Eyni mənzilin bir neçə nəfərə satışının qarşısını belə ala bilərik

eyni-menzilin-bir-nece-nefere-satisinin-qarsisini-bele-ala-bilerik
Oxunma sayı: 1830

"Azərbaycanda tikinti şirkətlərinin internet səhifəsinin olması icbari xarakter daşımalıdır".  “Qafqazinfo” xəbər verir ki, bu təkliflə iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkədə çıxış edib.

O bildirib ki, artıq bir  mənzilin bir neçə şəxsə satılmasının qarşısını almaq üçün  Mülki Məcəlləyə dəyişikliklər ediləcək:

“Yeni qaydalara əsasən, “qabaqcadan qeydiyyat” institutu təkmilləşdiriləcək və mənzillərin satışı zamanı daşınmaz əmlakın dövlət reyestri aparılacaq. Mülkiyyətçi ilə mənzil alan arasında müqavilə notariat qaydada bağlannmalıdır.  

Ancaq bundan əlavə MDB ölkələrində olduğu kimi Azərbaycanda tikinti şirkətlərinin internet səhifəsinin olması icbari xarakter daşımalıdır. Öz internet səhifələrində tikinti şirkətləri inşa edilən və ya inşa ediləcək binada satılan mənzillərlə bağlı məlumat yerləşdirməlidir. Bu da imkan verir ki, alıcı hər hansı bir şirkətin inşa etdiyi binada mənzil almaq istəyərkən həmin şirkətin veb-səhifəsinə daxil olmaqla müəyyən edə bilsin ki, hansı mənzillər satılıb, hansılar satılmayıb. Eyni zamanda, tikinti şirkəti öz saytında hər bir müştəriyə xüsusi kabinet açır və o da mütəmadi olaraq ora daxil olaraq ödəniş, tikinti prosesi və digər məlumatları əldə edə bilir. Bu eyni zamanda, şirkətlərin şəffaf işləməsinə imkan yaradır. 
İkincisi, satılan mənzillərin elektron qeydiyyatını aparılması icbari xarakter daşımalıdır. Yəni, məsələn, yeni inşa edilən binada 3-cü blok 10 saylı mənzil satılbsa artıq onun məlumatlarını sistemə yenidən daxil etmək olmur, elektron sistem qəbul etmir və bununla da alıcı həmin mənzil artıq satıldığını bilir.

Üçüncüsü, hətta “kupçası” olmayan mənzillərin də satılması zamanı nağd ödənişlər qadağan edilməlidir. Ödənişlər yalnız banklar vasitəsi ilə həyata keçirilməlidir və həyata keçirilən bank əməliyyatı ilə bağlı isə bütün məlumatlar şirkətin saytında yerləşdirilməlidir. 

Dördüncüsü, qanunvericilikdə dələduzluqla məşğul olan tikinti şirkətlərinə qarşı cərimələrin və cəzanın daha ağırlaşdırılmasına ehtiyac var”.

 Günel Türksoy