“Təzə Pir” Məscidində oğurluq olub – Kriminal xəbərlər

teze-pir-mescidinde-ogurluq-olub-kriminal-xeberler
Oxunma sayı: 920

İyunun 5-i saat 12:30 radələrində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Ağarəhim Sadıqov Vasif Piriyevə məxsus Babək prospektində yerləşən mağazanın kassasından pul götürüb qaçarkən ərazidə xidmət aparan DİN ÇPA-nın əməkdaşları tərəfindən yaxalanaraq ərazi üzrə Sabunçu RPİ 15-ci PB-yə təhvil verilmişdir. Onun üzərinə baxış keçirilərkən 0,262 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür.

Martın 15-nə keçən gecə X.Şuşinski küçəsində Ruslan Həmidova məxsus «VAZ-2107» markalı avtomobildən maqnitafon, mayın 19-na keçən gecə isə M.Sənani küçəsində yaşayan Tahir Vəliyevə məxsus «VAZ-2107» markalı avtomobilin yük yerindən ehtiyat təkər oğurlanmışdır. Nərimanov RPİ 16-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Vidadi Məlikov iyunun 5-də tutulmuş və onun üzərinə baxış keçirilərkən 0,236 qram narkotik vasitə olan heroin aşkar edilmişdir.

Aprelin 3-nə keçən gecə Tağızadə küçəsində yaşayan Hikmət Cəfərova məxsus «VAZ-2107» markalı avtomobil qaçırılmış, iyunun 5-i saat 02:50 radələrində Binəqədi şossesində saz vəziyyətdə tapılmışdır. Nəsimi RPİ 19-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nicat Əkbərov və Variz Məmmədov iyunun 5-də yaxalanmışlar.

Mayın 25-dən 27-dək olan müddətdə A.Şərifzadə küçəsində yaşayan Şıxlı Şıxlının mənzilinin qarşısından «Ariston» su qızdırıcısı oğurlanmışdır. Yasamal RPİ 29-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Xuran Xeyrulla iyunun 4-də tutulmuş və onun üzərinə baxış keçirilərkən 0,192 qram narkotik vasitə olan heroin aşkar edilmişdir.

İyunun 3-nə keçən gecə Bül-bülə qəsəbə sakini Taleh Sadıqova məxsus M.Mustafayev küçəsində yerləşən internet klubdan açar seçmə yolu ilə kompyuter və ehtiyat hissələri oğurlanmışdır. Suraxanı RPİ 31-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Suraxanı qəsəbə sakini Emin İsabəyov iyunun 4-də tutulmuşdur.

Martın 22-də M.Fətəli küçəsində yerləşən «Təzə Pir» məscidində Bakı şəhər sakini Elçin Həbibovun cibindən 2 ədəd mobil telefon oğurlanmışdır. Yasamal RPİ 26-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Siyəzən rayon sakini Təbriz İsmayılov iyunun 4-də tutulmuşdur.