“Diqqət, düşmən dinləyir!”

diqqet-dusmen-dinleyir
Oxunma sayı: 640

Düzdür, çox zaman iş qrafikimiz bu yöndə olan bütün tədbirlərə qatılmağımıza imkan vermir. Bununla belə, həmin toplantılar haqqında media vasitəsilə mütləq xəbər tuturuq.

Dekabrın 26-da da belə toplantılardan birinə dəvət edilmişdik. Azad Qarabağ Uğrunda Alyansın təşkil etdiyi “Qarabağ forumu” adlı tədbirə ölkənin hər siyasi kəsimindən insanlar dəvət edilmişdi. Gələnlər də vardı, gəlməyənlər də. Anlaşılan o idi ki, dəvəti qəbul edib toplantıya qatılanlar daha çox idi. Bu, əlbəttə ki, işin yaxşı tərəfidir.

Forumda müxtəlif çıxışlar oldu. İstər siyasi, istərsə də sadəcə ictimai fəallar və Qarabağ üçün hər birimizdən daha çox və doğrudan da çalışan insanlar çıxış etdilər. Bir sıra siyasi fikirlər də səsləndi bu çıxışlarda. Hətta o yerə qədər ki, hazırkı hakimiyyət dəyişməsə torpaqlarımızı işğaldan qurtarmağın imkansız olduğunu bəyan edənlər oldu.

Bəzi çıxışçılar, elə misal üçün, Siyasi İnnovasiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu çox önəmli bir məqama toxundu: bu gün Ermənistanın ayaqda durmasında ən başlıca rolu islam dövləti olduğunu iddia edən İran oynayır. Deputat Qüdrət Həsənquliyev isə başqa bir maraqlı məqama toxundu: “Azərbaycandakı fəal dini kəsim Qüds üçün küçələrə çıxır, tədbirlər keçirir, nədənsə Xocalı üçün, Qarabağ üçün bu cür tədbirlərə meyl etmir”. Doğrudan da diqqət çəkən məqamdır.

Maraqlı çıxışlardan biri də sənət adamı, ictimai xadim və hər birimizin sevimlisi Flora Kərimovadan gəldi. O, öz çıxışını hüznlü bir ifa ilə başa vurunca zalda hər kəs donub qaldı və sonra sürəkli alqışlar səsləndi.

Bəndənizin çıxışı da bundan sonra oldu və indiyə kimi sakitcə bütün çıxışlara qulaq asanlar elə bil bir himə bəndmiş kimi yerlərindən oldular. Çıxışıma ordudakı bir xəbərdarlıqla başladım: “Diqqət, düşmən dinləyir!” və qeyd etdim ki, bu salonda deyilənlər və Azərbaycan mətbuatında yazılanlar Ermənistanda diqqətlə izlənilir. Təəssüflər olsun ki, ordumuza, ölkəmizə qarşı səslənən hər bir fikir elə bizim öz qəzetlərimizdən alınaraq ermənilər tərəfindən tərcümə edilir və bütün dünyaya yayımlanır. Çünki bu fikirlər bizə deyil, ermənilərə faydalıdır və ona görə də istənilən fikri səsləndirəndə diqqətli olmalıyıq. Onu da qeyd etdim ki, Azərbaycanda insan haqları, korrupsiya məsələləri haqqında hər birimiz bilgiliyik. Ancaq bugünkü forumun mövzusu bu olmamalıdır. Və vurğuladım ki, istər ölkə Prezidenti İlham Əliyev, istərsə də hər hansı yüksək rütbəli məmuru torpaqlarımızı azad etməyə çalışmamaqda ittiham etmək olmaz. Aydındır ki, bunu bacarmaq çətindir, ancaq kimsə məni inandıra bilməz ki, ölkə Prezidenti başda olmaqla onun komandası Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsini istəməsin!

Elə bil ki, biriləri mənə hücum etmək üçün bəhanə gəzirmiş. Adlarını çəkmirəm, ancaq bu adamların nə həngamə qopardığını bir görsəydiniz! Yerlərindən qarğa-quzğun kimi haray-həşir salıb mənim səsimi kəsməyə, çıxışıma əngəl olmağa çalışdılar. Sonradan dostların da dediyi kimi, hədsiz dərəcədə səsimi yüksəltməli oldum. Məcbur idim buna. Çünki illər uzunu millətin başını boş və siyasi iddialarından doğan çıxışlarla qatmağa öyrəşən, bunun üçün də istənilən məsələnin müzakirəsini sadəcə hakimiyyəti tənqidə yönəltməklə xal qazanmağa çalışan bir qrup şəxs (ki, bunlar siyasi lider olduqlarını iddia edirlər) ən adi fərqli fikrə bu qədər dözümsüz yanaşmaqla qaragüruhdan başqa bir kimsə olmadıqlarını təsdiqləmiş oldu.

Mən çıxışımı bitirəndən sonra baş verənlər isə heç də hər kəsin onlar kimi düşünmədiyini göstərdi. Həm tədbirin sonunda, həm də daha sonra mənə yanaşan, zəng edən çox hörmətli şəxsiyyətlər (bəli, məhz şəxsiyyətlər!) onlara baş qoşmamağı məsləhət gördülər. Hətta onlardan olub onların əvəzindən üzr istəyənlər də oldu.

Ən maraqlı hallardan biri də məni ümumiyyətlə tanımayan birisinin yanındadıkalara “kim bilir, bu da hansısa korrupsionerdir yəqin” deməsi olub. Bunu dostlardan biri sonradan mənə bildirdi və həmin adama da mənim kim olduğumu izah etdiyini dedi. Bax, belə.

Biz Qarabağ üçün toplaşmışdıq. Ancaq biriləri yenə də ermənilar üçün qida ola biləcək xeyli fikir səsləndirdilər. İndi ermənilər bu forumda Azərbaycan ordusu, ümumiyyətlə ölkəmiz haqqında səslənən əsassız fikirləri elə bizim siyasilərin dilindən bütün dünyaya bir daha yayacaqlar və beynəlxalq qurumlar da ölkəmizin adını qara siyahılara salmağa davam edəcəklər.

Biz demirik ki, Azərbaycanda, elə lap ordumuzda problem yoxdur. Əlbəttə ki, var və bunlar dilə gətirilməlidir. Ancaq elə bir şəkildə ki, səslənən fikirlər düşmən dəyirmanına su tökməsin. Elə həmin tədbirdəki çıxışım da məhz bu ruhda idi və təəssüflər olsun ki, hər addımda Azərbaycan hakimiyyətini insan haqlarını pozmaqda, fikir plüralizminə dözümsüz yanaşmaqda ittiham edib özünü alternativ güc kimi təqdim edənlər onların mənafeyinə heç bir şəkildə toxunmayan fikirlərimə belə dözüm göstərə bilmədilər. Təbii ki, onların bu davranışı məndən çox özlərinə zərər gətirəcək. Çünki ölkəmizdə hələ də mənim kimi konkret siyasi mövqedən çıxış etməyən, doğru sandığını yazan və dilə gətirən insanlar, hər halda, seçim zamanı belələrinin yanında ola bilməyəcəklər...