Bu şərəfli səfərdən vaz keçməyin – Deputata cavab

bu-serefli-seferden-vaz-kecmeyin-deputata-cavab
Oxunma sayı: 671

Əvvəla, cəmiyyətin ciddi narahatçılığına səbəb olmuş olaya reaksiyanıza görə, Sizə minnətdaram.

İkincisi, bir daha xatırladıram ki, 2012-ci ildə Azərbaycanda 77, son 10 ildə isə 467 evdən Ceyhunun anasının dünən eşitdiyiniz fəryadı ərşə bülənd olub. Amma nə Siz, nə də digər səlahiyyət sahibləri bu fəryadı eşitməyib.

Üçüncüsü, statistikaya görə, Azərbaycanın müdafiə xərcləri 135 milyon olan il müdafiə sektorumuzun qeyri-döyüş itkiləri 35 nəfər olub. Hərbi büdcəmizin 20 dəfədən çox artması şəraitində itkilərimiz azalmaq əvəzinə 2 dəfədən çox artırsa, deməli, idarəetmədə problem var.

Dördüncüsü, bu gün Azərbaycanın müharibə şəraitində yaşadığı ancaq cəbhə xəttində hiss olunur. Və bu yükü hamımızın əvəzində ön xəttə olanlar daşıyır.

Beşincisi, Azərbaycanın cəbhə xəttində xidmət edən əsgəri və zabiti dünyanın ən ləyaqətli və dözümlü hərbçisidir. Bütün çətinliklərə baxmayaraq, vətənin keşiyini çəkən oğullar həm də Azərbaycanın ən layiqli övladlarıdır.

Altıncısı, Sizin təklifinizi qəbul edirəm. Buyurun, Müdafiə Nazirliyindən icazə alın, cəbhə xəttini ziyarət edək və bu şərəfi birlikdə yaşayaq. Mən təmas xəttində xidmət edənlərin ziyarətində olmağın nə qədər müqəddəs və şərəfli olduğunu yaxşı bilirəm. Bir istiqamətdə yox, Kürdən Araza qədər uzanan təmas xəttində xidmət edən Azərbaycan hərbçisini ziyarət etmək şərəfini gəlin birlikdə yaşayaq. İnanıram ki, bu səfərimiz həm Sizə, həm mənə, həm də cəbhə xəttində xidmət edən hərbçilərimizə faydalı olacaq. Rica edirəm, bu şərəfi yaşamaqdan vaz keçməyin.

Və sonda Sizdən bir xahişim var. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına bir sorğu göndərin. Məzmunu da belə olsun: Son 5 ildə Azərbaycan Ali Hərbi məktəblərinə qəbul planı birinci mərhələdə neçə faiz olub və ikinci mərhələdə keçid balı neçəyə endirilib. Əgər göstərilən rəqəmləri əldə edə bilsəniz, bu mövzuda söhbətimizi davam etdirə bilərik.

Hələlik bu qədər.

İndi isə ön xətdəki vəziyyəti gözümüzlə görmək üçün etdiyiniz təklifi reallaşdıracağınızı gözləyirəm.