Əxlaqsızlığa görə ödənilən borc

exlaqsizliga-gore-odenilen-borc
Oxunma sayı: 4542

Rövşən Naziroğlu

Ya Yeni ildə bayram aşını qaşıqlayanda çıxar qarşına, ya da Novruzda şəkərburaya dişlərinlə əlavə naxış salanda dəyər gözünə ağzının dadını zəhrimara çevirən kadrlar. Televizorlar bayramdan bayrama üz tutub kamera tuşladığı Qocalar evindən nişan alar ürəyimizi...

Bu bayram da belə oldu.

Gülməyi, gülümsəməyi yadırğamış qocaların üzündəki təbəssüm çox köhnəydi. Süfrələrdəki bəstəboy səmənilər baharın gəlişini ayaqda qarşılayıb baxışları qocalmış ağbirçək və ağsaqqalların ruhuna fırçaya gəlməz yaşıllıqla yazın gəlişini yazmağa cəhd eləmişdi.

Dərdi qocaman bir kişini gətirdilər ekrana. Əlində tutduğu paxlavanı qaytarıb qoydu nimçəsinə. Dişi olmadığından parçalaya bilməyib damağında qıdıqladığı şirniyyatı birtəhər udub əvvəl xalqımızın, sonra uşaqlarının bayramını təbrik elədi. Verilişin rejissoruna qocanın ağlaması lazım idi bəlkə də. Amma yəqin ki, bu günün xatirinə göz yaşlarına qadağa qoymuşdu ağsaqqal.

Sonra bir qadın danışdı. Səsi zərif və şirin idi. Astadan gülürdü. Ailəsi ilə heç bir problemi yox imiş...

Qocalar evinə heç kəsə mane olmasın deyə gəlibmiş...

Bu haqda danışan qadının baxışlarındakı ağırlığa dözməyən operatorun kamera yüklü çiyni bir balaca titrəmişdi.

Müğənnilər oxuyurdu. Keçəllə kosa yüz hoqqa çıxarırdı ortalıqda.

Belə verilişlərə baxmamağa çalışıram.

Aldıqları hər nəfəsə sevinib ürək döyüntülərinin addım-addım onları ölümə yaxınlaşdırdıqlarının fərqində olmayan bu qocaların əhvalına ürəyim yanır. Bir insan niyə Qocalar evinə atılsın ki?

Yadıma iki “atılmış” düşür. 90-cı illərin başında Bakının göbəyində ev kirəliyib Allaha bəndəlik eləməsə də rayondan gələn tələbə qızları doğru yoldan azdırıb “mama Roza”lıq eləməyi özünə man bilməyən bir qadının bir qızı, iki oğlu var idi. Qıza elçi düşən adamlar anasının əməllərindən xəbər tutub biçarə qızın qabağına belə bir şərt qoymuşdular ki, ailə qurmaq istəyirsə anasını “silməlidi” dəftərdən. Qız, gözlərindən axan göz yaşı kimi səssiz-səmirsiz razılaşmışdı bu şərtlə. Oğlanlarından biri anasının hərəkətlərini sindirə bilməyərək baş götürüb getmişdi evdən. Üz tutmuşdu “Rusyet”ə. İki ildən sonra qarın altından meyitini tapmışdılar. Gözünün ağı-qarası olan yeganə oğluna rəfiqələrindən birinin qızını almışdı. Gəlin də ayın tamamında küçəyə atmışdı qayınanasını. Qocalar evini son ümid yeri bəlləmişdi qadın.

İkinci əhvalat budur ki, bir dəyyus özündən iyirmi yaş kiçik yetim və kimsəsiz qızla evlənir. Evliliklərindən az sonra evə başqa qadın gətirir. Halal kəbinli arvadını çarpayının altında yatırdıb yad qadınla yüz hoqqadan çıxır yataqda. İllər keçir. Kimsəsi olmayan yetim qızın uşaqları böyüyüb atalarını atırlar evdən...

Çox müşkül məsələdir ki, etibarı yüz yerindən çat vermiş dünyada günahsız insan tapasan. Amma həyatda elə günah işləməlisən ki, sonunda Qocalar evində heç bir operator sənə kamerasını tuşlamasın...