Dövlət təşviqindən sui-istifadə etməyək

dovlet-tesviqinden-sui-istifade-etmeyek
Oxunma sayı: 1223

Dünya Sakit

Hökumət daha bir neçə məhsulun ixracına görə sahibkarlara pul verəcək. Bununla bağlı Nazirlər Kabineti özünün 2016-cı ildə qəbul etdiyi “İxrac təşviqi şamil olunacaq qeyri-neft məhsullarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə Siyahısı”nda dəyişiklik edib. Belə ki, quş yumurtası, qabığı təmizlənmiş meşə fındığı, zeytun yağı və onun fraksiyaları, üzüm şərabları istisna olmaqla, digər meyvə çaxırları, o cümlədən nar çaxırı da bu siyahıya daxil edilib.

Qeyd edim ki, burada əsas məqsəd sahibkarları qeyri-neft məhsullarını ixraca təşviq etməkdir. Amma siyahıya yeni əlavə edilən iki məhsul üzrə əlavə təşviqə ehtiyac olduğunu təsəvvür etmək xeyli çətindir. Bunlar quş yumurtası və qabığı təmizlənmiş fındıqdır. 

Qabığı təmizlənmiş fındığın ixracı son illərdə geniş vüsət alıb. Dünya bazarında Azərbaycan fındığı özünə xeyli rahatlıqla yer tapmaqdadır. Xüsusilə Avropa Birliyi ölkələrindən İtaliyaya, Almaniyaya fındıq ixracında ciddi artım var. İxracın artması üçün əsas amil fındığın Birlik normalarına uyğun emal olunmasıdır – tərkibində aflatoksinin miqdarı normativlərdə nəzərdə tutulandan yüksək olmamalıdır. Ötən il yüz tonlarla məhsul bu səbəbdən Avropadan geri qaytarılıb. Amma buna baxmayaraq, ixracın həcmi də sürətlə artmaqdadır  - ixracatçı sahibkarlar Avropa standartlarına uyğun məhsul tədarük etmək vərdişlərinə həvəsləyiyələnirlər, çünki yüksək gəlirli biznesdir.

Rəsmi statistikaya görə, 2016-cı ildə Azərbaycandan xaricə  14 min 812,92 ton qabıqsız meşə fındığı satılıb, 104 milyon 852,14 min dollar əldə olunmuşdusa, 2017-ci ildə 20 min766.42 ton eyni məhsul ixrac olunub, 114 milyon 532.38 min dollar əldə edilib. Bu ilin birinci rübündə isə eyni məhsulun ixracı 4 min 487.83 ton təşkil edib, 23 milyon 715.94 min dollar gəlir əldə olunub. Fındığın yığım mövsümündən sonra ixracın daha da sürətlənəcəyi gözlənilir. Göründüyü kimi, qabıqsız meşə fındığının ixracı gəlirli sahə olduğu üçün onun əlavə təşviq olunmasına ciddi ehtiyac duyulduğunu söyləmək çətindir.

İxracının təşviqə ehtiyacı olmayan digər məhsul quş yumurtasıdır. Xüsusilə nəzərə alsaq ki, ötən il xaricə yumurtanın bir ədədi 8,5 qəpiyə satıldığı halda, daxili bazarda qiymət 12-20 qəpik arasında dəyişib, bu məhsulun ixracının əslində səmərəli olmadığını söyləyə bilərik. 

Onu da qeyd edək ki, yerli yumurta istehsalçılarını stimullaşdırmaq məqsədilə 2016-cı  ilin oktyabrından Azərbaycana yumurta idxalına əlavə rüsum tətbiq olunub. Hər 1000 ədəd toyuq yumurtası üçün 100 dollar təşkil edən bu rüsum sayəsində kənardan idxal minimum səviyyəyə enib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycandan 9 milyon 194.4 min ədəd quş yumurtası ixrac olunub. Bunun əsas hissəsi İraqa baş tutub. Bu alverdən 479.66 min dollar gəlir əldə edilib. Bu ilin birinci rübündə isə 31 milyon 918.32 min ədəd yumurta 1 milyon 853.4 min dollara satılıb. Bunun 28 milyon 794.96 ədədi İrana 1 milyon 664.01 min dollara, 969.12 min ədədi Qətərə 65.95 min dollara satılıb.

Məsələ burasındadır ki, İrana ixrac ona görə sürətlə artıb ki,bu ölkədə xəstəlik üzündən ana toyuq sürüləri kütləvi şəkildə tələf olub. Yeni ana sürüləri yetişdirilənədək İran süfrə yumurtasını xaricdən idxal etmək məcburiyyətindədir. Bu baxımdan, İran bazarı Azərbaycan yumurtası üçün müvəqqəti xarakter daşıyır. Rusiya, Ukrayna və Qazaxıstanda süfrə yumurtasının maya dəyəri bizdən aşağı olduğu üçün o ölkələrə ixrac əlverişli deyil.

Daha yaxşı olardı ki, hökumət yalnız damazlıq yumurtanın ixracına təşviq tətbiq edərdi. Belə  ki, süfrə yumurtasının 1 ədədi 5 sentə satılırsa, damazlıq yumurtada bu qiymət 30 sent təşkil edir. Azərbaycanın bu il 30-40 milyon ədəd damazlıq yumurta ixracı potensialı var. Məhz bu yumurtanın ixracının stimullaşdırılması daha məqsədəuyğun və səmərəli olardı. Süfrə yumurtası isə elə daxildə daha baha satılır, nəinki xaricə (əlbəttə, ixracda qeydə alınan qiymət realdırsa).