məkana çevrildi.

Tam 23 il əvvəl onlar böyük sevgi ilə ailə qurmuşdular. Elə bir ailə bağı qurmuşdular ki, bu bağı ölüm də öz qayçısı ilə kəsə bilmədi. Yenə qoşa, yanaşı torpaq altında sevgiylə uyudular. Bu gün də Şəhidlər Xiyabanının girişində gələnləri “qarşılayır”, “salamlayırlar.”
Hamı “kaş ki” deyir. Kaş ki, Fərizə dözümlü olardı, heç olmazsa, o yaşayardı. Amma yox, bətnində körpəsini daşıyan o qadın atasız övlad böyüdə bilməzdi. Çünki İlham da özünü dərk edəndən atasız qalmışdı. Mütləq ki, Fərizə İlhamın atasızlıq həsrətini o qədər içdən duymuşdu ki, bu həsrəti övladına “hədiyyə” edə bilməzdi. Bir tək ölüm. Bu gün artıq çox ucuzlaşan o ölüm bu ikilini yüksəklərə qaldırdı.

Səkkiz il əvvəl ölməz ikilinin toy gününün milli Sevgililər günü elan edilməsi məsələsi qoyulanda sevinənlərdən biri də mən idim. İstəyirdim, fevralın 14-ünü üstələsin. Xatırlayacağımız, sevindiyimiz tariximiz 30 iyun olsun. Amma, yanılmalarım oldu. Əvvəldən də bilirdim ki, bu günü təbliğ etmək, ona qiymət vermək üçün daha vacib variantlar tapmalıyıq.

Bizdə səciyyəvi bayram təbliğatı kiməsə hədiyyə almaqla bitir. Elə xatirə yazısının adında da həmişə məni qıcıqlandıran məsələyə işarə etmişəm. Efirlər, ekranlar, küçələrdə yalnız bayram alveri ilə bağlı edilən endirimlər bəyan olunur. “Filan mağaza, filan marketdə şok endirimlər”, hər yerdə bar-bar bağırırlar. Bayramı bəhanə edib, ticarət, alver planları qururlar. Çünki xasiyyətimizə bələddirlər. Bu geydirmə endirimlərdən yararlananlarsa, hədiyyə verməklə, yeyib-içməklə işlərini bitmiş hesab edirlər. Tək bir gündə güya sevgi toxumu əkmək, insan olmaq istəyirlər.
Bəhsə duraram ki, kimi dindirib bu günü soruşsaq, hamı sərin iyun günü olduğunu deyəcək. Bu gün toyunu edən də heç ağlına gətirməyəcək.

Məlum məsələdir, bu “Böyük ölümə” hörmət qazandırmaq üçün çox sözlər deyilməməliydi. “Oğlan sevgilisini öldürdü”, “Kişi qadını vəhşicəsinə doğradı”, “Qadın ərini bıçaqladı”... Hər gün eşitməyimizə adət etdiyimiz dəhşət olduğu qədər çirkin olan bu xəbərlər... Bu söhbətlər məgər bizə sevgisizlik, vəhşilikdən dərs vermirmi? Özü də bu xəbərləri şouya, teatra çevirib bizə ötürürlər. Bu xəbərlərə həvəs göstərənlərin bu gün durub sevgidən dəm vurmağını gözləmək isə sadəlövlükdür. Nə deyim...

İlham və Fərizənin toy günü mübarək! Sevgi, dəyər, hörmət, qayğı, sədaqət günümüz mübarək!