Cehizini satan qızlar

cehizini-satan-qizlar
Oxunma sayı: 3047

Raminə Eyvazqızı

Hər şey səmimiyyətsizlikdən başladı. Səmimi olmamaq artıq yalançılıqdı, onun-bunun gözünə yalan üfürməkdir. İndi hamı yalan danışmağa köklənib, pulu olan da, pulsuzu da.

Bir vaxtlar məhəllə baqqalları adamla salam-sağol, hal-əhval tutardı. Nisyə dəftərinin vərəqləri çevrilməkdən əskiyə dönsə də, “butka” sahibi səbirlə gözləyərdi. Borc dəftərində cızma-qara azalsa, borclar silinməsə də səmimiyyətini pozmazdı. Amma indi o kəs də qonum-qonşu ilə mehribançılığı yığışdırmalı oldu, artıq salam almağa da ehtiyat edir. Normal zamanlarda borcunu ödəməyənlərə “vəziyyət pisdi” bəhanəsini verməmək üçün. Qınamalı deyil də.

İndı marketə gedən ürəkdən “5-10” dəqiqəyə gəlirəm də deyə bilmir. Çünki market riyaziyyat fənnini vaxtiylə yaxşı oxumuşların yeridi, artmış qiymətlər arasında itib-batan, vurub-çıxma əməllərini bacarmayanlar evə əsla 5-10 dəqiqəyə qayıda bilməzlər. Məhsullar qarşısında donmuş insanların götür-qoyu adamı dilxor etməyə bilmir. Marketə uşaqsız girənlərin sayı xeyli artıb. Uşaqla bazarlıq etmək valideyn üçün ağır sınağa çevrilib. Bir vaxtlar bivec olan valideynlərin çoxu indi övladının istədiyini almamaq üçün “ziyandı”, “zir-zibildi” bəhanəsi ilə sağlamlıq “qayğısı çəkirlər”.

***

Sosial şəbəkədə gənc bir qızın elanına rast gəldim. Şəkil paylaşan qız təzə qab-qaçağını “nə verərsiz verin” qiyməti ilə satışa çıxarmışdı. Evinın kirayəsi bahalaşıb deyə. Düzü, son zamanlar boşanmış, heç 6 ay, 1 ilin gəlini ola bilməyənlərin çehizini dəyər-dəyməzinə satması adi hala çevrilib. Ağrılıdı, təəssüfləndiricidir. Amma cehizini satışa çıxaran qızda vəziyyət başqa cürdü. Məsələ tək kirayə pulunu ödəmək deyildi. Kiçik söhbətdən bu qızın heç vaxt ailə qurmayacağına əmin oldum. Görünür, xəyallarına, arzularına nəhəng pəl vuran hansısa haramzada ucbatından öz qazancı ilə aldığı cehizini bazara çıxarıb. Toy çaldırmamış “boşanıb”. İndi artıq qızların çoxu ailə qurmaq qorxularına birdəfəlik son qoymaq qərarına gəliblər, boşanma epidemiyası içində başqa nə edə bilərlər ki?

Yəqin ki, çoxunuz “Xoşbəxtlik qayğıları”(1976) adlı yerli bədii filmi xatırlayar. Beş bacısını oxudan qardaş İbrahimin və anasının psixoloji sarsıntıları bu gün də çox ailədə var. İndi ailəsi və bacıları üçün əziyyətlə pul qazanan qardaş barmaqla sayılsa belə. Filmdə dəfələrlə cehiz məsələsindən söhbət açılır, cehizə nadanlıq kimi baxan bacılarla el qınağından qorxan ananın hissləri aktuallığını itirmir. Fərq ondadır ki, indi xoşbəxtlik qayğılarının formatı dəyişib. “Xoşbəxt” və “qayğı” kəlmələri çoxdan “boşanıb”. Filmdəki cehiz üçün qızlarının xeyir işini gecikdirən analar bu gün olmasa da, ağır kredit altına girib bahalı çehiz alan analar var. Ən ağrılısı da odur ki, qızı boşanan, amma cehiz krediti bitməyən baxtsız valideynlər də çoxdur. Ən pisi isə cehiz üstündə boşananlar lap coxdur. Bu bahalaşmada belə cehiz xoşbəxtliyini insan xoşbəxtliyindən üstün tutanlara yazıqlar olsun!