Ehsan qazanı

ehsan-qazani
Oxunma sayı: 1658



Azərbaycan gündəmi kimi sürüşkən heç nə yoxdu. Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri kimi ilk açıqlamasını verdi, yas mərasimlərindəki israfçılıqdan danışdı və bununla da bir neçə məsələni birdən gündəmdən çıxardı. Məsələn, hazırda heç bir sayt nə siyasi həbslərdən, nə Ramiz Mehdiyevin keçirdiyi müşavirədən, nə də 3 tonluq heroindən yazır. Elə siyasət də buna deyərlər. 

Yox, qətiyyən bu israfçılıqla mübarizəyə qarşı deyiləm. Əksinə, hakimiyyətin atdığı tək-tük yaxşı addım kimi dəyərləndirirəm. Amma bir şərtlə ki, məqsəd elə israfçılığın qarşısını almaq olsun. 

Hələlik görünən başqa mənzərədir. Fürsətdən yararlananlar cərimə adıyla insanlardan pul qoparır, ehsan qazanlarını əllərindən alıb harasa aparır. Halbuki o qazan mal varlığıdır və heç bir qanun, sərəncam olmadan başqasının malını əlindən almaq zorakılıqdır,  qanunsuzluqdur, cinayət məsuliyyəti daşıyır. 

Öncə Sumqayıtdan xəbər gəldi ki, bəs yas mərasimlərində ehsan qazanlarını götürüb aparıblar uşaq evinə, sonra Şəmkirdə şəxsən özüm məlum olayın şahidi və iştirakçısı oldum. Dünən həmkarım Azər Ayxan isə sosial şəbəkədə yazmışdı ki, kəndlərində (Tovuzda) ehsan verənin yeməyi götürülüb hərbi hissələrə aparılır.O da bir başqa mövzudur ki, büdcəsi Ermənistan dövlətinin büdcəsi ilə müqayisə olunan Azərbaycan ordusu iki qazan ehsanamı möhtacdır? 

Sumqayıtda, Tovuzda və ya başqa yerlərdə nə baş verdiyindən xəbərsizəm. Şəmkirin Dəllər-Cırdaxan kəndində rastlaşdığım mənzərə isə bu idi ki, kəndin bələdiyyə sədri Xəqani Hüseynov süfrəyə xurma qoyulduğu üçün mağarı dağıtmaq və ev sahibini 2 min manat cərimələmək istəyirdi. Bəli, israfçılıqla mübarizə təqdirəlayiq addımdır, ancaq bunu maarifləndirmə ilə edərlər, pulunu almaqla yox. Mənim bələdiyyə sədri ilə münaqişəmin kökündə də bu dururdu. Ondan bu cəriməni hansı qanuna, sərəncama əsasən etmək istədiyini soruşurdum. Hətta ona Mübariz Qurbanlının bu kampaniyanın tövsiyə xarakteri daşıdığını, insanlara zor tətbiq etməyin mümkünsüzlüyünü anlatdım. Əvəzində bələdiyyə sədri dedi ki, o, heç Mübariz Qurbanlını tanımır, ona görə başçının qərarı önəmlidir.

Təbii ki, ev sahibi ilə bələdiyyə sədri arasındakı olay o qədər böyüdü ki, Xəqani Hüseynov icra hakimiyyəti nümayəndələrini yas mərasiminə çağırmalı oldu. Və heç yarım saat keçmədi ki, sonradan adlarını öyrəndiyim İcra Hakimiyyəti nümayəndələri Mamed Əmirov, Sənan Quliyev, Abdulla Sadıqov və Su İdarəsinin rəisi Nəriman Vəliyev məclisə təşrif  buyurdular. Bu dəfə də onlar mərhumun qızını çağırıb hədə-qorxu gəlməyə başladılar. Mənsə baş verənləri görüntüləməklə məşğul idim. Bundan qəzəblənən Xəqani Hüseynov polis çağırdı, məni təxribatçılıqda günahlandırdılar. Halbuki yeganə işim sual vermək olmuşdu. Mən kim idim ki, yas sahibinin işinə qarışaydım? Vəzifəm qanunsuzluğu işıqlandırmaq idi, mən də bunu edirdim. 

Xülasə, yasa gələn Fərrux adlı mayor da anlayırdı ki, məni polis bölməsinə heç bir əsasla apara bilməz. Ona görə də kənd sovetliyinə gedəcəyimizi dedi. Lakin apara bilmədi, öz hüququnu bilən adam niyə kənd sovetliyində sorğulansın ki?
Bəlkə də Mübariz Qurbanlı təkrar açıqlama verib “araşdırma apardıq, heç bir yerdə təzyiq olmayıb, bunlar sensasiya axtaran jurnalistlərin uydurmasıdır” deməsəydi, heç bu mövzuya təkrar qayıtmazdım da. Yalan var, yalan var, bu lap qırmızı yalandır. Yalan onu söyləyənin dilindən utanıb qızarıb, amma Mübariz müəllimin çöhrəsinin rəngi belə dyişməyib. 

Mənə çox maraqlıdır, Mübariz müəllim araşdırma apararkən məlumatı kimdən alıb – yasa gəlməyən işçisindən, yoxsa onu tanımayan bələdiyyə sədrindən? Yeri gəlmişkən, Mübariz Qurbanlı həmin rayonun deputatıdır. Üstəlik onu tanımadığını deyən elə o bələdiyyə sədri də sonradan dedi ki, Mübariz müəllim qardaşının yas mərasimində 5 çadır qurdurub ehsan verdi, indi gəlib bizim işimizə qarışmasın. 

Əslində komitə sədri də yaxşı bilir ki, baş verənləri təsdiqləsə, çox adamın başı ağrıyacaq. İnsanların mal varlığına əl qoyan, olmayan qanunu bəhanə gətirib cərimələr edən adamlar cinayət məsuliyyətinə cəlb ediləcək. Açığı elə təzyiqə məruz qalan Əliyevlər ailəsi də Xəqani Hüseynovu məhkəməyə verməklə Mübariz müəllimə yalan məlumat verənləri ifşa etmək istəyir. 
Onlardan cəld tərpənib bir neçə məlumatı da mən verim ki, cənab komitə sədri əslində uzun illər deputatı olduğu rayonda nələr baş verdiyindən xəbərdar olsun. Məsələn, yəqin Mübariz müəllim bilmir ki, Dəllər-Cırdaxan kəndi su üzünə həsrətdi, qazın şöləsi ilə şam arasında fərq yoxdu, yollar bərbaddı. Kənddə kimdən soruşsan bələdiyyənin funksiyasını belə bilmir. Ona yalnız “torpaq alverçisi” kimi baxırlar. Mübariz müəllim yəqin onu da bilmir ki, mollalar üçün xüsusi qiymət qoyulub – 100 manat. Fərqi yoxdur o molla yasda nağıl danışdı, yoxsa dualar etdi. Sonda mütləq o pulu almalıdır, çünki dediyinə görə, qazandığından icra başçısına haqq verir. 

Hətta məclisi aparan molla qardaşının da mollalıq etdiyini, iki gün əvvəl ehsan verilən məclisi apardığına görə 3 min manat cərimələndiyini söyləyir. Mübariz müəllim bir zəhmət çəkib həmin cərimənin kimin büdcəsinə getdiyini də araşdırsaydı, lap yaxşı olardı. Yox, əgər Bakıdan Şəmkiri görmək çətindirsə, o zaman Allah Şükür Paşazadənin sərəncamında olan “Təzə Pir” məscidindəki mərasim zallarına nəzər yetirsin. O zaman görəcək ki, menyusu 12-18 manat arasında dəyişən məclislərdə nələr verirlər. Bəlkə onda süfrəsinə yalnız xurma və halva qoymaq istədiyi üçün məclisi dağıdılan Şəmkir sakininin dərdini anlayar...