Hüquq müdafiəçisinin cinayət işi ilə bağlı rəsmi açıqlama

huquq-mudafiecisinin-cinayet-isi-ile-bagli-resmi-aciqlama
Oxunma sayı: 635

Son günlər bəzi kütləvi informasiya vasitələrində Sabirabad rayonunun Əsgərbəyli kənd sakini Əmiraslanov İlham Səraslan oğlunun həbs edildikdən sonra polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində qulaq pərdəsinin deşilməsi və həmin xüsusatın Penitensiar Xidmətin Müalicə müəssisəsinin həkimi tərəfindən təsdiq edilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Həmin informasiya tərəfimizdən qəti şəkildə təkzib olunur və bununla əlaqədar bildiririk ki, İ.Əmiraslanov qanunsuz olaraq odlu silah saxladığına və gəzdirdiyinə görə 2012-ci il iyunun 7-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılmış və həmin tarixdə qeyd edilən idarənin İstintaq şöbəsində barəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.

İyunun 9-da İ.Əmiraslanov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

İstintaq zamanı İ.Əmiraslanovun bütün hüquqları, o cümlədən müdafiə hüququ təmin edilmişdir. O, istintaqa verdiyi ifadələrində, eləcə də məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən törətdiyi cinayəti səmimi etiraf etmiş və peşmançılıq çəkdiyini bildirmişdir.

Lakin, İ.Əmiraslanov Baş Prokurorluğa şikayət ərizəsi ilə müraciət edərək tutularkən işgəncəyə məruz qaldığını və ona qarşı polis əməkdaşları tərəfindən digər qanunsuz hərəkətlərə də yol verildiyini bildirmişdir.

İ.Əmiraslanovun ərizəsi əsasında Baş Prokurorluqda müvafiq araşdırma aparılmış, eyni zamanda Məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən verilmiş rəydə İ.Əmiraslanovun bədən səthində 8 iyun 2012-ci il tarixə və şəraitə uyğun hər hansı bir xəsarət və onun izi aşkar edilməmişdir.

Araşdırma zamanı İ.Əmiraslanovun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilərək həbs edilməsi, tutularkən polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması və ona qarşı digər qanunsuz hərəkətlərə yol verilməsi barədə müraciətində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə 21 iyul 2012-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir.

İ.Əmiraslanov, onun müdafiəçisi və digər şəxslərin çoxsaylı müraciətləri nəzərə alınaraq onun barəsində olan cinayət işi üzrə 26 iyul 2012-ci il tarixdə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən verilmiş 27 iyul 2012-ci il tarixli rəylə müəyyən edilmişdir ki, İ.Əmiraslanovun başında, hər iki qulağın təbil pərdəsində və qulaqətrafı nahiyələrdə, eləcə də bədənin digər sahələrində 8 iyun 2012-ci il tarixə və şəraitə uyğun hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir.

Komisyon məhkəmə-tibbi ekspertizası ilə həmçinin müəyyən edilmişdir ki, Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin həkimi tərəfindən 11 iyul 2012-ci il tarixdə İ.Əmiraslanovda aşkar edilmiş “sol qulaq pərdəsinin nöqtəvari quru perforasiyası (deşilməsi)” xroniki gedişli qeyri-travmatik mənşəli otitdən sonrakı prosesin nəticəsi olmaqla uşaq yaşlarında və 8 iyun 2012-ci il tarixdən əvvəlki dövrlərdə əmələ gəlmiş və qeyri-travmatik mənşəli olduğundan sağlamlığa zərər vurmanın dərəcəsinin təyinində nəzərə alınmır.

Hazırda qeyd edilən cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.