Filial direktoruna görə borca düşüblər...

filial-direktoruna-gore-borca-dusubler
Oxunma sayı: 1220

Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın Şamaxı filialının direktoru, mənimsəmədə təqsirləndirilən Əlisultan Məmmədovun və bankın daha 3 əməkdaşının məhkəmə prosesi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə zərəçəkmişlər ifadə verib.

Sərdar Həsənov deyib ki, qohumu Ə.Məmmədov onu banka çağıraraq kredit götürmək lazım olduğunu deyib: "Mənim adıma kredit götürüldü, sənədlərə qol çəkdim, pulu kassadan götürüb Əlisultana verdim. Əvvəlcə aylığı özü ödəyirdi, sonra bank maaşımdan ayda 400-500 manat tutmağa başladı. Həmin vaxt bildim ki, 10 min manat kredit borcum qalıb. Əlisultan da dedi ödəmirəm. Mənim uşaqlarım acdır, özümü öldürəcəyəm".

Məhəmməd Həsənov isə adına kredit götürüldüyündən xəbərsiz olub: "Qaynım evini girov qoyub kredit götürmək istəyirdi. Onda Əlisultana demişdik, 2-3 ay sonra zəng edib banka çağırdı. Bəzi sənədlərə qol çəkdirdi. Sonra özüm kredit götürmək istəyəndə dedilər adına 15 min manat kredit var. Mən də Əlisultana dedim, anlaşılmazlıq olub dedi və bir arayış verdi, o da saxta çıxdı".

Ə.Məmmədov deyib ki, krediti qohumu Məhəmmədin qaynı üçün götürüb: "Sonra istəmədilər, mən də pulu özümə götürdüm".

Qeyd edək ki, Ə.Məmmədov həbs edilməyib.

Murad Əhməd