“Bu konflikti Rusiya bir qədər alovlandırdı”

bu-konflikti-rusiya-bir-qeder-alovlandirdi
Oxunma sayı: 999


- Sizin baxışınızla və sizdəki məlumatlara görə nə baş verdi Soçidə? 

- Soçi görüşündən bir qədər əvvələ qayıtmaq istəyirəm. Soçi görüşündən əvvəl Ermənistan-Azərbaycan cəbhəsində olduqca kəskin bir savaşın başlanmasının anonsu və həyəcanlı xəbərlərin gəlməsi var idi. Nəticə Soçi görüşü ilə tamamlandı. Hesab edirəm ki, Rusiya Ukrayna hadisələrindən sonra, Avrasiya İttifaqı ətrafında baş verən hadisələrdə dominant rolunu daha yaxşı və qabarıq göstərmək üçün Ermənistan-Azərbaycan konfliktini yeni mərhələyə, yeni müstəviyə daşıdı  və tərəfləri dialoqa çağırmaqla dünya ictimaiyyətinə, beynəlxalq güclərə əzələ nümayiş etdirdi. 

Hansılar ki, Cənubi Qafqazla çox bağlıdırlar, ilgilidirlər, çox maraqlanırlar və Azərbaycanın da Avrasiya siyasi coğrafiyasında olmamasında maraqlıdırlar. Buna görə də bu konflikti Rusiya bir qədər alovlandırdı, Ermənistanın əli ilə cəbhə bölgəsində atəşkəs rejimini bir qədər də pozdu, Azərbaycan tərəfi itkilər verdi. Və nəticədə bu gərginliyi aradan qaldırmaq üçün Putin vasitəçi rolunda və qismən də qalib rolunda çıxış etmək fürsəti qazandı. Ritorikalara diqqət etsək, Soçi görüşünə qədər Azərbaycanın ritorikası daha üstün, tam savaş ritorikası idi. Soçi görüşündən sonra üstün ritorika Ermənistana keçdi. Hətta Sərkisyanın “üç yüz kilometrlik məsafədə çiçəklənən Azərbaycanın istənilən şəhərini darmadağın edərik”, - kimi bəyanatı da Rusiyanın hegemon rolda olduğunu bir daha göstərir.

- Bəlkə o bəyanatın arxasında Sərkisyanın boynuna qoyulmuş güzəşt var? O, manevr edir, ictimai rəyi yayındırır, qınaqdan qaçır...

- Hesab edirəm ki, Rusiya bu gün konflikti həll edən tərəf deyil, bu gün atəşkəsi təmin edə biləcək tərəfdir. Bu gün Cənubi Qafqazda sülhün gəlməsi üçün təminat rolunu tərəflərin razılığı həll edə bilər. Hətta ATƏT-in Minsk Qrupu belə təklif etdiyi variantlarla tərəfləri razılığa gətirə bilmir. Çünki ortada Rusiya faktoru var və hər zaman demişəm, burada kilid nöqtə Azərbaycan deyil, Ermənistandır. Biz Rusiyanın yanında olsaq, Ermənistan Qərbin yanında olacaq, biz Qərbin yanında olsaq, Rusiya Ermənistanın yanında olacaq və nəticə etibarı ilə konflikt həll olunmayacaq. Haradan prosesə baxırsan, bax. Bu gün Rusiya regiondan çıxmayana qədər konflikt həll olunmayacaq. Və Rusiyanın da regiondan hələlik çıxmaq niyyəti yoxdur. Buna görə də düşünmürəm ki, Ermənistan-Azərbaycan cəbhəsində istər Soçidə olan, hətta sabah başqa bir şəhərdə görüşlər fundamental qaydada nəyisə dəyişə bilsin. Heç nəyi dəyişməyəcək, heç bir faktor da  yaxın beş ildə Ermənistan-Azərbaycan cəbhəsində nəyisə dəyişməyəcək; bu müddətdə heç bir dəyişiklik gözlənilmir. Çünki regionda baş verən hadisələr bu gün Ermənistan - Azərbaycan cəbhəsində yeni müstəvinin açılması, yeni münasibətlər sisteminin yaradılması üçün hazır deyil. Düşünürəm ki, bu məsələdə sadəcə Rusiyanın maraqları və Rusiyanın regiondan qazanmaq istədiyi, dünyaya nümayiş etdirmək istədiyi, o cümlədən region dövlətlərinə nümayiş etdirmək istədiyi üstünlüklər var. 

- Yəni sizin fikrinizcə, Azərbaycan tərəfi getməməli idi Soçiyə? 

- Mən “Azərbaycan tərəfi getməməli idi”  kimi bir ifadəni işlətmək istəmirəm. Azərbaycanın gücü o səviyyədə deyil ki, konflikti yaradan və konflikti bu mərhələyə qədər gətirən Rusiyanın çağırışlarına birmənalı olaraq mənfi cavab versin. Bunun acı nəticələri Cənubi Qafqazda Gürcüstanla baş verib. Azərbaycan tərəfi də manevr edir, hələlik mövqelərini, ən azı mövcud status-kvonun qorunması baxımından, saxlamağa çalışır. Və ona görə də bəzi məqamlarda Rusiyanın çağırışlarına da cavab verir. Azərbaycan tərəfi gedir, danışır; itirəcəyini itirib artıq Azərbaycan tərəfi. Bundan sonra qazanmaq mərhələsidir, itirəcəyi də bir şey yoxdur. Ona görə Rusiya ilə də danışır. Bu, Avrasiya İttifaqının genişlənməsinə və Azərbaycanın da Avrasiya İttifaqına daxil olmasına gətirib çıxara bilərmi? - bu barədə birmənalı surətdə deyirəm ki, yox, çünki...

- Amma müəyyən əks iddialar var ki, Azərbaycan Avropa siyasi məkanını tərk edir, Rusiya siyasi məkanına daxil olmaq istəyir, buna  vadardır... Bu səbəbdən də Azərbaycan daxilində Avropaya bağlı olan bütün qurumları, təşkilatları, fərdləri,  -  hər kəsi neytrallaşdırır iqtidar.

- 1992-93-cü illərdə Azərbaycan siyasəti Avropa və Qərbyönümlü bir siyasət idi. 1993-cü ildən mərhum Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan siyasətinin kursu dəyişmiş kimi göründü. Azərbaycan MDB-yə daxil oldu, Rusiya ilə müqavilələri yenilədi, hətta böyük neft kontraktında Rusiyaya on faizlik güzəşt payı verdi və sair. Əvvəlki hakimiyyətdən daha çox Rusiyanın yanında görünmüş kimi oldu. Və onda nə baş verdi? O zaman Rusiya ilə bağlı olan bütün siyasətçilər həbs olundu. Rəhim Qazıyevdən tutmuş Surət Hüseynova, eks-prezident Ayaz Mütəllibovun tərəfdarlarına və sair. Əslində, əgər Azərbaycan Rusiyanın yanına keçmiş olsaydı bu gün, tutacağı siyasətçilər Qərbyönümlülər olmazdı, Rusiyanın yanında olanları tutardı.

- Məsələn, kim var ki beləsi?

- Adlar çəkmək istəmirəm, amma elə 2013-cü ilin prezident seçkilərində baş verən hadisələr fonunda kimlər Rusiyanın yanında daha çox görünürdüsə, onlar təqibə məruz qalmalı idi. Çünki Azərbaycan iqtidarı Rusiyanın yanında olacağı təqdirdə, Kremllə oynaya biləcək və onun dedikləri ilə düzlənəcək qüvvə və adamları aradan çıxartmalıdır. Əks halda, Rusiya faktoru onları təzyiq, təhdid vasitəsi kimi təşkilatlandırar və iş başındakı iqtidar “sözə baxmasa”, əvəzləməyə çalışardı. İndi həbs olunanlar onu göstərir ki, Azərbaycan hələ də Avropa siyasi coğrafiyasındadır; buradan da ayrılmaq fikri yoxdur. O,     ən açıq şəkildə Qərbə mesaj verir ki, Avropa dəyərlərinin müzakirə və tətbiqini aparacaq real qüvvə özüdür; alternativ ünvan axtarmasınlar; belə ünvan olmayacaq ... Deyir ki, hegemon mənəm, güc sahibi də mənəm, iqtidar sahibi də mənəm, bu dəyərlərin qapısını da sizin üzünüzə açan mən olacam.

- O zaman niyə Qərb təmayüllü siyasi partiyalar repressiya prosesindən kənarda qalır? 

- Siyasi partiyalar... gəlin uzun illərin təcrübəsinə baxaq. Avropa və Amerikadan gələnlər  -  dövlət və beynəlxalq qurumlardan - daha çox vətəndaş cəmiyyətinin nümayəndələrinə diqqət, həm də para ayırıblar. Qərb bütün növ dəstəyi siyasi partiyalara yox, vətəndaş cəmiyyəti liderlərinə verir. Qərb institutlarının böyük əksəriyyəti, xüsusilə ərəb baharı dönəmindən sonra da işlədikləri sahə vətəndaş cəmiyyətinin nümayəndələri idi. Siyasi partiyaların üzərindən bir qədər keçmişdilər və siyasi partiyaları görməməzlikdən gəlirdilər. Hesab edirdilər ki, Azərbaycanda yeni münasibətlər sistemini saxlaya biləcək bir nəsil - vətəndaş cəmiyyəti nəsli yetişməlidir və onlar maarifləndirilərək, prosesin mərkəzinə gəlməlidir. Amma unudurdular bir şeyi, mən bunu hər zaman mövqelərimdə və görüşlərimdə qeyd edirdim ki, bu vətəndaş cəmiyyətinin nümayəndələri maarifləndirmə ilə, monitorinqlə məşğuldursa, bunlar bizim fəaliyyətimizi monitorinq edə bilərlər və ya bizim üzvlərimizi maarifləndirə bilərlər. Bunlar yeni adamlar maarifləndirmirlər. Tək-tək adamların maarifləndirilməsi hələ cəmiyyətin maarifləndirilməsi demək deyil və oradan bir uduş əldə olunmayacaq. Azərbaycan hakimiyyəti də Qərbin bu strategiyasını, vətəndaş cəmiyyətinə yönəlik fəaliyyət istiqamətini anlamamış deyil. Anlayır və başa düşür ki, Qərb institutları kimlərlə işləyir... Gəlin diqqət edək, son dövrlərdə siyasi partiyalarla işləyən iki institut var idi: ABŞ Milli Demokratiya İnstitutu və Respublikaçılar İnstitutu. Hər ikisi ölkədən çıxmışdı və artıq siyasi institutlarla işləmirdilər. İşləyən bütün sektorlar, ayrı-ayrı fondlar, ayrı-ayrı təşkilatlar, ayrı-ayrı hüquq-müdafiə sektoruna aid beynəlxalq təşkilatlar ölkəmizin daxilində ancaq vətəndaş cəmiyyətinin nümayəndələri ilə işləyirdilər. Siyasi partiyalara önəm vermirdilər. Vətəndaş cəmiyyətinin rolu ilə yanaşı, həm də Yaxın Şərqdə baş verən hadisələrdə üçüncü sektorun, daha çox sosial medianın və sosial mediada üçüncü sektorun nümayəndələrinin iştirakı ilə bağlı baş verən hadisələri də təhlil edərək bu nəticəyə gəlmişdilər ki, Azərbaycanda da üçüncü sektorla işləmək daha əlverişlidir. Çünki əvvəlcədən gəldikləri bu qənaət idi ki, siyasi partiyalarla işləyəndə Azərbaycan hakimiyyəti bunu çevriliş hazırlığı mexanizmi kimi düşünə bilir və sanki iqtidarın yerinə alternativ hazırlığı kimi qavrayır.  Qərbə elə gəlirdi ki, iqtidar üçüncü sektorla işə mane olmayacaq... 

- İqbal bəy, bu arqumentləri indi buradamı düçünüb, tapdınız? Çünki çox uzun oldu...

 - Yox, burada niyə tapıram? 

- Bu, bir az qəribə səslənir, oxucu üçün də qəribə səslənir ki, hakimiyyət Qərblə işləmək istəyir, özünə ona görə şərik səhnədə saxlamır... Yəni bu, deməkdir ki, Azərbaycan bu görüntülərə rəğmən, Putinin çağırışına getməsinə rəğmən, Rusiya meylini və yönünü, o cümlədən Avrasiya İttifaqını seçmir?... 

- Əlbəttə. Birmənalı olaraq bunu bəyan edirəm. Azərbaycan Avrasiya İttifaqına getməyəcək. Bu, bütün sahələr üzrə görünür, bütün spektrlər üzrə görünür. Sadəcə iqtisadiyyatı təhlil etsək,  Azərbaycanın büdcəsini təhlil etsək, sadəcə Azərbaycana gələn valyutanı, iqtisadi tərəfdaş ölkələri təhlil etsək, bunu görərik.

- Bəs Azərbaycan necə edəcək? Necə dirəcənək Rusiyanın basqısına?

- Putinin basqısı bu gün Avrasiya İttifaqının yaranma dönəmindəki basqı qədər deyil. Ukrayna hadisələri var, Qazaxıstanın mövqeyi var, Belorusiyanın fərqli mövqeyi var, artıq Azərbaycandan daha sərt bəyanat sərgiləyən Türkmənistanın, Özbəkistanın mövqeyi var. Və burada hədəfdə təkcə Azərbaycan deyil. 

- Qərb yönümünü dəstəkləyən elektorat, qəzetlər, siyasətçilər... onda biz sevinək ki, belədir vəziyyət? Sevinək ki, bu adamları tuturlar ona görə ki, hakimiyyət Qərb yönümünü seçir, yoxsa məyus olaq? Və bu, doğru yanaşmadırmı?

- Azərbaycan hakimiyyəti Qərblə danışıqlarda təmas nöqtələrinin hamısını kəsir, yalnız özünü təqdim edir. Özü nə dərəcədə demokratikdir, nə dərəcədə Avropa dəyərlərini sürətli və uzun müddətli əxz edə biləcək, bunlar  şübhə doğurur. Amma Azərbaycan hakimiyyətinin Avrasiya İttifaqına getməyəcəyi dəqiqdir, Avropa siyasi coğrafiyasında qaldığı da dəqiqdir. Həm də  Avropa siyasi coğrafiyasının içərisində Azərbaycan çalışır ki, ölkə daxili siyasi səhnədə Avropanın güclü tərəfdarları olmasın; Qərbin tərəfdarları olmasın, bu prosesi özü bildiyi sürətlə, özü bildiyi qədər aparsın. Çünki cəmiyyətdə alternativlər olanda, Avropanın onları mənimsəmək və onlarla işləmək və bu prosesi sürətləndirmək imkanları çox olacaq. Hakimiyyət bu imkanları məhdudlaşdırır ki, bu şəkildə prosesi aparsın. Bu, açıq-aydın görünür.

- Hakimiyyət müxalifəti də tutacaqmı? Və öz içindəki qərbyönümlüləri necə, tutacaqmı?

- Yox. Düşünmürəm ki, hakimiyyət içərisində düşüncə etibarı ilə qərbyönümlü olanlar belə hakimiyyəti parçalamaq dərəcəsinə qədər yüksək mövqeyə və məqama malikdirlər. 

- Leyla Yunusmu parçalayacaqdı hakimiyyəti? 

- Leyla Yunus hakimiyyəti parçalamır. Leyla Yunus tək deyil... Mən fərdiləşdirmək istəmirəm. Bu adamların çoxu Avropa ilə hakimiyyətdəkilər qədər dəyərləri müzakirə edəcək adamlardırlar. Onlar Qərb üçün avtoritetlərdir. Bu adamları sıradan çıxarırlar. Partiyalara gəldikdə isə, partiyaların özü bir siyasi institut olduğuna, onlara birbaşa dəstəyin qanunlarla qadağan edildiyinə görə  onsuz da kontrolda saxlanılır və iqtidar da anlayır ki, siyasi partiyaların böyük maddi dəstək alması mümkün deyil. Bu səbəbdən də siyasi partiyaların üzərindən sükutla keçir.

- Yəni QHT-lər Avropadan, Qərbdən böyük pul alırdılar ki? Böyük məbləğ idi? 

- Mən məbləği bilmirəm. Elə yeri gəlmişkən də, onu deyim ki, müdafiənin özündə də ən böyük qüsur elə budur. Rəsmi elan olunan ittihamları təhlil və tövsif etmək əvəzinə, siyasi bəyanat verir hamı. Məsələn, konkret olaraq, bir hüquq müdafiəçisi qanunsuz sahibkarlıq, vergidən yayınma, səlahiyyət həddini aşma və sair maddələrlə ittiham olunur. İlk növbədə onu müdafiə edənlərin, peşəkar müdafiə edənlərin vəzifəsi nə olmalıdır? Bu ittihamlar qarşısında müdafiənin şəffaflığını təmin etməlidir, bu qədər qrant alınıb, bu qədər dövlətə vergi verilib, vergi qanunvericiliyi pozulmayıb, sahibkarlıq haqqında qanun pozulmayıb, ilk növbədə bunlar ortaya qoyulmalıdır. Sonra dəstək kampaniyası keçirilməlidir. Biz sonradan siyasi bəyanat verə bilərik.