Deputatlar bu imtiyazlardan imtina etməlidir - Yeni tələb

deputatlar-bu-imtiyazlardan-imtina-etmelidir
Oxunma sayı: 2153

"Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” Qanuna yeni 10.3-cü maddə təklif edilir.

“Qafqazinfo” xəbər verir ki, məsələ parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Yeni təklif olunan maddəyə görə, qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və güzəştlər təklif olunduğu hallarda deputat onlardan imtina etməlidir.

Bütün bunlar deputata ondan asılı olmayan səbəbdən verilərsə, o, bu barədə Milli Məclisin İntizam Komissiyasına məlumat verməlidir.

Hazırki qanunvericilikdə isə belə bir maddə yoxdur.

Eyni zamanda, deputatların maraqlarının toqquşması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir. Belə ki, qanunun 11-ci maddəsi (Maraqlar toqquşmasının qarşısının alınması) yeni redaksiyada təklif edilir.

Dəyişikliyə görə, deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli, öz səlahiyyətlərindən maraqları üçün istifadə etməməli, maraqlarının onun deputatlıq fəaliyyətinə təsir göstərməsinə şərait yaratmamalı, həmçinin səlahiyyət müddətində deputatlıq səlahiyyəti müddətindən sonrakı dövrlərdə digər sahədəki fəaliyyətinə dəstək yaratmaq məqsədi ilə hər hansı bir hərəkət (hərəkətsizlik) etməməlidir. Deputat hər hansı maraqlı tərəflə ünsiyyət zamanı şəffaflıq və dürüstlük prinsiplərini rəhbər tutmalıdır.
 
Hazırki qanunvericilik isə aşağıdakı kimidir:

Deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli və qanunsuz olaraq öz səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

Deputat özünün və ya maraqlı şəxslərin mənafelərinin onun vəzifələrini icra etməsinə təsir göstərməsinə yol verməməli və belə təsir üçün şərait yaratmamalıdır.

Deputatın xidməti vəzifələri ilə şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, həmin maraqlar barəsində Milli Məclisin İntizam komissiyasına məlumat verməlidir.

Günel Türksoy