Füzuli Ələkbərova haqlı narazılıqlar ünvanlanıb

fuzuli-elekberova-haqli-naraziliqlar-unvanlanib
Oxunma sayı: 637

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, müşavirədə bölgədə ünvanlı dövlət sosial yardımının təyinatı, əlillik təyinatlarının aparılması, əhalinin səmərəli məşğulluğunun təminatı, əlillərin reabilitasiyası, müəssisə, idarə və təşkilatlarda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, əhaliyə xidmətin təşkili sahələrində vəziyyət geniş təhlil olunub.

Tədbir çərçivəsində nazir Fizuli Ələkbərov nazirliyin həmin bölgə üzrə fəaliyyət göstərən strukturlarının, o cümlədən Əhalinin sosial müdafiəsi mərkəzləri və Tibbi-sosial ekspert komissiyalarının fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinə, həmçinin Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, ayrı-ayrı instansiyalara, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizələri ünvanlamış vətəndaşları qəbul edib. Nazirliyin uyğun şöbələrinin mütəxəssisləri tərəfindən vətəndaşların şikayət ərizələri özlərinin iştirakı ilə yerində və obyektiv şəkildə araşdırılıb.
Araşdırmalar nəticəsində əsassız şikayət ərizələri ilə yanaşı, haqlı narazılıqların olduğu da müəyyən edilib. Nazir Fizuli Ələkbərov vətəndaşlarda haqlı narazılıq yaradan hallara yol vermiş qurumların və əməkdaşların fəaliyyətinin ciddi şəkildə araşdırılması və aşkar edilən hər hansı hüquq pozuntusu ilə bağlı qanunauyğun tədbirlər görülməsi üçün nazirliyin aidiyyatı strukturuna tapşırıq verib.

Qeyd edək ki, bu kimi tədbirlər respublikanın digər bölgələrində də davam etdiriləcək.

Nigar Məmmədli