“Təkcə seçkidə qalib gəlməklə demokratiya qurmaq mümkün deyil” – Məktub

tekce-seckide-qalib-gelmekle-demokratiya-qurmaq-mumkun-deyil-mektub
Oxunma sayı: 655

79 yaşlı İbrahim Yəzdinin başçılıq etdiyi Azadlıq Hərəkatı Partiyası mötədil islamçıların qurumu kimi tanınır. İranda bu partiyanın rəsmi fəaliyyətinə qadağa qoyulub.

Liberal görüşləri ilə tanınan İbrahim Yəzdi 1979-cu ildə islamçı tələbələr ABŞ səfirliyini ələ keçirib amerikalı diplomatları girov götürəndən sonra xarici işlər naziri vəzifəsindən istefa verib.

Oktyabrın 23-də Tunisdə keçid parlamentinə - Qurucu Məclisə keçirilən seçkidə Ən-Nahda (Dirçəliş) Partiyası qalib gəlib. Qələbədən sonra partiyanın baş katibi Həmadi Cebeyli baş nazir postunu tutmağa hazır olduğunu açıqlasa da, partiyanın lideri Rəşid Əl-Qənnuşi heç bir dövlət və hökumət vəzifəsi tutmaq niyyətində olmadığını bəyan edib.

“Media forum” saytının məlumatına görə, məktubunda Rəşid Əl-Qənnuşini seçkidəki qələbə münasibətilə təbrik edən İbrahim Yəzdi onu İran islamçılarının acı təcrübəsindən və yol verdikləri səhvlərdən dərs almağa çağırıb. O bildirib ki, müsəlmanlar daima hüquq və azadlıq uğrunda, xalqın hakimiyyəti uğrunda mübarizə aparıb istibdadı, diktatoru devirsələr də, müsəlman xalqlarının demokratiya təcrübəsi zəif olduğundan çox keçmir ki, onların devirdiyi diktatorun yerini bir başqa diktator gəlib tutur: “Bəli, biz mübarizə aparıb diktatoru devirsək də, istibdadın bir həyat tərzi kimi kökünü kəsib atmırıq. Biz İranda şahı devirdik. Lakin daxilimizdəki şah və tiranı məhv etməyi və ya onun şəxsiyyət və rəftarını düzgün məcraya yönəltməyi unutduq. Təkcə seçkidə qalib gəlməklə demokratiya qurmaq mümkün deyil. Demokratiyanın bərqərar olması üçün cəmiyyətdə plüralizm və tolerantlığı qəbul etmək, ona hörmətlə yanaşmaq lazımdır.

Tunisdə demokratiyanın kök salmasına, oturuşmasına çalışın. Siz seçicilərin əksəriyyətinin səsi ilə qalib gəlmisiniz. İndi üzərinizə böyük bir vəzifə düşür. Cəmiyyətinizdə siyasi əqidəsindən asılı olmayaraq müxtəlifliyi, rəngarəngliyi tanıyın və ona şərait yaradın. Arzu edirəm ki, Allah sizi bizim İranda etdiyimiz səhvlərdən saxlasın və Tunisin ərəb və müsəlman dünyasında demokratiyanın bərqərar olunması uğrunda qabaqcıl rol oynamasına kömək olsun. Bizim etdiyimiz səhvləri təkrarlamayın”.