“DOST xonçası” kimlərə verilir?

dost-xoncasi-kimlere-verilir
Oxunma sayı: 2555

Artıq iki həftədən çoxdur davam edən və sosial şəbəkələrdə geniş polpulyarlıq qazanmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başladığı “DOST xonçası” kampaniyasına qoşulanların sayı gündən-günə artır. Təkcə dövlət qurumları yox, özəl strukturlar, millət vəkilləri, tanınmış simalar böyük həvəslə bu aksiyanın davam etdirir.  Artıq 100-dən çox ahıl insana evlərinə bayram xonçası təqdim olunub və proses davam edir. 

Bəs kimlərə “DOST xonçası” verilir?

Nazirliyin şöbə müdiri Fazil Talıbov "Qafqazinfo"ya bildirib ki, bu kampaniya milli bayramımız olan Novruzun bayramlaşmaq kimi nəcib bir adətini özündə ifadə edir.Tənha yaşayan insanlar, xüsusilə ahıl vətəndaşlar var ki, onlar da istəyərlər ki, kimsə onların qapısını açsın, onlarla bayramlaşsın, bir bayram ovqatlı xoş ünsiyyət qurulsun.  “DOST xonçası” da məhz belə insanlara elə onların öz ünvanlarına aparılaraq verilir, bayram sovqatı təqdim edilir, bayram təbrikləri çatdırılır, onlarla səmimi söhbət qurulur.

““DOST xonçası” kampaniyasına başlayanda, bəlkə də bu aksiyanın belə geniş vüsət alacağını gözləmirdik. Amma cəmiyyətimizdə Novruz bayramı ilə bağlı yüksək mənəvi dəyərlərə sıx bağlılıqdan, həm də ahıl insanlara hörmət prinsipindən irəli gəlir ki, hər kəs bu aksiyaya qoşulmaqda çox həvəslidi. Onların arasında həmkarlarımızın çalışdığı KİV-ləri də görməkdən çox məmnun oluruq. Təkcə bayrama qədər yox, elə bayram günlərində də bu aksiyanın davam edəcəyini düşünürük. Çünki çox böyük maraq var. Kampaniyaya qoşulmaq istəyənlər könüllü olaraq buna qoşula bilərlər. Sosial şəbəkədə paylaşanda #dostxonçası haştaqını qeyd etməyi unutmasınlar”. 

Şöbə müdiri qeyd edir ki, hətta elə qurumlar var bir yox, 10-15, bəzən 20 nəfəri “DOST xonçası” ilə sevindirir: “Kim və ya hansı qurum tənha ahıllara “DOST xonçası” təqdim etmək istəyirsə bizə müraciət edir və biz də  onlara harada hansı ünvanda tənha ahıl yaşayırsa həmin məlumatı veririk. Çünki tənha ahıllara sosial xidmət göstərən nazirlik olaraq bizdə bununla bağlı məlumat bazası mövcüddür. Amma “DOST xonçası”nı tənha yaşayan bir əlilliyi olan şəxsə, yaxud həssas qruplardan olan hansısa vətəndaşa da aparanlar olur. Təbii ki, bu da çox nəcib addımdır. Biz bu aksiyamıza qoşulanların hər birinə minnətdarıq!”