“Ermənistan bunların heç birinə məhəl qoymur” - İlham Əliyev

ermenistan-bunlarin-hec-birine-mehel-qoymur
Oxunma sayı: 2908

“İkitərəfli münasibətlərimizin tarixində ilk dəfədir ki, İtaliya prezidenti Azərbaycana rəsmi səfərə gəlib.  Əminəm ki, bu əlamətdar hadisə əlaqələrimizin inkişafında yeni bir səhifə açacaqdır. Bu gün Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq bütün istiqamətlərdə, o cümlədən siyasi sahədə uğurla inkişaf edir. İqtisadi sahədə əməkdaşlığımızı xüsusilə qeyd etmək istərdim. İtaliya Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yerdədir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev İtaliya prezidenti Sercio Mattarellanın şərəfinə keçirilən rəsmi qəbulda bildirib.
 
Dövlət başçısı vurğulayıb ki, 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi və Azərbaycandan İtaliyaya ixracın həcmi artıb: “Uzun illərdir ki, energetika sahəsində əlaqələr mövcuddur. Azərbaycan bu sahədə fəaliyyət göstərən İtaliya şirkətləri ilə sıx əməkdaşlıq edir. Bu ilin may ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı nəticəsində energetika sahəsində Azərbaycan-İtaliya əlaqələri üçün yeni imkanlar açıla bilər. Azərbaycan nefti böyük həcmdə İtaliyaya nəql edilir. İtaliyanın neft idxalında Azərbaycan birinci yerdədir və ölkəmizin İtaliyanın xam neft idxalında payı 15 faiz təşkil edir. Bu gün işə saldığımız polipropilen zavodu sənaye istehsalı sahəsində əməkdaşlığımızın gözəl nümunəsidir. Digər sahələrdə, o cümlədən infrastruktur, inşaat, nəqliyyat, kənd təsərrüfatı sahələrində də ölkələrimiz əməkdaşlıq edir”.
 
İlham Əliyev bildirib ki, mədəniyyət sahəsində əməkdaşlıq uğurla aparılır: “2012-ci ildə Romada dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur. Azərbaycan tərəfinin dəstəyi ilə Roma Forumunun bərpası işləri aparılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən birgə humanitar layihələr mədəniyyət sahəsində əlaqələrimizi daha da möhkəmləndirir. zərbaycan “Milan Ekspo”da 2015-ci ildə fəal iştirak etmiş və orada ayrıca pavilyon inşa etmiş ilk ölkələrdəndir. Bizim pavilyonu 3 milyon 200 min insan ziyarət etmişdir. Sabah Heydər Əliyev Mərkəzinin İtaliyanın Ufisi Qalereyası ilə birgə təşkil etdiyi sərginin açılışı nəzərdə tutulur. Bu sərgidə Azərbaycan xalqının böyük oğlu, sərkərdəsi və şairi Şah İsmayıl Xətainin və Şah Təhmasibin Ufisi Qalereyasında saxlanılan portretləri nümayiş etdiriləcək. Mən bu münasibətlə İtaliya tərəfinə öz minnətdarlığımı bildirmək istəyirəm”.
 
Dövlət başçısı vurğulayıb ki, bu gün Azərbaycan regional əməkdaşlığın və təhlükəsizliyin təmin olunması işində fəal rol oynayır: “Lakin Ermənistanın Azərbaycana qarşı 20 ildən artıqdır ki, davam edən təcavüzü bölgədə sülhün təmin olunması işinə böyük əngəllər törədir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi bu təcavüzün nəticəsində işğal olunmuş, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilmişdir. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib.

Əfsuslar olsun ki, Ermənistan bu günə kimi bunların heç birinə məhəl qoymur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bir neçə gün əvvəl Azərbaycan ilə Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədində ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsinə sadiqlik öz əksini tapıb. Bu yaxınlarda NATO-nun Brüsseldə keçirilmiş zirvə toplantısının yekununda qəbul edilmiş Bəyannamədə müttəfiq dövlətlər Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də münaqişənin bu prinsiplər əsasında həllinə bir daha dəstək ifadə ediblər. Biz ümid edirik ki, ATƏT-in fəaliyyətdə olan sədri İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaq”.