Bu peyk bizə nə verəcək? – İzah

bu-peyk-bize-ne-verecek-izah
Oxunma sayı: 767

Bildiyimiz kimi, dünən Azərbaycan üçün mühüm hadisələrdən biri baş verdi. 7 fevral 2013-cü il ilk milli peykimiz - Azerspace-1-in orbitə buraxılması kimi tarixə düşdü.

Çoxları bu xəbəri televiziyadan, radiodan, yazılı KİV-dən izləsələr də, ölkə üçün yeni hadisə olduğundan peykin hansı məqsədlə hazırlanmasından, göyün yeddinci qatında nə edəcəyindən və ən əsası bizə nə verəcəyindən bir o qədər məlumatlı olmadılar. Bəs görəsən, ölkəmizin bu qədər sərmayə xərcləyərək Azerspace-1-i yaratmaqda məqsədi nə olub?
“Qafqazinfo” bu suallarla bağlı kiçik araşdırma aparıb. İlk öncə xatırlatma edək ki, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan orbitə buraxılan Azərbaycanın ilk rabitə peyki – Azərspace-1 Amerikanın "Orbital Sciences Corporation" şirkəti tərəfindən inşa olunub. Peyk Malayziya hökumətinə məxsus, Malayziyanın “Measat Satellite Systems” şirkəti tərəfindən istifadə olunan və “Azərkosmos” ASC-yə icarəyə verilən 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək və Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionuna yayım xidməti göstərəcək. Yer səthinə nəzərən peyk Somali yaxınlığında Hind okeanı üzərində olacaq.

Azərbaycanın ilk peyk proqramının ümumi dəyəri təxminən 250 milyon dollar təşkil edir. Cəkisi 3275 kq, tam açılmış halda ölçüləri 23.6m x 8.9m x 5.6m-dir. Azerspace-1-in istismar müddəti 20 ildir.

Telekommunikasiya peyki olan Azerspace-1 səs, verilənlər, internet, TV və radio yayım xidmətləri göstərəcək. Peyki Azərkosmos ASC idarə edəcək. Əsas idarə mərkəzi Bakının Qaradağ rayonu Güzdək kəndində yerləşdirilir. İkinci idarə mərkəzi Naxçıvanda yerləşdirilir.
Qeyd edək ki, Azərbaycan Respublikası süni peykə sahib 11-ci dövlətdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov “Qafqazinfo”ya açıqlamasında deyib ki, 2013-cü il Azərbaycanda İKT ili kimi elan olunub və İKT ilində ilk milli peykimizin orbitə buraxılması əlamətdar hadisədir: “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə çıxarılması ilk növbədə informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda ölkədə yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi və nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan işlər arasında öz xüsusi və strateji əhəmiyyəti ilə seçilir. Peykin idarəsi və istismar edilməsi “Azərkosmos” ASC-də çalışan Azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçiriləcək. Müxtəlif yerli və xarici ali məktəblərdə təhsil almış bu mütəxəssislər mütəmadi olaraq xarici ixtisasartırma kurslarında və müxtəlif təlimlərdə iştirak edir, texniki hazırlıq səviyyələrini artırmaq üçün daim iş aparırlar”.

M. Əmirov Azərspace-1-dən gözlənilən nəticələr barədə də danışıb və xüsusi vurğulayıb ki, Azərbaycanda peyk rabitəsi xidmətlərinin daha geniş və keyfiyyətli təşkili məqsədilə ölkəyə məxsus geostasionar peyklərin orbitə çıxarılmasının ölkə iqtisadiyyatına böyük töhfəsi olacaq: ““Azerspace-1” peyki orbitə buraxıldıqdan sonra Naxçıvan MR-in ərazisi də daxil olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radio yayımı, o cümlədən sürətli IP xidmətlərin göstərilməsi təmin olunacaq, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək, məsafədən təhsil və elektron səhiyyə kimi digər proqramlar üçün platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkənin zədələndiyi hallarda rabitə problemlərinin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu olacaq, habelə rabitənin təhlükəsizliyi təmin ediləcək. İnformasiya kommunikasiya texnologiyalarının ölkə iqtisadiyyatında neftdən sonra ikinci prioritet sahə elan olunduğu, bu sahənin iqtisadiyyatda xüsusi çəkisinin yüksələn xətlə inkişaf etdiyi və bu mənada peyk rabitəsinin xüsusi əhəmiyyət kəsb etdiyi nəzərə alınmaqla, yaxın illərdə həyata keçirilməsi nəzərdə tutulan peyk layihələrinin yalnız siyasi və ya kommersiya səciyyə daşımadığını, ölkənin uzunmüddətli inkişaf strategiyasına yönəldiyini əminliklə demək olar”.

“Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də bu fikirdədir ki, Azərspace -1-in ölkə üçün müsbət məqamları var: “Kosmik resursların bölüşdürülməsində iştirak etmək bizim ölkəmiz üçün xeyli önəmlidir. Məhdud sayda olan kosmik ölkələr ailəsinə daxil oluruq və ölkəmizin imici çox əhəmiyyətli faktordur. Təxminən 10 ölkənin peykin orbitə çıxarılması infrastrukturu və təxminən 40-50 ölkənin də özəl peyki var. Ölkədə, xüsusilə də İKT sektorunda innovasiyaların inkişafına, texniki tərəqqiyə təkan verəcəyini düşünmək olar. Telekommunikasiya və İnternet infrastrukturun dayanıqlı və təhlükəsizliyi baxımından da faydalı hesab oluna bilər. Yeni iş yerləri, yeni mütəxəssislərin hazırlanması və bütövlükdə gələcək üçün yeni infrastrukturun formalaşması baxımından da xeyli faydalıdır”.


O. Gündüz peykin risk və problemlərinə də toxunub və əlavə edib ki, telekommunikasiya yönümlü peyklər üçün gəlirli biznes qurmaq indiki dövrdə olduqca problemlidir: “Digər kosmik dövlətlər və şirkətlər tərəfindən peyk bazarı çoxdan zəbt olunub. Hələlik bizim peykin resurslarının icarəyə verilməsi ilə bağlı hər hansı konkret müqavilə haqqında məlumat yoxdur. Ciddi rəqabət olan bu bazarda niyyətlər hələ müqavilə demək deyil. Cəmi 20 il ömrü olan peykin gəlir əldə etməsi üçün RİTN tərəfindən sərfəli müştərilərin axtarılması istiqamətində görüləcək işlər hələ qabaqdadır.

Azərspace-1 – in 36 Transponderi olacaq. 1 Transponderdən 6 rəqəmsal TV kanal yayımlana bilər. Bazarda 1 transponderin illik icarəsi təxminən 1 mln. dollardır. 230 milyon manat xərc çəkilən peykin illər üzrə necə gəlir əldə edəcəyi haqqında hələlik konseptual bir şey ortada yoxdur. İnternetlə bağlı isə, peykin cəmi bir neçə G/bit sürət verə biləcəyini nəzərə alsaq ( hazırda ölkədə təxminən 60 Gb/bit istifadə olunur) ölkədə İnternetin inkişafına ciddi təsir edəcəyini düşünmək üçün də əsas yoxdur. Amma alternativ olaraq, az həcmdə İnternet trafiki olaraq fors-major situasiyalarda faydalı olması şübhəsizdir. Güman ki, hökumət də məhz bu sadalanan risklərdən ehtiyatlanaraq bu Layihənin büdcədən maliyyələşdirilməsinə ehtiyat edib. İnfrastrukturun və kadrların hazırlanmasına büdcədən dəstək verilməsi isə çox vacibdir”.

Baş nazirin müavini Yaqub Eyyubov da çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycanın ilk peykini buraxması təkcə informasiya texnologiyaları sektorunun inkişafına deyil, ümumilikdə iqtisadiyyata öz töhfəsini verəcək.

Məlumat üçün deyək ki, 2015 ildə Azərbaycanın ikinci peyki buraxılacaq. Peykin əsas məqsədi yer altı axtarış, hava durumu izləyişi, ekoloji durum və digər işlər olacaq.

Nigar Məmmədli