“Ərim “işləsən, barmağını qıraram!” dedi, uzatdım, qırdı” - Fotolar+Video

erim-islesen-barmagini-qiraram-dedi-uzatdim-qirdi
Oxunma sayı: 19450

“Ərim 10 il əvvəl “işləsən əlini qıraram” deyirdi. İndi isə gördüyüm işlərdən hər kəsə fərəhlə danışır. Bu nəticəyə gəlmək mənə elə də asan olmadı. Hər şeyi əzmimə və öyrənmək eşqimə borcluyam”.

Şəfəq xanımın ailəsində vurğuladığı bu dəyişimi biz elə müsahibə üçün etdiyimiz zəngdə də eşidirik:
 
- Salam, sosial şəbəkədə paylaşdığınız uğur hekayəniz marağımızı çəkdi və elə 8 Mart ərəfəsində sizdən müsahibə almaq istərdik. Uyğundur?

- Bəli, uyğundur.

Əslində adi dialoqdan bir parça kimi görünsə də, müsahibə üçün müraciətlərimizdə, xüsusilə də həmin şəxs qadındırsa, nadir halda belə rahat cavab ala bilirik. Çox vaxt dialoqumuz “ərim icazə verməz” cümləsi ilə tamamlanır...

Bunu ona da deyirəm, gülür: 

- Siz mənə zəng edən zaman həyat yoldaşım da yanımda idi. Mən çox rahatlıqla “hə” dedim və sonradan ona izah etdim. Artıq bu problemləri aşa bilmişik.

“Qafqazinfo”nun budəfəki müsahibi 1988-ci il təvəllüdlü Şəfəq Nağıyevadır. Hazırda doktorluq dissertasiyası üzərində işləyir və şəxsi tədris mərkəzi var.

Ancaq o, bu uğura heç də asan nail olmayıb:

“19 yaşımda ali təhsil alan zaman nişanlanmışam, 20 yaşımda isə öz istəyimlə ailə qurmuşam. Hətta valideynlərim bu seçimimlə razı deyildi. 3-cü kursda təhsil alırdım. Özümüz Ağsuda yaşayırdıq, universitetim isə Şamaxıda yerləşirdi. Orada qalmağıma icazə verilmədiyi üçün hər gün Ağsu aşırımlarını keçib Şamaxıya gedib-gəlirdim. Çətin də olsa təhsilimi yarıda qoymadım, hətta imtahan günü ana oldum”. 

- Qayınana, qayınata ilə birlikdə yaşayırdız. Üstəlik də rayon yerində. Yolunuz uzaq olduğu üçün günün böyük hissəsi evdə olmamısız. Belə ifadə edək, təzə gəlin üçün bu proses nə qədər çətin keçdi?

- Bir yandan onları razı salmaq, ev işləri görmək, bir yandan dərslərimi oxumaq, hələ üstəgəl də uşağa baxmaq… Heç asan deyildi. Hətta qayınanam həmişə deyinirdi ki, camaatın gəlinləri şüşə, pəncərə silir, mənim gəlinim bütün günü əlində kitabla gəzir. Ümumiyyətlə, ilk vaxtlar bizim evdə “camaatın gəlinləri” ifadəsi az işlənməyib. İndi bu söhbətləri xatırlayanda deyib-gülürük. Nədənsə hər zaman içimdə bir hiss olub ki, mən uğurlu qadın olacam. 

- Çox vaxt deyirlər ki, uğurlu qadın və ya kişinin arxasında ona arxa duran bir insan olur. Bildiyim qədər siz də uğurlarınızın əksəriyyətini elə həyat yoldaşınıza borclusuz. Amma bir qədər fərqli. 

- Bəli, mən deyərdim ki, əslində hər bir uğurlu qadının arxasında çox böyük bir uğursuzluq var. Həyat yoldaşım nəinki işləməyimi, heç təhsilimi davam etdirməyimi istəmirdi. Televizora baxan biri deyiləm, ancaq bir gün nəsə çarəsiz oturub televizoru açdım. Gözümə aşağıdan gedən titr sataşdı. Yazılmışdı ki, bu gündən etibarən müəllimlərin işə qəbulu imtahanla olacaq. Bu, həyatımı dəyişən məqam oldu. Yoldaşımla danışdım, uzun müzakirələrdən sonra imtahandan keçə bilməyəcəyimə əmin olduğu üçün, çarəsiz razılaşdı. İmtahan verdim və yüksək nəticə ilə Ağsu rayonu Tekilə kənd orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəlliməsi kimi qəbul oldum. 

Mən işə qəbul olduğum zaman 17 il idi ki, həmin məktəbdən tələbə çıxmırdı. Ancaq elə həvəslə getmişdim ki, dərsdən sonra uşaqlara ödənişsiz tarix, ingilis dili fənnini də keçirdim. Və ilk dəfə ordan 590 balla tələbə çıxdı. Həmin ərəfədə ikinci övladımı da dünyaya gətirmişdim. Baxacaq bir insan olmadığından uşağı səbətə qoyub işə aparırdım. Yeməyini verib onu odun sobasının böyründə yatırırdım. 
 
Beləliklə 3 il orada işlədim. Bakıya atamgilə qonaq gəlmişdim. Atam dedi ki, balıq dəryada böyüyər. Bu, mənə stimul oldu və müəllimlərin yerdəyişmə imtahanında iştirak etmək qərarına gəldim. Əslində eləcə özümü sınayırdım, ancaq tam balı toplayaraq rekord nəticə göstərdim. Odur ki, nazirlik tərəfindən Xırdalan rayon 10 saylı orta məktəbə təyinat aldım. 

- Bildiyimiz qədərilə bu dəfə də təyinat üzrə işləməyiniz asan olmayıb. Hekayənizdə əsas diqqətçəkən məqam qayınatanızın bu qədər arxanızda durmasıdır.

- Ümumiyyətlə, qayınatam təhsilə önəm verən biri olduğu üçün mənim hər zaman arxamda durub. Deyirdi ki, biz fəxr etməliyik ki, gəlinimiz belə savadlıdır. Hətta oğluna demişdi ki, məni oxutmaq istəmirsə özü evdən çıxsın. Bayaq dediyim kimi, qayınanamla başda bir qədər çətinliklərimiz olsa da, sonradan mənə çox köməyi dəyib. Rayondan yemək bişirib göndərirdi, uşaqlarıma da özü baxıb.

Müsahibim bu minvalla magistratura və doktoranturaya da gizli imtahan verib və dövlət sifarişi ilə qəbul olub:

“Belə deyim, hər uğurumun arxasında böyük bir dava olub. Heç unutmuram, imtahana gedəndə soyuq qış günü idi. Ayağım sürüşüb palçığa yıxılmışdım, ancaq gizli çıxdığım üçün bir də evə qayıtmadım, gedib imtahanımı verdim. Ərim radioda eşidib ki, həmin gün imtahan olub. Başa düşüb ki, imtahana getmişəm.  Çıxanda zəng vurub soruşdu ki, imtahan necə oldu?

Artıq xaricdə, Azərbaycanda məqalələrim çıxır, Evdə uşaq hazırlaşdırırdım, tələbat çox olduğu üçün kurs açmaq qərarına gəldik və bacımla birlikdə  övladlarımın adının baş hərflərini daşıyan “MM Akademiya” tədris mərkəzini yaratdıq. Hazırda bir neçə filialımız fəaliyyət göstərir və daha 2 filialın açılışı nəzərdə tutulub. Gecə saat 11-ə kimi işdə oluram”.

- Adətən bizə edilən məsləhətlər bu yöndə olur ki, qadın ailədə söz-söhbət yaratmaz. Ancaq siz çox söz-söhbətlə bu pilləyə gəlib çıxmısız. Bəs indi sizin bu uğurunuz ailənizdə xoşbəxtlik yaratdı, ya tam əksinə?

- Vaxt var idi, hə, söz-söhbətlərdən tam təngə gəlmişdim. Qadınlarımız yoldaşının nəyəsə icazə verməməsini böyük fəxrlə deyirlər. Nəyə görə bunu edirlər, anlamıram. Ümumiyyətlə, qadınlarımızın əksəriyyəti itaət altında olmağı sevir. Məsələn, mənim o vaxt heç telefon işlətməyə icazəm yox idi, indi işlə bağlı telefonum susmur. Geyim, harasa gedib-gəlmək problemlərimiz var idi, indi heç biri yoxdur. Yoldaşım gördü ki, mən səhv nəsə etmirəm, tutduğum yol doğrudur və mərhələ-mərhələ qadağalar aradan qalxdı. 

Adicə onu deyim ki, o vaxt yoldaşım mənə demişdi işləsəm əlimi qırar, mən də əlimi uzatdım ki, qırsın. O da barmağımı qırdı. İndi də həmin barmağımın əyrisini düzəltdirmirəm, hər baxanda mənə necə çətinliklərlə bu yerə gəldiyimi xatırladır. Artıq biz o mərhələləri aşıb keçmişik, hazırda çox xoşbəxtəm. Hətta dostları, sinif yoldaşları belə deyir ki, o cür dünyası qara insan necə belə dəyişib. Bu, mənim ən böyük uğurumdur. Gəncliyi ilə bağlayıram. Ümumiyyətlə, Azərbaycan oğlanlarında bu, çox rast gəlinən haldır. 

- Konteksdən bir qədər kənara çıxmış olacaq, amma yəqin ki, mənim kimi çox insanda belə bir sual yaranacaq ki, bu qədər oxumağa, inkişafa meyilli insan necə sadaladığınız xüsusiyyətlərə malik biri ilə ailə həyatı qurub?

- Dediyim kimi, cəmi 19 yaşım var idi. O vaxt ərim mənə demişdi ki, ali təhsillidir. Düşünmüşdüm ki, təhsili varsa, dünyagörüşü də yüksək olar. Ancaq evləndikdən sonra bildim ki, yalan deyib (gülür). Odur ki, mən də hər şeyi özüm etmək qərarına gəldim.

Ümumiyyətlə, insan öz dişi-dırnağı ilə qurduğu işin, elə ailənin də dəyərini daha yaxşı bilir. Qadın kişidən çox güclüdür. Əgər onun içərisində istək varsa, nə olur olsun, o uğura çatacaq. Bunu təkbaşına da edə bilər. Mən kursu açmaq üçün heç kimdən nə maddi, nə də mənəvi dəstək aldım. Gündüzlər kursda müəllimlik, müdirlik etmişəm, axşam hamı gedəndən sonra qapını bağlayıb təmizliklə məşğul olmuşam. Heç kimdən nəsə gözləməyin. 

- Dünya Qadınlar Gününü qeyd etməyə hazırlaşır. Ölkəmizdə bu günlə bağlı verilən hədiyyələr bir qədər bəsit, kommersiya xarakterlidir: ətir, gül, oyuncaq ayı. Ancaq sizin özünüzə etdiyiniz hədiyyə misilsiz görünür.

- Bəli, özümə ən böyük hədiyyəni elə özüm vermişəm. Karyera uğurum sadəcə mənim yox, gələcəkdə övladlarım, cəmiyyət üçün də xeyirlidir.

- Son olaraq, sizcə qadının uğur formulu nədir?

- Əminlik, savad və tabe olmamaq. Biz idarə olunmamalıyıq, öz qərarlarımızı özümüz verməkdə azadıq. 

Günel Hacı

Fotolar-Video: Pərvin Zeynal