Bütün cəsədlər ailələrinə verildi

butun-cesedler-ailelerine-verildi
Oxunma sayı: 1192

Martın 2-də Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın zamanı həlak olan şəxslərin hamısının meyitləri ailə üzvlərinə təhvil verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinin rəhbəri Tahir Əhmədov məlumat verib.

Onun sözlərinə görə, meyitlərin ailə üzvlərinə təhvil verilməsi prosesi analizlərdən sonra həyata keçirilib: "Tanınmaz halda olan meyitlərdən DNK analizləri götürüldü, kimlikləri təstiqlənəndən sonra ailələrinə təhvil verildi".

Xatırladaq ki, martın 2-də səhər saatlarında Respublika Narkoloji Mərkəzdə baş verən yanğın nəticəsində 25 nəfər yanaraq ölüb, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən Bakı şəhər sakini Məhəmməd Məmmədov saxlanılıb və barəsində həbs-qəti imkan tədbiri seçilib.