Yeni amnistiya aktı hazırlanır

yeni-amnistiya-akti-hazirlanir
Oxunma sayı: 690

Prezident Administrasiyasında Amnistiya Aktının layihəsi hazırlanır. Layihənin mart ayının birinci dekadasında parlamentin müzakirəsinə veriləcəyi gözlənilir. Amnistiyanın budəfəki əhatə dairəsinin çox geniş olacağı və 10 mindən çox məhbusa şamil ediləcəyi gözlənilir. Bu barədə “Yeni Müsavat”a hakimiyyətə yaxın mənbələrdən məlumat daxil olub.

Mənbə bildirir ki, hazırda Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsi və Ədliyyə Nazirliyinin ekspertləri qanun layihəsinə daxil ediləcək Cinayət Məcəlləsinin maddələrini müəyyənləşdirirlər. Gələn ayın sonunda layihə üzərində işlərin başa çatacağı gözlənilir. Layihə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın qanunvericilik təşəbbüsü ilə parlamentə təqdim ediləcək.
Mənbə bildirir ki, vicdan məhbuslarının ittiham edildiyi maddələrin də amnistiyaya düşəcəyi məsələsi hələlik açıq qalıb. Hələ bu məsələ ilə bağlı siyasi hakimiyyət mövqeyini ortaya qoymayıb. Layihəni hazırlayan işçi qrupuna yalnız layihənin konseptual əsaslarını və amnistiyanın əhatə dairəsinə daxil edilə biləcək mümkün maddələrin siyahısını hazırlamaq və hansı maddə üzrə nə qədər məhbusun cəza çəkdiyini araşdırmaq tapşırılıb. Vicdan məhbuslarının ittiham edildiyi maddələrin Amnistiya Aktına daxil edilib edilməməsi gələn ayın ortalarında bəlli olacaq.
Layihə Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun birbaşa rəhbərliyi ilə hazırlanır və Novruz Bayramı ərəfəsində qüvvəyə minəcəyi gözlənilir.
Yada salaq ki, ötən ilin oktyabrında - Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə amnistiya aktının qəbul ediləcəyi ilə bağlı böyük gözləntilər olsa da, bu reallaşmadı.
1995-2003-cü illərdə 7 amnistiya aktı qəbul edilib. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib, bunlardan 21325 nəfəri cəzasının çəkilməmiş hissəsindən azad olunub.
2007 və 2009-cu illərdə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə iki dəfə amnistiya aktı qəbul edilib və 20 minə yaxın məhkuma şamil edilib.

musavat.com