“Yalnız boşboqazlar özünü dahi hesab edə bilər”- Müsahibə

yalniz-bosboqazlar-ozunu-dahi-hesab-ede-biler-musahibe-
Oxunma sayı: 876


- Zümrüd xanım, indi adını xatırlamıram, amma hardasa yazınızda qeyd etmişdiniz ki, bir az sakit olmaq lazımdır. Hamının özünü dahi sayması ilə bağlı idi səhv etmirəmsə fikriniz…

- Elədir və elə mən indi də o fikirdəyəm ki, bir az sakit olmaq lazımdır.



- Yəni siz özünüzü dahi hesab etmirsiniz? Axı bizdə bir romanı, iki kitabı çıxan əsil dahi, dünyanı qurtaracaq adam kimi danışır.

- Yalnız boşboqazlar özünü dahi hesab edə bilər.



- Yaxşı, bəs indi nə üzərində işləyirsiniz?

-Əslində yeni roman, “Diriləri basdırın”adlı əsəri nəşrə hazırlayıram. Redaktə olunur, yəqin ay sonuna, ya da yeni ilə çıxar. İndi “Qadın olmaq” əsərini müəllif olaraq son dəfə oxuyuram, düşüncəmdəsə yeni bir roman var.



- Maraqlıdır, nədən bəhs edir, yenə siyasi roman olacaq?

- Yox. Siyasi deyil yazacağım roman. Hələ ilk və son cümləsi və adı bəllidir. Əsas olan da budur zatən…


- Necə yazırsınız, yəni yazı texnikanız necədir, deyirsiniz ki, ilk və son çümlə hazırdır, sonra?

- Əsəri yazmağa oturmadan öncə ilk və son çümləsini tapa bildimmi, demək ki, nəsə alınacaq, mən yazmağa başlayacağam.. Ad bəzən dəyişir, amma ilk və son cümlə dəyişmir. Əsas olan ilk və sondur. Bəzən ideya olur, amma başlanğıcı və sonu tapa bilmədiyiumdən itib-batır. Amma bəzən ideya olmur, amma bir cümlə hər şeyi ardından gətirir… Ümumiyyətlə, roman yazmaq adamı sanki duyğularını boşaldır, daha düzgün ifadə etsək hər əsərdən sonra süstləşmə olur. Mən romanlardan sonra həmişə esselər yazıram, niyə, bilmirəm, amma həmişə belə olur…


- Ədəbiyyatda son hadisə, Rafiq Tağının qətlindən sonra müəyyən çaxnaşma oldu, bu haqda nə düşünürsünüz?

- Həmin gün mən xəstəxanaya hazırlaşırdım, İlqar Rəsulla danışdım, saat 5-dən sonra ziyarətin mümkünlüyünü dedi. Mən də elə çıxırdım ki, açıq olan kompyuteri söndürmək üçün yaxınlaşdım və bu bəd xəbəri öyrəndim. İnana bilmədim, sonra dostlara zəng vurdum, düz olduğunu dedilər.
Əslində, Rafiq Tağının ölümündən sonra çaxnaşmaların olması təbiidir. Ümumiyyətlə, ölkədə elə bir əb-hava var ki, indi bir anın içində insanlar qəzəb püskürməyə hazırdır və bunda da haqlıdırlar. Rafiq Tağının ölümü, daha doğrusu qətl edilməsi də insanlarda qəzəb doğurdu. Başqa necə ola bilərdi ki, bir ölkənin yazarı öldürülübsə, məncə, daha artıq reaksiya olmalı idi, gənclərin, tələbələrin reaksiyası əslində daha sərt şəkildə ortaya çıxmalı idi. Düzdür,bu qətlin ardından dünyagörüşlərin toqquşmasında xoş olmayan mənzərələr də ortaya çıxdı. Əslində, Rafiq Tağı ölümü ilə də cəmiyyətə mesaj verdi ki, biz hələ də müxtəlif fikirlərin bir arada ola bilməsi və yaşaması mədəniyyətinə sahib deyilik. Əgər hansı çahilsə, din adına Rafiq Tağını öldürmək haqqını özünə veribsə, ateist də qəzəblə inanclının inandığını təhqir etmək haqqını verib özünə… Bu da sonda insani münasibətlərdəki naqisliklərin təsəvvür olunduğundan daha dərin olduğunu deməyə əsas verir.


- Zümrüd xanım, bax, siz dediniz ki, müxtəlif fikirlərin bir arada ola bilməsi, buna necə nail olmaq olar?

- Biz nəinki müxtəlif fikirlərin, heç eyni düşüncəyə sahib insanların bir arada olmasına bəzən nail ola bilmirik. Əslində ədəbiyyatımız, siyasətimiz, bir çox sahələrimiz bundan əziyyət çəkir, ya da daha sərt desək şikəst olublar. Bizdə birgə fəaliyyət mədəniyyəti azdır, hamı bildiyi, hiss etdiklərini gerçək sayır. Amma bu hər zaman düz olmur. Həyat bu deyil. Bəzən elə olur ki, fakt həqiqətdən böyük olur ki, mahiyyət və gercək o faktın böyüklüyü qarşısında əzilir və fakt özü-özlüyübdə həqiqətə çevrilir. Bizdə də həqiqətlər deyil, böyük faktlar daha çox göz önündə olduğundan insanlar çaşğın və nəyə inanacaqlarını bilmədiyindən durğun vəziyyətdədirlər. Ədəbiyyatda da belədir. Bəzən birinin səsi bərk çıxdığına görə olduğundan, yəni gercəyindən daha böyük olur və onu gerçəyi deyil, qışqırması ədəbiyyata sırıyıb “həqiqətə” çevirir. Müxtəlif fikirlərin bir arada olmasına gəlincə, bunun üçün yeni model kəşf etmək lazım deyil, Qərb bunun ən yaxşı yolunu tapıb. “Səninki səndə, mənimki məndə”. Məhəmməd Peyğəmbərin bir sözü var. Sənin inandığın sənə, mənim inandığım mənə…

-
Deyirsiniz, yəni bu “qışqırmalar” nəticəsində əsil istedadlar ədədbiyatda önə çıxa bilmir?

- Tək ədəbiyyat da deyil, toplum olaraq biz xaosdayıq, kimin nəyə, kimə inandığını müəyyən etmək indi az qala müşkülə düşüb. Dəyər və keyfiyyətlərsə sanki bu ölkənin yerləşdiyi torpaqlardan harasa sürgün edilib. Bir ölkə ya qanunlarla, ya da dəyərlər, adətlərlə idarə olunmalıdır. Əks halda xaos yaranır.. Biz qanunların işləməsinə nail ola bilmirik, dəyərlərinsə hamısını rədd edirik. Özü də bunu hər iki halda zor tətbiq edərək insanların əlindən alırıq. Həyatımızdan atacağımız şeylərin yerini tutacaqlar olmalıdır ki, boşluq yaranmasın. Biz atırıq, yerinəsə heç nə qoymuruq, nəticədə o boşluqların yerini naqisliklər doldurur.


- İndi ədəbiyyata, cəmiyyətə yenilik gətirmək istəyənlər var.

- Gənclik, yeni düşüncə elə yenilik demədir , əgər yenilik gətirmirsə onda niyə yazır, fəaliyyət göstərir?!. Zatən insan elədir ki, eyni olanı qəbullanmır, hətta ən gözəl idarəçini belə illərlə idarə edən görməkdən yorulur və yeni düşüncə, qüvvəyə üstünlük verir. Amma “yenilikçiyəm” deyiib hər şeyi dağıtmaq yox, yenilərini əvvəl yaradıb sonra köhnələri çıxarmaq lazımdır. Zor işlətmək olmaz, söymək, təhqirlə deyil. Bu ölkəyə gətiriləcən ən böyük yenilik bilirisniz nə olar, qanunların işlək hala gəlməsini təmin etmək… Məncə bizim indi mübarizəmiz hansısa köhnəlikdən çox, qanunların işləməməsinə yönəlməlidir. Cəmiyyət normal idarə olunduqdan sonra zatən insanlar özləri seçəcəklər, onlar adətlərlə yaşamaq istəyirlər, yoxsa qanunlarla. Əminəm ki, insanlar qanuları seçəcəklər, çünki inkişaf etmiş ölkələrdə məhz bu baş verib. Başqa nümunə yoxdur. Biz Şərqin geridə qalmasından danışırq. Səbəb elə burdadır, qanunların işləməməsində... Yenilik insaların həyatına və zehninə daxil ola bilmir. Ona görə də üsyan ilk olaraq dövlətin qanunlarının işləməsinə əngəl olanlara qarşı olmalıdır.


- Siz yazarlar birliyinin üzvüsünüz, orda axrıncı dəfə nə zaman olmusunuz?

- Xatırlamıram. Düzünü desəm, məndən kimsə bu qurum haqqında soruşanda, ancaq oranın üzvü olduğumu xatırlayıram. AYB artıq ədəbiyyat birliyi deyil, bəlkə də Prezident Aparatının hansısa şöbəsi kimidir. İndi qurultaya hazırlaşırlar, nə baş verəcək, boynu bükük insanlar əlləri qoynunda gedəcək, danışıb prezidentin təbrik məktubuna əl çalacaq, sonra da beşillik planı kimi məruzə dinləyib dağılacaq. İnsan təsəvvür belə edəndə ürəyi sıxılır. Ədəbiyyat qurumla, təşkilatla olmur axı, Nə Anar, nə də Elcin, nə də digərlərinin indi özünü yazar kimi hiss etdiyinə inanmıram, yazarlıq iş deyil, əzabdır və bu əzabı rahat kürsünün arxasında yaşamaq olmur. Hələ hər tini, küçəsi əzab və ədalətsizliklərlə dolu olan ölkədə heç olmur.


-Amma siz konkret olaraq kimsəyə də qarışmırsınız!?

-Nə baxımdan, yəni hansısa təşkilatda deyiləm? Elədir. Bu məgər yazmaq üçün lazımdır? Mən belə rahatam. AYB-də gənclər belə keçən əsrin 70- ci illərinin havası ilə danışır. Ya da bir gənc, cavan yazarın hansısa yaşlı yazara salam verəndə irişdiyini görmək xoş mənzərə deyi. Amma bu mənzərələr hər yerdə var.


- Bəs AYO?

- AYO etirazdan yarandı, amma indi özü-özünü təkzib edir məncə… Əgər mən tənqid etdiyimdən birinə çevrilirəmsə demək ki, bitmişəm.


-Yəni AYO da bitib?

-Bu suala niyə mən cavab verməliyəm? AYO özü bilir ki, bitib- bitməyib. Mən yalnız hiss edib müşahidə etdiklərimi demək istəyirəm ki, AYO AYB-yə çevrilməmək üçün tədbirlər görsə yaxşıdır. Yazar kimsənin yanında olmaz, yazarın yanında oxucu olmalıdır, bu qədər sadə və aydın…


- Siz həm də köşə yazarısınız. Bu sizə mane olmur ki…Bəziləri deyir ki, bu yaradıçılığa mane olur.

-Yox. Mən hələ tələbə ikən, 2-ci kursdan jurnalist işləmişəm, bu mənə hətta yardım edib və bəlkə elə jurnalist işləməyim, müçahidə imkanlarımın çox olması nəticəsində ilk bədii kitabım 1993-cü ildə nəşr olunub.


- İndi imkanınız olsaydı, özünüzlə bağlı bir şansınız olsaydı nə edərdiniz?

- Bakıdan gedərdim…
Amma bu yaxınlarda bir rayonda oldum, orda da sıxıldım. Bir sözlə, hər yan sıxıcı və darıxdırıcıdır. Hər halda, mən son vaxtlar belə hiss edirəm. Yəqin ki, yorulmuşam. Nə etməliyəm, dediyiniz şans yoxdursa, daha qalıcı və davamlı işlərlə məşğul olmaq lazımdır. Yazmaq ən gözəli… İndi ədəbiyyat adına baş verənlərin içində olmaq istəmirəm. çünki ədiyyatdakı proseslər ədəbi proseslikdən çıxıb, başqa bir şey olub və mən orda özümü görmürəm. Yaxında Bjezinskinin “Böyük şahmat taxtası” kitabını vərəqləyirdm, nəzərimi cəkən bir abzas oldu və oxumağa başladım. Müəllif yazır ki, Avropa mədəniyyətini gedoizm-həzz üzərində köklənmə çöküşə aparır. Mənəvi sorunlara yol açır. Dünyanın ən ciddi araşdırmaçıları, sosioloqları bunun nə demək olduğunu anlayır.Bizdə nə baş verir? Bu gün ədəbiyyat hər şeyin həzzə tabe olması uğrunda sanki mübarizə aparır. Kütlə mədəniyyəti elitar mədəniyyət kimi topluma sırınmağa çalışılır.


- Məncə maraqlı söhbət oldu.

-Məncə də…