Gülər Əhmədovaya 600 min verdiyi deyilən Nadir Orucovdan - Açıqlama

guler-ehmedovaya-600-min-verdiyi-deyilen-nadir-orucovdan-aciqlama
Oxunma sayı: 668

Bunu APA-ya açıqlamasında hazırda həbsdə olan sabiq deputatlığa namizəd Nadir Orucovun vəkili Polad Məhərrəmli deyib.

P. Məhərrəmli bu gün Nadir Orucovla görüşdüyünü və bu məsələ ilə bağlı danışdıqlarını deyib: “Nadir Orucov bu xəbərləri təkzib edir. Nadir Orucov deputat seçkiləri zamanı heç kimə pul verməyib. İndiyə kimi də Gülər Əhmədova və Sevinc Babayeva adlı şəxsləri tanımayıb. Çox xahiş edirik, bu cür yalan mətbuatları yaymasınlar. Nadir Orucov xəstədir. Bu cür yalan məlumatlar onun səhhətinə də pis təsir edir ”.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda 2010-cu ildə deputat seçkiləri zamanı Nadir Orucovun deputat seçilmək üçün Gülər Əhmədovaya və Sevinc Babayevaya 600 min manat verməsi barədə məlumatlar yayılıb. Həmin məlumatda Nadir Orucovun seçkilərdə qalib gələ bilmədikdən sonra pulunu geri istədiyini, lakin Sevinc Babayevanın onu hədələdiyi də bildirilib.

Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I seçki dairələrindən deputatlığa namizəd olub.

O, 2011-ci il iyunun 8-də münaqişə zəminində tanışı Rövşən Rüstəmovu güllələyib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.