Fuad Muradovun Los-Ancelesdə görüşləri davam edir

fuad-muradovun-los-ancelesde-gorusleri-davam-edir
Oxunma sayı: 1098

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a səfər çərçivəsində Kaliforniyada görüşləri davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, nümayəndə heyəti Los-Ancelesdə Lənkəran Monterey Dostluq Assosiasiya­sının icraçı direktoru Nensi Selfric ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikasının Lənkəran və ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərlərinin qardaşlaşmasından söhbət açılıb, Montereydə ölkəmizin daha yaxşı təbliği üçün həyata keçirilən işlər və perspektivlər müzakirə edilib.

Növbəti görüş Türkiyənin Los-Anceles şəhərindəki Baş konsulu Can Oğuzla olub. Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunda keçirilən görüşdə Kaliforniya ştatındakı türk diaspor təşkilatlarının rəhbərləri və fəalları da iştirak edib.

Dövlət Komitəsinin nümayəndə heyəti daha bir görüşü Amerika Yəhudi Komitəsinin Los-Anceles bölməsinin rəhbərləri ilə keçirilib. Görüşdə Yəhudi Komitəsinin dünyanın müxtəlif yerlərində, o cümlədən ABŞ-da diaspor ilə iş metodları, bu sahədəki mövcud çətinliklər, uğurlar və gələcək planlardan söhbət açılıb. Yəhudi diasporunun təcrübəsinin öyrənilməsi imkanları və mexanizmləri müzakirə edilib.

Keçirilən görüşlərdə Azərbaycanın Los-Anceles şəhərindəki Baş konsulu Nəsimi Ağayev də iştirak edib.