Sumqayıtdakı partlayışın səbəbi açıqlandı

sumqayitdaki-partlayisin-sebebi-aciqlandi
Oxunma sayı: 649

Baş Prokurorluqdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, ilkin istintaqla müəyyən edilib ki, “Azərbaycan Məişət Malları” ASC-yə məxsus dəmir çənlərdə cəmiyyətin 3 əməkdaşı tərəfindən qaynaq işləri aparılarkən partlayış baş verib. Alov daha sonra içərisində əvvəllər kimyəvi maddələr saxlanılmış dəmir çənləri də əhatə edərək ətrafa yayılıb.
Məlumat verildiyi kimi sentyabrın 17-də saat 17:00 radələrində Sumqayıt şəhərində yerləşən “Azərbaycan Məişət Malları” Açıq Səhmdar Cəmiyyətinin ərazisində insan ölümünə səbəb olan yanğın hadisəsi baş verib. yanğının qarşısını almaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 150-dən çox canlı qüvvəsi və 45 texnikası, həmçinin 2 yanğınsöndürən helikopteri dərhal hadisə yerinə cəlb edilmiş və görülmüş tədbirlər nəticəsində səhər saat 4:00 radələrində yanğın tam söndürülüb.

Üzərlərinə texniki və yanğın təhlükəsizliyi, eləcə də əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər tərəfindən bu qaydaların pozulması insan ölümünə və digər ağır nəticələrə səbəb olduğundan fakta görə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) və 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddələri ilə cinayət işi başlanıb.

Hadisə yerinə Fövqəladə Hallar və Ədliyyə nazirliklərinin ekspertlərinin iştirakı ilə baxış keçirilmiş, oradan qaynaq işlərində istifadə edilmiş qaynaq aparatları, kəsici alətlər və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar götürülüb.

Qaynaq işləri aparan Sumqayıt şəhər sakinləri Babayev Sabir Kərim oğlu, Səfərəliyev Əbülfət Əziz oğlu və Piriyev Piri Xuduş oğlunun meyitləri müayinə olunmaları üçün məhkəmə-tibb ekspertizasına təqdim olunub.

İş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilmiş, o cümlədən məhkəmə-yanğın-texniki, məhkəmə-tibbi və digər ekspertizalar təyin olunmuş, çoxsaylı şahidlər dindirilib.

İşin mürəkkəbliyi nəzərə alınaraq istintaq qrupu yaradılıb və hazırda cinayət işi üzrə Sumqayıt şəhər prokurorluğunda istintaq davam etdirilir.