Canımıza qənim kəsilən ucuz Çin ayaqqabıları - Araşdırma

canimiza-qenim-kesilen-ucuz-cin-ayaqqabilari-arasdirma
Oxunma sayı: 4056

Bazarımız Çin məhsullarının əlində qalıb. İstənilən məişət əşyasının, yüngül sənaye, geyim, ayaqqabı satışında çin məhsulu çoxluq təşkil edir. Bununsa tək bir səbəbi var. Bu məhsulların Azərbaycana idxalı çox ucuz başa gəlir. Amma bu ucuzluğun sonunda bizim sağlamlığımız təhlükədə qalır. Bu məsələyə barmaqarası baxanlar da var. Belələri zərəri həmin anda gözləyirlər. Ekspertlər deyir ki, bu zərər indi də olmasa 10-15 il ərzində aşkara çıxacaqdır. Konkret ayaqqabı bazarına gəlincə, mütəxəsislər ucuz ayaqqabıların sağalmaz dəri xəstəliklərinin( göbələk xəstəliyinin formaları kimi)meydana gəlməsinə yol açdığını, səhhətimizə təhlükəli olduğunu deyirlər.

“Qafqazinfo” ucuz ayaqqabı bazarını araşdırıb.

Çin məhsulunun bazardakı liderliyi

Bu gün metro keçidlərində, bazarlarda 3-5 manata ayaqqabı satılır. Özü də, bu məhsullar ilk baxışda görünüşü ilə yeni dəbli bahalı ayaqqabılardan geri qalmır. Yalnız bir neçə həftəyə dözən bu ayaqqabıların keyfiyyəti barədə xoş söz demək olmaz. Yalnız bizim ölkəmiz bu ucuz məhsullar üçün yaxşı müştəri hesab olunur.

Çinə tez-tez gedən Ceyhun deyir ki, Azərbaycan Qafqaz ölkələri arasında ən çox ucuz ayaqqabı alan ölkədir. “ Çinin kənar bölgələrində istehsal olunan bu məhsullar heç vaxt Avropa bazarına çıxa bilməz. Çünki Avropa öz canının qədrini bilir. Orada nəzarət güclüdür. Bizdə isə ayrı-ayrı nüfuzlu şəxslər bu məhsulları tonlarla alıb ölkəyə gətirirlər. Əslində bu ayaqqabılar qəpik-qruşa başa gəlir. Ölkəyə gətirib satdıranlar məsuliyyət daşıyırlar. Satıcıları günahlandırmaq olmaz. Onlar çörəkpulu qazanmaq üçün hər məhsulun üzərinə 1-1,50 manat pul qoyurlar. Yaxşı da satılır. Çünki camaat ucuz malı alanda onun keyfiyyətindən çox görünüşünə aldanırlar. Bir məsələ də var, çin ayaqqabıçıları da çox bicləşiblər. Onlar məhsulların içinə çox vaxt latın əlifbası ilə güya türkiyənin, italiyanın məhsulu olduğunu yazırlar. Bu proses burada da aparılır. Ona görə də bəzən alıcılar əsil məhsulu ayırd edə bilmirlər.”

Yeri gəlmişkən xatırladım ki, iki il əvvəl azərbaycanlı iş admı Qurban Yusifov adlı şəxs Pekində özünün ayaqqabı fabrikini işə salıb. Çində istehsal olunan və azərbaycanlının bu fabrikinin məhsulları əsasən Avropa bazarına, Rusiyaya satılır. Bu da o deməkdir ki, bizimkilər ancaq özgələrini yarıdır.

Dermatoloq Xalidə xanım deyir ki, ölkəyə çin məhsulu olan geyim və ayaqqabıların ən ucuzu gətirilir. “Bu məhsullar isə insanın dərisi ilə təmasda olduğunda sürtünmə nəticəsində kimyəvi maddələrin təsirindən müxtəlif növ xəstəliklər meydana gəlir. Arada keyfiyyətsiz ayaqqabının qurbanı olan pasiyentlərimiz olur. Həssas dərili insanlar daha çox əziyyət çəkir. İndi artıq yay fəslinə doğru gedirik. Bu fəsildə ayaqqabılar daha vacib geyim olmalıdır. Çünki onları corabsız ayaqda daşımalıyıq, hardasa bütün gün gəzintidə oluruq. Ayaqqabılarımız rahat olmalı, ayağımız tərləməməlidir. Ucuz ayaqqabı geyinən zaman dəridə ucuz məhsulun törətdiyi müxtəlif dəri xəstəliyi meydana gələ bilər, ya ucuz material səsbəbindən pis qoxu yaranır. Qaşıntı, qızartı, sulu yara ardınca da bu daha ağır formaya keçər. Hər bir ayaqqabı dərinin nəfəs almasına imkan verməlidir. Bakteriyaları ayağa toplayıb saxlamamalıdır. Bunun üçün mümkünsə bir qədər dəri olmasa belə materialı zərərsiz olan məhsul alınmalıdır.

Xüsusən, valideynlər uşaqlarına Çinin istehsalı olan zərərli, plastik, rezin materialdan hazırlanmış ayaqqabı almaqdan qaçmalıdırlar. Uşaqların ayaqqabıları ortopedik(ayağın alt hissəsinə dəstək verən) olmalıdır, onların inkişafda etməkdə olan pəncə quruluşu zərər görməsin deyə.”

Ucuz Çin ayaqqabıları xərçəng yarada bilərmi?

Keyfiyyətsiz, insan sağlamlığına təhlükə törədən məhsulların tərkibinə emal prosesində müxtəlif kimyəvi maddələr qatılır. Eləcə də ayaqqabıların istehsalında bu iş həyata keçirilir. Misal üçün fitolat, xlor vinilin adlı kimyəvi qarışıqlar. Fitolat ayaqqabının elastikliyini, yumşaqlığını(əyilməsini) təmin edən maddədir ki, bu maddə Beynəlxalq Xərçəng araşdırma Xidməti tərəfindən qadağan olunmuşdur. Xidmətin əlində bu maddənin konserogen maddə olması barədə dəlillər var. Təkcə Çin yox, eləcə də Hindistan, İndoneziya, Tayland, Vyetnam kimi ölkələrdə də ayaqqabı (idman üslublu) istehsalında bu maddə geniş şəkildə istifadə olunur. Bu nəticəyə isə ötən il Türkiyədə Ayaqqabı Tədarükçüləri Dərnəyinin israrı ilə adı çəkilən Asiya ölkələrinin məhsullarının laborator müayinələrindən sonra varılmışdır.

Rusiyanın şimal vilayətlərində isə bir neçə çin ayaqqabı sexlərinin aşkarlanması və araşdırmalar bunu sübuta yetirib. Məlum olub ki, zərərli çin ayaqqabılarında istifadə olunan sintetik materiallardakı kimyəvi maddələr normadan 10 dəfələrlə çoxdur.

Təqsirkar satıcıdır ya alıcı? Dövlət nəzarəti nə yerdədir?

Standartlaşıdrma, Metroligiya və patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı da keyfiyyətsiz çin məhsullarının problem olduğunu vurğulayır. “Belə məhsullar, o cümlədən ayaqqabılar camaatın gür olduğu yerlərdə, metro keçidlərində daha çox satılır. Bu ucuz və insan sağlamlığına zərərli olan məhsulların yığışdırılmasıyla bağlı komitə dəfələrlə tədbirlər görüb. Amma təəssüf ki, bu işi başa çatdırmaq üçün digər dövlət orqanlarının da səy göstərməsi mütləqdir.” Bəs, metro rəhbərliyi ilə birğə məsələnin həlli mümkün deyilmi? Mətbuat katibinin fikrincə, metropoliten yalnız satış işinə nəzarət edir, bunun üçün icazə verir. “ Məhsulun keyfiyyət məsələsi onlarlıq deyil. Bütün hallarda vətəndaş özü seçimini etməlidir. Bu barədə məlumatlı olmalı, keyfiyyətsiz məhsulu almaq əvəzinə bir qədər bahalı, ən azı uzunmüddət geyə biləcəyi ayaqqabı almalıdır. Keyfiyyətsiz çin ayaqqabıları ilə mübarizədə istehlakçılar da bizə yardım etməlidirlər. Alıcılar bu mənada passivdirlər, amma təhlükəli, standartlara cavab verməyən məhsullar barədə istənilən vaxt Ko mitəyə müraciət edə bilərlər. Ən çox problem dəri məsələsində olur. Sahibkar təmiz dəri adı altında məhsullarını satır, bu zaman alıcı aldanır və aldadılır. Özünə əmin şəxs gətirdiyi və satdığı məhsulun sertifikatını almaq üçün Komitəyə onun nümunəsini verə bilər. Əlbəttə ki, əgər öz məhsuluna bələddirsə. Bir də vətəndaşlar təmiz dəri altında aldığı ayaqqabının mütləq sertifikatını tələb etmək haqqına malikdirlər.”

Yeri gəlmişkən, yerli ayaqqabı sexləri pərakəndə olsa da fəaliyyət göstərir. Söhbət, bir neçə şəxsin kiçik çevrəyə xidmət etməsindən gedir, bu adlı sanlı pinəçilərdir. Amma Sovet vaxtında olan ayaqqabı fabriklərinin nəzdnində də yeniləri fəaliyyət göstərir. Onlar arasında “BOT” adlı ayaqqabı fabriki var. Bu keçmiş 4 saylı ayaqqabı fabrikinin əsasında yaranıb. Fabrik ilə əlaqə qurmaq mümkün olmasa da, onun rəsmi saytından məlum olur ki orada bütün növ gündəlik, klassik, idman, hərbi üslubda ayaqqabılar istehsal olunur. Amma satış mağazalarından xəbər yoxdur. Başqa sözlə, bazarda yerli mal adlı məhsul gözə dəymir.

İqtisadi İnkişaf Nazirliyinin söhbət gedən məsələylə bağlı münasibəti isə belədir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin sözlərinə görə, ayaqqabının doğru seçilməsi məsələsiylə bağlı qurumun Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi Komitəsi öz tövsiyələrini verib. “Komitəyə keyfiyyətsiz məhsullarla bağlı müraciətlər olunur. Yaxında ayaqqabı məsələsiylə bağlı bir şikayət daxil olub. Bu da alınan məhsulun geri qaytarılması isə bağlı. Əsasnamə və qanun çərçivəsində alıcının hüquqları müdafiə olunub. Digər məsələ isə şəhərdə ayaqqabı mağazasında edilən yalançı reklamla əlaqədardır. Komitə nümayəndələri apardığı reyd zamanı mağazaların birində çöl hissədə “5-7-10 manat” qiymətlərində ayaqqabı satışı olduğu yazılsa da , içəri daxil olanda bunun yalan olduğu aşkarlayıb, mağaza sahibinə antiinhisar qanunvericiliyini pozması səbəbiylə iş açılıb. İstənilən məhsulun keyfiyyət göstəricini onun sertifikatı ifadə edir. Əgər alıcılar satış zamanı ayaqqabı və ya təhlükəli məhsulla əlaqədar hər hansı problemlə qarşılaşarsa, komitənin (012) 4981501, 4981504 saylı telefonlarına zəng edə bilərlər. Yerli istehsala əsaslanan ayaqqabılara gəlincə, belə fabriklər mövcuddur. Onlar çox reklam olunmasa da beynəlxalq sərgilərdə nümayiş olunurlar. Bu ayaqqabılar keyfiyyətinə görə xarici məhsuldan heç də geri qalmır. Sözsüz, bu sahədə yerli istehsalı daha da gücləndirmək lazımdır. Bunun üçün Nazirlik sahibkarların təkliflərini dinləməyə hazırdır. Bu aralar nazirlik ölkənin, eləcə də paytaxtın ənənəvi inkişaf edən və potensiallı sektor və sahələrini araşdırır. Bu işdə Sahibkarlığa Yardım Fondu da xeyli işlər görüb. Yüngül sənaye, o cümlədən texstil və ayaqqabı istehsalı üçün şəraitin yaradılması üçün iş adamları özləri maraqlı olmalıdırlar.”

Alınan ayaqqabı dəyişdirilə bilər

Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi Komitəsinin ayaqqabı alıcılarına tövsiyyələri bunlardır.
Ayaqqabının keyfiyyəti onun altlıq, üzlük, içlik materialı və istehsal texnologiyasından asılıdır. Gön-dəridən hazırlanmışı daha zərərsizdir. Dəri yüksək keçiriciliyə malik olur, sintetik materilalarda isə məsamələr olmadığından ayaqda tər, nəmlikdən pis qoxu yaranır, sürtünmə zamanı dəri xəstəliyi, hiperhidroz kimi göbələk xəstəliyi yarana bilər. Ayaqqabı elastik, yüngül altlıqlı olmalı, qatlayarkən iki tərəfin də səthi əzilməməlidir. Bu keyfiyyətdən xəbər verir. İçlik hissəsində tərlik olmalıdır. Hətta süni dəridən hazırlananın da içliyi təbii materialdan tikilməlidir. Ayağınızın həcmi gün boyu böyüyür deyə, almaq işini günün ikinci yarısı etsəz, daha yaxşı olar. Satıcı yox özünüz əmin olun ki, hər iki tay ayağınıza rahatdır. Dəqiq ölçü seçilməlidir.

Havaburaxmayan, ayağın anatomik quruluşuna uyğun olmayan ayaqqabılar zərərlidir. Uşaq ayaqqabıları isə daha yüngül, daban hissəsi rahat, elastik olmalıdır. Tərlik hissəsində qırış, tikiş xətası olması yoxlanmalıdır. Əsas isə, “İstehlakçıların hüquqları haqqınada” Az. Res-kasının Qanunun 15-ci maddəsinə görə istehlakçı aldığı malı 14 gün ərzində dəyişə bilər. Söhbət istifadə olunmayan, kassa qəbzi, yarlığı olan məhsuldan gedir.

Və söhbət 3-5-10 manatlıq məhsuldan yox, mağazadan alınmış, bahalı mallardan gedir. Hər halda bu barədə məlumat əldə etmək gərəyiniz olar.

Pinəçilər də ucuz ayaqqabılardan şikayət edirlər

Ayaqqabı təmiri ilə məşğul olan şəxslər də onlara gətirilən məhsullardan narazıdırlar.
30 ildir pinəçiliklə məşğul olan Azad dayı deyir ki, ən çox qadınlar aldıqları uçuz ayaqqabını təmirə gətirirlər. “Deyirəm ki, 5 manat aldığın ayaqqabını təmirə gətirincə birdəfəlik bahalısını al da. Dikdaban ayaqqabılar gətirirlər ki, dabanı qırılıb, birləşdir. Ya kişi ayaqqabıları var ki, onu tikmək üçün əziyyət çəkirəm. Yaxşı material olmur, ayaqqabını əlimə götürəndə onun süni dərisindən çox pis qoxu gəlir, təmir də alınmayanda müştərilər narazı qalırlar. Heyf deyil, 20-30 il qabağın ayaqqabıları. Təmiri də asan idi, təmirdən çıxmış ayaqqabı uzun müddət sahibinə dözürdü, çünki keyfiyyətli idi. İndiki ayaqqabıları dəri adı ilə alırlar, sonra alıcısına sübut edə bilmirəm ki, bu dermantindir.”
Bu arada bildiyimə görə, elə Çin akkupunktura sənətinə görə, insanın ayaqaltında müxtəlif nöqtələr var. Yəni həmin vacib nöqtələr insanın müxtəlif orqanlarının “açarıdır”. Başqa sözlə, elə buna görə də o nöqtələrin “rahatlığı” üçün ayağımızın, pəncəmizin qeydinə qalmalıyıq. Ayaqqabımız Çindən olsa belə, onun keyfiyyətli, rahat, səhhətimizə zərərsiz olmasını bilməliyik. Çin dünya bazarında az nüfuza malik deyil. Neyləyək ki, bizə ən küncdə-bucaqda qalmış ucuz məhsulları gətib sırıyırlar.


Raminə Eyvazqızı