Ərəblərin nə günahı?

ereblerin-ne-gunahi
Oxunma sayı: 1108

Fərid Hüseyn

Son zamanlar sosial şəbəkələrdə ölkəmizə turist kimi gələn ərəblərə qarşı aqressiv statuslar, rəylər baş alıb gedir. Çoxları ərəblərdən gileylənirlər, dünyaya din yaymış xalqı dinsizlikdə, tərbiyəsizlikdə günahlandırırlar. Səbəb isə Nizami küçəsində, “Malakan” bağı adlanan yerdə, yaxud şəhərin digər ünvanlarında yerli “qızların” ərəblərə telefon nömrələrini verməsi, onlarla yaxınlığa şərait yaratmasıdır. Əlbəttə, mənzərə hamıya bəllidir, ürəkqanadandır, heç bir millət istəməz ki, belə hallar yaşansın ölkəsində. Yeniyetmə qızlara “bu işdə pul var” nişangahına çevrilir küçələrimiz. Ancaq acı gerçəklik elə acı gerçəklik olaraq qalır və belə hallara normal baxmır və  bəraət qazandırmıram. Sadəcə ərəblərə qarşı olan qəzəbin səbəbini, birmənalı münasibəti anlamağa çalışıram. 

Qəzəb püskürənlərin birmənalı münasibəti, haqqa yalnız bir səmtdən boylanmaqları qəribə görünür. Çünki unutmamalıyıq ki, o qədər fahişəni, yüngül əxlaqlı qadınların taleyinə baiskar ərəblər deyil. Ərəblər ölkəmizə kütləvi ayaq açana qədər artıq həmin yüngültəbiətli qadınlar “hazır kadrlar”, “üzləri üzlər görmüşlər” idilər. Ən azı Dubay, İstanbul və Tiflislin “his-pası” canlarına hopmuşdu. Onların mənəviyyatında, həyatında heç nəyi ərəblər dəyişməyib, dəyişən odur ki, daha onların “qazancları” uzaq ölkələrdə yox, məşhur küçələrimizdə çıxır. 

İndi isə ər, qardaş yolu, ata gəlişi gözləməyən həmin qadınlar intizarla ərəblərin yolunu gözləyirlər. Heç şübhəsiz, onların atası, əri, qardaşı da olub və hətta var da. Bəs düşünmürük ki, onlar niyə baharda iranlıların, yayda, payızda ərəblərin yolunu gözləyirlər? 

Günahı bir az özümüzdə də axtarmalıyıq, biz “gəl məni apar” çağıran baxışlarla ərəbləri yolundan eləyən qızları hansısa formada cəmiyyətə qaytarmaqdansa, ailə, uşaq və qadın hüquqlarına məsul qurumlara, təşkilatlara hayqırmaqdansa, çağırış etməkdənsə hikkəmizi ərəblərə tökürük.

Lap o ərəblər özlərini cilovladılar, yaxud Bakıya gəlmədilər, guya bununla iş düzələcək? Yoxsa həmin qadınlar düz yola qayıdacaq? Axı o yüngültəbiətli qadınlar, ya zəlzələdən, ya vəlvələdən o yola düşmüşlər dünənəcən müəllimə, vəkil, həkim kimi çalışmırdılar. Cəmiyyət onları bu və ya digər dərəcədə itirmişdi. Axı onların çoxunun həyatı  axarında deyildi. Bununla vəziyyətin sabit qalmasının tərəfdarı olduğumu demirəm, sözümün canı odur ki, biz “özümüzünküləri yığışdırmaq” haqqında düşünməliyik. Ərəblər gedəcək, ərəbgörmüşlər qalacaq. Ərəblər heç kəsi heç nəyə məcbur etmir. Əgər halımızdan narahatıqsa özümüz düzəldək, küçələrə töküləndən, küçə adamı olandan sonra küçənin keşiyini çəkmək bihudədir, əbəsdir...