“Herba-Flora”nın içkiləri saxta çıxdı

herba-floranin-ickileri-saxta-cixdi
Oxunma sayı: 1117

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlamalar zamanı, müəssisədə qazsız suların istehsalı üçün müvafiq texnoloji təlimatın olmadığı və yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu, habelə sərinləşdirci içkilərin etiketlərində enerji və qida dəyərinə, konservant tərkibli olmasına dair məlumatların göstərilmədiyi müəyyən edilib. Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, yoxlama zamanı istehsalat sahəsində saxlama müddəti ötmüş sərinləşdirci içkilər və üzərində məhsulun saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilən etiketlər də aşkar edilib.

Uyğunluq və gigiyenik sertifikatları, eləcə də müavfiq resepturası və texnoloji təlimatı olmadan istehsal edilmiş 10071,5 litr, saxlama müddəti ötmüş 3850 litr sərinləşdirici içki, habelə üzərində məhsulun saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş 73282 ədəd etiket Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.

Qanun pozuntuları ilə əlaqədar "Fitonad" adlı qazsız suyun, düşes, tərxun, limon, qızılgül, üzüm və feyxoa sərinləşdirici içkilərinin istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən "Herba-Flora" firmasına icrası məcburi göstəriş verilib.

Nigar Məmmədli