İctimai Palata hakimiyyət qarşısında tələb qoydu

ictimai-palata-hakimiyyet-qarsisinda-teleb-qoydu
Oxunma sayı: 640

İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli “Media forum” saytına açıqlamasında deyib ki, Koordinasiya Şurasının dekabrın 28-də keçirilən iclasında belə qərar qəbul olunub. Sessiyanın gündəliyi tam müəyyənləşməsə də, toplantıda Koordinasiya Şurasına yeni seçkilərin keçiriləcəyi dəqiqləşib.

Əli Kərimli bildirib ki, Koordinasiya Şurası dövlət başçısının dekabrın 26-da imzaladığı əfv sərəncamını siyasi məhbus problemini həll etmədiyi üçün mənfi qiymətləndirib: “Bu sərəncam nə ölkə ictimaiyyətinin ümidlərini doğruldub, nə də beynəlxalq ictimaiyyətin”.

Şuranın iclasında həmçinin “Azadlıq” qəzetinin ad günü tədbirinin dağıdılması, İctimai Palatanın fəalı Mustafa Hacıbəylinin evinə polisin qeyri-rəsmi reyd etməsi, Naxçıvanda Xalq Cəbhəsi Partiyası fəalı Zeynal Bağırzadənin həbs olunmasını pisləyib, bunları siyasi repressiya kimi qiymətləndirib.

Koordinasiya Şurası Fransa parlamentinin “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul etməsini pisləməklə yanaşı Azərbaycan hakimiyyəti qarşısında tələb də qoyub. Əli Kərimlinin bildirdiyinə görə, Koordinasiya Şurası Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının təcili toplanmasını vacib sayıb: “Biz hesab edirik ki, Azərbaycanla Türkiyə hakimiyyətləri Fransaya təsir etmək üçün təcili və ciddi addımlar atılmalıdır. Həmin addımların nədən ibarət olması isə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında müəyyənləşməlidir”.