“Facebook”un yalançı sifətləri

facebookun-yalanci-sifetleri
Oxunma sayı: 654

Fərid Hüseyn

Facebook çox insanların xarakterini dəyişib. Burda çox adam yazmaq qabiliyyəti qazanıb, üzünü insanlara tutmağı, xitab etməyi öyrənib. Ancaq facebook məhz sadaladıqlarımla da çox adamı aldadıb, onlara əsl kimliklərini unutdurub. 

Hamı öz həyatını vacib hesab edir və düşünür ki, onun yaşamı başqaları üçün də maraqlıdır. Ancaq, həqiqətdə belə deyil. Facebook-un kimlərisə aldatdığının ən bariz nümunəsi hikmət aşiqliyi ilə bağlıdır. Burda çoxları yeri gəldi-gəlmədi hikmətdən dəm vururlar, aforizmlər paylaşırlar. 

Baxırsan ki, daxili-xarici lüt, hansı yuvanın quşu olması gendən bilinən, yüngül, bivec bir adam öz şəklini paylaşır və bir cümlə də Hötedən, Kamyudan, Sokratdan, Mövlanədən fikir. Yaxud biri başqasına acıq vermək üçün belə şeylər edir. Beləcə, heç bir əsərini oxumadıqları, hansısa kitabına gözucu belə baxmadıqları halda müəlliflərin sadəcə bir aforizmini kopyalayıb yayırlar və bununla da intellektual, bilgin, dolu görünməyə çalışırlar. 

Bu aforizm aşiqliyi bəzi dindarlarda da var, adi bir məsələni də min il əvvəlki hadisəylə izah etməyə çalışırlar. Anlamırlar ki, yeri gəldi-gəlmədi həmin hadisələri örnək göstərmək düzgün deyil, çünki zaman dəyişib, daha insanlar o ağılda, həmin əxlaqda deyillər və o vaxtki reallıqla günümüzün gerçəkliyi bir araya sığmır. 

Facebook-da bəzi dindarlar insanları sanki min il əvvəlki kimi yaşamağa, günümüzdəki yeniliklərin şeytaniliyinə inandırmağa, onları zamandan qoparmağa çalışırlar. Ancaq unutmaq olmaz ki, zamana bu cür münasibət hər şeydən əvvəl insanın özünü dünyadan qoparır, çaşqın, başını itirmiş vəziyyətə salır. Zamanın iradəsini, dövranın diktəsini gözardı etmək olmaz. 
Bəzi dindarların aforizm aşiqliyi, bildikləri iki-üç stat onları dar çərçivəyə salır, fikrini buxovlayır. Söhbət zamanı fikri uzada-uzada beyinlərində tutduqları aforizmi dilə gətirməyə çalışırlar.

Aforizmi deyəndən sonra isə sanki rahatlaşır və özlərini müdrik hesab edirlər. Zamanı zamanın qarşısına qoymaq, dünyanın dəyişmədiyini göstərmək bütün hallarda keçərli üsul deyil, o mənada ki, insan həm də mühitin məhsuludur. Belələri anlamırlar ki, facebook statçılığı belə onları günün adamına çevirib, ancaq onlara elə gəlir, hələ də qədim dövrdəki kimi yaşayırlar. 

Ən böyük bəlalar reallıq hissini itirəndə başlayır. Vaxtdan “aşağı mərtəbədə” yaşamaq olmaz... Yaşasan keçmişin nəmindən çürüyəcəksən...