Görməmişliyi təkcə süfrədə etmirik

gormemisliyi-tekce-sufrede-etmirik
Oxunma sayı: 2806

Nərmin Dadaşova

Şəkərburalı-paxlavalı, aşlı-qaralı, toyuqlu-balıqlı, dolmalı-salatlı, ananaslı-bananlı, qozlu-fındıqlı Novruzdan geriyə aldığımız kilolar, artıq heç bir işimizə yaramayan bəzəkli yumurtalar, yağmurlu-günəşli günlər, bir də şair demiş, çirkli ayaqqabılar, dibi yanmış qazança... qaldı. Qalmayan yeganə şey isə pul oldu.

Keçən Novruzda yazmışdım ki, əvvəllər ona görə bayramları yüksək əhval ruhiyyə ilə keçirirdik ki, qadınlar qoz-fındığın qiymətidən xəbərsiz idilər. Atalarımız evə gələndə hərəsindən bir-iki kilo alıb gətirər, zənən xeylaqları da yığışıb bir-birinin evində külli miqdarda şəkərbura-paxlava bişirərdilər. İndi hansı kişini qoz ləpəsi almağa göndərsən, iraq olsun, ordaca bağrı çartlayar.

Qozun qiyməti artdıqca bizim vaxtımız, hövsələmiz də azaldı sanki. “Əşşi, on dənə paxlavadan ötrü dəmə-dəzgaha nə hacət” deyib xonçamızın başını marketdə vitrinlərə düzülmüş o “ruhsuz” şəkərbura-paxlava ilə qatırıq. Hərəsindən beşcə dənə aldınmı, bəs edər. Hər dəfə də uşaq xonça tərəfə gedəndə adamın zəhri yarılır, ürəyində deyirsən “Ya Həzrəti Abbas, paxlavaya dəyməsin, iydə götürsün”. Ki, axşam çəkəcəyimiz fotolarda xonçamız dolu görünsün. Nəm vallah, hərəmiz bir cür bədbəxtik.

Gözümü açandan sizi toylardakı, yas məclislərindəki bolluqdan şikayətlənən görmüşəm. İsrafçılıq, artıq xərclər və s., və ilaxır. Halbuki, həmin israfçılığı hamımız öz evimizdə də, bayramlarda, ad günü məclislərində yüksək səviyyədə edirik. Bir süfrəyə həm plov, həm dolma, həm ət, həm toyuq, həm “stoliçniy” salat qoyuruq. Hərəsindən bir-iki qaşıq yeyən kimi də pəndan oluruq. Sonra başlayır o məzlum günlər. Düz bir həftə qızdır, ye, qızdır, ye, qızdır ye... Yadıma düşəndə tüklərim ürpənir. Əylənməyi, şənlənməyi gözlərimiz çevrilənə qədər yeməkdə görürük. Yeyirik, yeyirik, sonra çımxırırıq uşaqlara ki, sakit durun başım ağrıyır.. Yuxu bir yandan güc gəlir, qoyun əti öz sözünü o yanndan deyir. Ağrıycaq da baş.

Və çox təəssüf ki, bu görməmişliyi, bu acgözülyü biz təkcə süfrələrimizdə etmirik. Bu gün bayram günlərində rayonlara gedənlərin statistikası dəydi gözümə. Nəzərə alsaq ki, şəhərin yarısı mənim kimi əyalət əhlidir, statistikadakı rəqəmin böyüklüyü təəccüblü deyil. Təəccüblü olan bayram olduğu üçün həmişə 5-10 manata getdiyimiz yolu 15-20 manata getməyimizdir. Niyəsə belə xüsusi günlərdə rayonlara gedən taksilər özlərini “Azal” kimi  aparır. Siqaret iyi verən, meyxanalı tələkə maşınlarında bizi az qala təyyarə qiymətinə aparırlar əzizlərimizin yanına. Məsələn, biz buradan Cəlilabada, 182 kilometr yolu 70 AZN-ə gedəsi olduq. Atam, sən axı məni “Yeddi gözələ”, “Şah dağa”, “Göy göl”ə aparmırsan ki, pul gözümə görünməyə. Getdiyim yerə bax, qoyduğun qiymətə bax, insafın olsun da...

Çoxlu  pul qazanmaq istəyi hamımızın içində mövcud olan bir reallıqdır, etiraf edirəm. Ancaq bunun üçün daha çox çalışmalı olduğumuzu da bilməliyik axı. Hər gün eyni qiymətə getdiyin yolu, daha çox adamın ehtiyacı var deyə iki qat qiymətə aparmağın adı nədir, sürücü dost, süranə yoldaş? Hələ bir yol boyu da deyinirlər də, “Poy otooonon hor şoy od qoymotonodo”.

Sən hələ öz boynuna düşəni elə, sonra fındıq satana söz deyərsən...