Dollar kreditinin ziyanı - Kim ödəməlidir?

dollar-kreditinin-ziyani-
Oxunma sayı: 4219

Nicat Dağlar xüsusi olaraq “Qafqazinfo” üçün:

Xalqların psixologiyası bu və ya digər hadisəyə münasibətin xarakterini müəyyən etdiyi kimi, yəqin ki, milli valyutanın dəyərdən düşməsinə verilən reakisiyaların da formasını təyin edir. Mən bilmirəm, dünyada ikinci bir xalq tapmaq olarmı ki, milli valyutası dəyərdən düşən kimi, supermarketlərə, bazarlara, qəssab köşklərinə axın etsin, piştaxtalardakı ərzaq məhsullarını arabalarla, maşınlarla evə daşısın? Görəsən başqa hansı şəhərlərdə əhali devalvasiya xəbərinə günəbaxan yağını, 72%-lik paltar sabununu yeşik-yeşik alıb evə yığmaqla reaksiya verir? Paralellər aparmaq üçün əlimdə əsas olmadığından bu məsələnin üstündən keçsəm yaxşı olar. Bəlkə də “Yanacağın qiyməti qalxacaq” kimi xəbəri eşidib işini-gücünü ataraq 20 litr benzin üçün yanacaqdoldurma məntəqlərinə yellənən adamların, “Ərzaqın qiyməti qalxacaq” xəbərinə mağazalara hücum etməklə reaksiya verməsində təəccüblü nəsə axtarmağa dəyməz...

***

Keçək devalvasiyanın fəsadlarına. Milli valyutaların dəyərdən düşməsi iqtisadiyyat üçün yaxşı hal hesab olunmur. Düzdür, iqtisadiyyat elmi bunun müsbət tərəflərini də tanıyır. Lakin ümumilikdə bu proses heç bir ölkə üçün arzulanan deyil. Bu hadisə nəticəsində banklardan dollarla götürülmüş kreditlərin həcmində artım yaranır və nəticədə bank müştəriləri aylıq öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkirlər. Müşahidələr göstərir ki, Azərbaycan manatının devalvasiyaya məruz qalması əhalidə yalnız dollarla götürülmüş kreditlərə görə narahatlıq yaradıb. Anlaşılan budur ki, devalvasiya nəticəsində dollarla götürülmüş kreditlərin həcmində avtomatik olaraq yaranmış artım “bağlanarsa”, bu halda əhalimiz xeyli məmnun görünər və devalvasiyanın digər fəsadları barədə düşünmək belə istəməz. Bəs məsələ necə həll olunmalıdır? Banklar 21 dekabr devalvasiyasının da bütün ağırlığını 21 fevral çətinlikləri yaşamış müştərilərin üzərinə qoymalıdır? Ümumiyyətlə, niyə müştəri bu şələni tək çəkməlidir?

***

Banklar iş yerlərindən təqdim olunmuş arayışlarda göstərilən məvacibin həcmi bankdan tələb olunan vəsaitin aylıq ödəniş həcmi ilə uyğunluq təşkil etməyəndə kredit ayırmaqdan imtina edirlər. Aydındır ki, dollarla götürülmüş kreditlərə görə aylıq ödənişlərin həcmi devalvasiyadan sonra artıb və bu dəyişiklik vətəndaşın təqdim etdiyi arayışda göstərilən məvaciblə uyğunluq təşkil etmir. Başqa sözlə, vətəndaşa ona görə kredit ayrılmışdı ki, onun aylıq gəliri aylıq bank ödənişini qarşılamağa imkan verirdi. Devalvasiyadan sonra bu imkan itirildi və burada vətəndaşın (müştərinin) heç bir məsuliyyəti yoxdur. Müştəri işdən çıxarılmayıb, aylıq məvacibində azalma qeydə alınmayıb və onun banka təqdim etdiyi arayışdakı bütün göstəricilər öz hüquqi qüvvəsində qalır. Müştəri gecə yatıb, səhər ayılıb ki, banka olan borcunun üzərinə əlavə borc gəlib. Gedib banka, soruşub ki, bundan sonra necə olacaq? Cavab veriblər ki, bizə dəxli yoxdur, canın çıxsa da qəpiyinə qədər ödəməlisən. İndi burada başqa bir sual yaranır: Məgər müştəridən soruşub manatı dəyərdən salıblar ki, indi o da bütün məsuliyyəti öz üzərinə götürsün? Əlbəttə, bu situasiyada müştəri də haqlı olaraq deyə bilər ki, mənə də dəxli yoxdur. Deməli, işə Mərkəzi Bank qarışmalıdır. Çünki bu məsələnin hörmətli Elman Rüstəmova birbaşa dəxli var... Bu barədə bir qədər sonra.

***

Gəlin razılaşaq ki, yaranmış situasiyadan sui-istifadə etməyə çalışan insanlar da var. Məsələn, devalvasiyadan əvvəl də problemli müştəri siyahısında adı olan, üzərinə düşən öhdəlikləri yerinə yetirmək istəməyən şəxslər də var ki, indi onlar stabil ödəniş qabiliyyətinə malik müştərilərdən də bərk qışqırır, hamıdan cox hay-küy salır və insanları az qala banklara hücum etməyə çağırırlar. Görünən həm də odur ki, siyasi marağı olan tərəflər də vəziyyətdən mümkün qədər yararlanmağa cəhd edirlər. Sadəcə özlərini elə aparırlar ki, guya onlar vətəndaşın vəsait itkisinə görə dərin üzüntü və sarsıntı keçirirlər. Guya yol gəstərirlər: “Heç bir ödəniş etməyin. Onsuz da sizə heç nə edə bilməyəcəklər. Sözü bir yerə qoyun və pul ödəməkdən imtina edin. Banklar məcbur olub borcu siləcəklər...” Xeyir, bank kiminsə borcunu silməyəcək və bunu banklardan heç kəs tələb edə bilməz. Bank müstəqil kommersiya qurumudur və bu situasiyada öz maraqlarının müdafiəsində dayanaraq müştərinin imza atdığı müqaviləyə əsaslanır. Həmin müqavilələrdə də birmənalı şəkildə göstərilir ki, banka olan borc ödəniş günü qüvvədə olan məzənnəyə uyğun şəkildə qaytarılmalıdır. Bu isə o deməkdir ki, bankın “Bizə dəxli yoxdur” cavabı hüquqi cəhətdən tamamilə əsaslıdır. Lakin burada məsələnin mənəvi tərəfi də var ki, banklar bunu nəzərə almalıdırlar. Onsuz da illərdir modern sələmçiliklə məşğuldurlar və yüksək faizlərlə vəsait ayırıb böyük pullar qazanırlar. Yaranmış vəziyyətdə bütün ağırlığı müştərinin belinə yükləmək Allahdan deyil axı. Müştəri 21 fevral devalvasiyası nəticəsində yaranmış əlavə borcunu hələ qaytarmayıb. İkinci devalvasiyanın da şələsi müştəriyə yüklənərsə, o buna tab gətirə bilməz və nəticədə ölkə üzrə problemli kreditlərin həcmi daha da artar. Müştərinin aylıq gəliri, məsələn 400-500 manat arasındadırsa və bank da bu göstəriciyə uyğun kredit ayırıb müvafiq aylıq ödəniş məbləği müəyyənləşdiribsə, müştəri ondan asılı olmayan səbəblərdən yaranmış əlavə aylıq ödənişi necə ödəsin? Hansı pulla? Gedib oğurluqmu etsin?.. Burada nəzərlər yenə hörmətli Elman Rüstəmova yönəlir. Mərkəzi Bank məsələni tənzimləmək imkanına malik qurumdur və gərəkdir ki, belə vəziyyətdə müştərilərin durumunu nəzərə alaraq müvafiq addımlar atsın. Hər halda problemli kreditlərin həcminin “qırmızı xəttə” yaxınlaşması səbəbindən banklar qarşısında, “İş yerindən arayış olmadan kredit ayrılmasın” kimi tələb qoyan da məhz Mərkəzi Bankdır. Əsas məqsəd də o idi ki, vətəndaşın aylıq gəlirinin bank kreditini qaytarmağa yetərli olub-olmadığı müəyyənləşdirilsin və yalnız məvacibə görə kredit ayrılsın. Bundan sonra banklar kredit məsələlərinə daha ciddi yanaşaraq hətta 1000 manatlıq kredit tələbinə görə də vətəndaşın nəsil-kökü ilə əlaqə saxlayıb onun nə qədər qazandığını araşdırmağa başladılar. İndi isə məlum olur ki, həmin o arayışlardakı qeydlər, qohum-əqrabadan alınan informasiyalar devalvasiyanın yaratdığı təsirə cavab vermir. Banklar həmin arayışları artıq cırıb atmalıdırlar. Çünki vətəndaşın özündən asılı olmadan yaranmış borcu sənədlərdəki gəlir göstəriciləri ilə uyğunluq təşkil etmir. Bunu Mərkəzi Bank nəzərə almalı, ziyanın təkcə müştərinin ayağına yazılmasına imkan verməməlidir...

***

İndi deyəcəksiniz ki, bəs ziyanı kim çəksin? Ən yaxşı variant məsuliyytin bölüşdürülməsidir. Elnən gələn toy-bayramdırsa, niyə təkcə müştəri “qol götürüb oynamalıdır?” Yaxşı olar ki, bu “şənliyə” hörmətli Elman müəllim də, bank rəhbərləri də qoşulsun və dollarla götürülmüş kreditlər üzrə devalvasiya səbəbindən yaranmış əlavə borc öhdəliyi 3 tərəf – Mərkəzi Bank, müvəkkil bank və müştəri arasında bölüşdürülsün. Məsələn, 34 faiz Mərkəzi bankın, 33 faiz bankın, 33 fazi də müştərinin...

Nə deyirsiz, bu varianta Allah xeyir versinmi?..