Təhsilimizin Məlaykəsi

tehsilimizin-melaykesi
Oxunma sayı: 667

Amma bir az səbirli olun.
Məleykə Abbaszadə test imtahanlarına hazırlıqla bağlı keçirdiyi mətbuat konfransında imtahan dövrünün başlanmasını TQDK üçün “hərbi hazırlıq” elan edilməsinə bənzətmişdi. Yaxşı bənzətmədi. Və açığı deyim ki, artıq neçə illərdir ki, TQDK nümayiş etdirir ki, yüksək “hərbi hazırlığa” malikdir.
Yəqin yenə fikirləşdiniz ki, ə daha bəsdir də, az məddahlıq elə.
Amma bir az da səbirli olun.

Hərbi hazırlıq.
Təhsilimizin Məlaykəsinin bu bənzətməsini təqdir etməmək olmur. Amma TQDK sədri olaraq onun da xarakterik “məmuros viros”a (sözün kökü “məmur”dur – A.Q.) yoluxması göz qabağındadır.
Təhsilimizin Məleykəsi qalsın TQDK-da, qayıdaq bir neçə il əvvələ.
2008-ci il test imtahanları başa çatanda məlum oldu ki, Ali Hərbi Məktəblərə Qəbul planı dolmayıb(!).

Bu xəbərdən sonra müdafiə naziri Səfər Əbiyev abituriyentlərə müraciət etdi ki, kim 100 baldan artıq nəticə göstəribsə ona Ali Hərbi Məktəbdə oxumaq şansı verilə bilər. Keçid balı 250 olduğu halda Ali Hərbi Məktəbə 100 bal da kifayət edərdi. 100 bal toplamış abituriyentin ağlının hansı səviyyədə olması barədə çox danışmaq istəmirəm. Amma Səfər Əbiyev belə bir müraciət etmişdi. Sonrakı illərdə də Ali Hərbi Məktəblərə qəbul planının yerinə yetirilməsi 100 faiz olmadı. Və nəhayət bu il.

Bir neçə gün əvvəl TQDK sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirtdi. Müxtəlif mətləblərdən danışdı. Hər şey yaxşı, hər şey rəvan görünürdü. Necə deyərlər, “Hava aşıq, göy təmiz. Göylərdə gəzirdi Məlaykəmiz”
Birdən aydın səmada ildırım effekti verən bir sual səsləndi: “Ali hərbi məktəblərə plan yerləri dolubmu?”
Sözsüz ki, TQDK sədri Ali Hərbi Məktəblərə plan yerlərinin dolmadığını bilirdi. Amma bu suala cavab vermək əvəzində o verilən sualı qiymətləndirdi: “Bu casus sualıdır.”

Bundan sonra daha nələr dedi Məleykə Abbaszadə sadalamaq istəmirəm. Amma bu sualın formalaşmasında rolu olan bir jurnalist və bir reaktor kimi “casus” ittihamından mənim də payıma nəsə düşdü.
Bəli jurnalist məmurun xoşuna gəlməyən sual verəndə onun gözünə “casus” cildində görünür. Bu “məmuros viros” xəstəliyinin tipik simptomlarındandır ki, TQDK sədri də buna yoluxub.
Təhsilimin Məlaykəsi haqda bu qədər. Ona Allahdan şəfa diləyib qayıdaq Ali Hərbi Məktəblərə.
Araz sahilindən Kür qırağına qədər uzanan cəbhə xəttini gəzən bir jurnalist olaraq “kimi əli kimin cibindədi”, “kimin gözü kimin vəzifəsindədir” və bu gün məmləkətin digər bölgələrində müharibə acısından kənar insanların əmin-aman yaşayışının təminatı hansı oğlanların çiynindədir beş barmağım kimi bilirəm. Bildiyim bir həqiqət də var - bu gün ön xətdə dayanan oğullar Azərbaycanın ən ləyaqətli ən qeyrətli övladlarıdır.
Ön xətt haqda iki haşiyə:

Birinci: Goranboy istiqamətindəki postlardan birində çəkilişdə olan zaman göz qapağının biri tam açılmayan əsgəri görüb soruşdum ki, axı necə olub səni bura göndəriblər? Cavabı qısa və aydın oldu: “Soruşdular ki, cəbhə xəttində xidmət eləmək istəyirsən? Mən də dedim “hə”. Voyenkom da göndərdi bura”. Bu 18 yaşlı çağırışçının kişiliyi, bu da hərbi komissarın. Əlbəttə ki, onunla olan bu sual-cavab efir üçün deyildi.
İkinci: 2008-ci ildə Həsənqaya istiqamətində 1994-cü ildən bu yana ən iri miqyaslı atəşkəs pozuntusu oldu. Dərhal ora yollandım və hadisə yerinə olan ilk və yeganə jurnalist kimi ermənilərin dislokasiya yerində qazıntı-bərkitmə işlərini və əlavə texnika cəmləşdirməsini lentə aldım. Əməliyyatda ermənilərlə açıq döyüşdə iştirak etmiş 18-19 yaşlı Azərbaycan əsgərlərinə çəkilişdən əvvəl ilk sualım belə oldu: “Qorxmadınız ki?” Cavab bir az ironik, bir az zarafatyana, bir az da ötkəm oldu: “Nədən???” Bu cavabdan sonra belə bir sual verdiyimə görə peşman oldum. Axı qorxan adamın burda nə işi vardı?

Amma 20 illik müharibə təcrübəmiz göstərdi ki, qorxmazlıq, ləyaqət və qeyrət müharibədə qalib gəlmək üçün yetərli deyil. Qələbə üçün peşəkarlıq və müxtəlif bilgilərə malik olmaq gərəkdir. Bu gün Azərbaycana qələbə üçün yüksək intellektual olan peşəkarlar lazımdır. Yüksək intellektual olan peşəkarlar isə Ali Hərbi Məktəblərdə yetişməlidir.
Ali Hərbi Məktəblərdə oxumaq istəyənlər isə azdır. Hətta qəbul planını dolduracaq qədər belə deyil.

Bax bu yerdə ağzı köpüklənə-köpüklənə müharibədən danışan “vətənpərvərlər”dən soruşmaq istərdim: Bəlkə siz biləsiz, niyə Azərbaycanda zabit olmaq istəyənlər azalıb?
Məleykə Abbaszadəyə də sualım var: Ali Hərbi Məktəblərdə plan yerinin niyə dolmaması məsələsini qaldıran daha çox casusdur, yoxsa vəziyyəti bu həddə çatdıran?