Erməni qadın “İlin anası” elan olundu - Video

ermeni-qadin-ilin-anasi-elan-olundu-video
Oxunma sayı: 671

Bir neçə il bundan əvvəl E.Dalmazyan bacısı ilə görüşmək üçün Türkiyəyə gəlir və burada 9 il öncə həyat yoldaşını itirmiş Məhəmməd Əli Şimşəklə tanış olur. M.Ə.Şimşək ona evlənmək təklifi edir və müsbət cavab alır. Evləndikdən sonra Ermina ərinin familyasını götürür və Şimşəyin vəfat etmiş həyat yoldaşından olan 4 uşağa da öz balası kimi baxır. Sonradan isə özünün də 2 uşağı dünyaya gəlir.

Ofi rayon bələdiyyə başçısı Ərən Arslan 6 uşağın nümunəvi tərbiyəsinə görə erməni əsilli Erminanın ailəsinə şəxsən baş çəkərək, ona minnətdarlığını bildirib və onu “ilin anası” elan edib.

Burada maraqlı məqam ondan ibarətdir ki, ancaq yuxarıda deyilənlərlə kifayətlənən erməni mətbuatı videoda Erminanın öz dilindən eşidəcəyiniz bir çox məqamları oxuculardan gizli saxlayır. Məsələn, onun tək soyadının yox, həm də adının dəyişdirilərək Aişə olması, müsəlmanlığı qəbul etməsi, Türkiyə dövlətinə təşəkkür etdiyini, Ermənistanda olsaydı belə bir şəraitdə yaşaya bilməyəcəyini, heç bir yardımın olmayacağını və.s vacib məsələlərin əksəriyyəti haqqında məlumatları videodan öyrənmək olar.

Sonda Aişə (Ermina) erməni xalqına da müraciət edərək soyqırım məsələsinə son qoymalarını kin-küdurəti və savaşı dayandırmalarını qardaş olmalarını istəyib.

Mənim bildiyimə görə, erməni saytlarında məlumat və məqalələrlə bağlı şərhlərə o qədər də yer verilmir, yəni buna elə maraq da yoxdur. Lakin bu məqalə demək olar ki, bütün Ermənistanda əks-sədaya səbəb olub. Şərh yazan ermənilərin fikirləri də maraqlıdır:

Onlardan biri S.Avanesyan yazır: Ermənistanda erməni ermənini öldürür və ya nəfəs almağa belə imkn vermir, buna vətənpərvər kimi baxırsınız. Özünüzə bir sual verin: Əgər Ermənistanda yaşayış səviyyəsi yaxşı olsaydı o qadın yəqin ki, Türkiyəyə getməzdi. Görün ki, o qadın nə qədər yorulub, bezib ki, gedib türklə evlənib.

N.Arabyan yazır: Ən başlıcası odur ki, o qadın xoşbəxtdir.

M.Antonyan yazır: Ermənistanda erməniyə qiymət verməyəndə Türkiyədə qiymət verirlər. Qoy hakimiyyətdəkilər görsün ki, Ermənistanı tərk etmək məcburiyyətində qalanlar heç vaxt geri qayıtmırlar.

Başqa bir erməni yazar: Xarici ölkələrdə sadə ermənilərə necə baxmaları hamıya bəllidir. Seçkilərin də necə keçdiyini gördük, biabırçı müxalifət, biabırçı hakimiyyət. Axırı da belə olmalıydı.

Şərhlərin çoxunda erməni qadına müxtəlif təhqiramiz sözlər deyənlər, onu erməni xalqının üz qarası adlandıranlar da olub.

Beləliklə bütün Ermənistanda sensasiya yaradan bu məqalənin nəticlərini analiz edərkən ermənilərin özlərinin bir kəlamı yada düşür. “Vordeğ hay, endeğ vay” (harada hay, orada vay).

BDU-nun Erməni araşdırmalarının ETL-nin böyük elmi işçisi:
Tanrıverdi İsmayıl
“Qafqazinfo” üçün