İnternetdə problem var - “Yox” deyən kimlərdi?

internetde-problem-var
Oxunma sayı: 2376

Son zamanlar Azərbaycanda internet sahəsində və mobil operatorlarda tez-tez problemlər müşahidə olunur. Maraqlısı odur ki, xeyli sayda sosial şəbəkə istifadəçiləri tez-tez internetə çıxışda çətinlik çəkdiklərini bildirsələr də, nə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, nə mobil operatorlar, nə də ölkənin əsas internet provayderlərindən olan Delta Telekom şirkəti hər hansı bir problemin olduğunu deyib.

Sözügedən hadisələrdən sonuncusu  29 sentyabr tarixində yaşanmışdı. Belə ki, saat 15:00 radələrində ölkənin internet təminatında və milli resursların fəaliyyətində fasilə yaransa da, “Delta Telecom" şirkəti gün ərzində internetlə bağlı hər hansı bir problemin müşahidə olunmadığını bildirmişdi.

Analoji hal dünən də mobil operatorlarla bağlı yaşanıb. “Qafqazinfo” bununla bağlı həm “Bakcell”, həm də “Azercell” mobil operatorları ilə əlaqə saxlayıb.

 “Bakcell” şirkətinin Korporativ kommunikasiya bölməsinin rəhbəri Süheyla Cəfərova gün ərzində Bakcell”də hər hansı bir problem qeydə alınmadığını bildirib:

“Hər hansı bir problem olan zaman mütləq bizə bildirilir. Elə bir məlumat almamışıq. Hazırda xəritəyə də baxıram, bu gün ərzində Bakcell mobil operatorunun trafikində hər hansı bir problem müşahidə olunmayıb”.  

Problemlə bağlı abonentlərinin daha çox şikayətləndiyi “Azercell” isə həqiqətən  texniki problem yaşandığını və qısa müddətdə həll olunacağı ilə bağlı məlumat yayıb:

“Hazırda hər şey qaydasındadır. Səsli zəng xidmətlərində bəzi çətinliklər yaranmışdı. Abunəçilərə səsli zəng xidmətlərindən istifadə edərkən 2G şəbəkəsinə keçmələrini xahiş etmişdik. 3G və 4G şəbəkəsində mobil internet xidmətlərində isə hər hansı bir problem yaşanmayıb”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz xeberler. az saytında yazdığı məqalədə bu məsələyə toxunub. Form Prezidenti ölkədə tez-tez internet probleminin yaşanmasına əsas səbəbi nazirliyin İKT sektorundakı uğursuz tənzimləmələrində görür:

“Ölkənin mobil və telekommunikasiya sektoruda, internet sahəsində ciddi problemlər yaşanır. Artıq rabitənin, internetin dayanıqlılığı ilə bağlı yaranan problemlər adi hala çevrilib. Düşünürəm ki, problemin köklü səbəbləri əsasən İKT sektorundakı tənzimləmə ilə bağlıdır. Son dövrlərdə baş verənlər və müşahidələrimiz göstərir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tənzimləmə ilə bağlı, qayda-qanunların icrası və nəzarətlə bağlı sektorda təsirli addımlar atmaq istəmir və ya bunu bacarmır. Elə hey çalışır ki, nəsə özü xidmət göstərsin, özünün dövlət provayderləri və operatorlarının xətti ilə bazarı əldə saxlasın, aqressiv və konservativ bir siyasət yürüdür”.

Son illərdə mobil rabitə sektorunda rəqabət xeyli zəiflədiyini bildirən O. Gündüz istifadəçilərin “hansı mobil operatorun xidmətləri keyfiyyətlidir” sualına cavab tapa bilmədiklərini vurğulayıb: 

“Nar və Bakcell mobil operatorların resurslarının birləşdirilməsindən sonra rəqabətsizlik mühiti daha da güclənib. Bazarda faktiki Nar-Bakcell tandemi və Azercell qalıb. Belə olan halda təbii ki mobil xidmətlərdə rəqabət zəifləməliydi və biz bunu hər gün hiss etməyə başlamışıq.

Dünya təcrübəsi isə göstərir ki normal rəqabət üçün mobil bazarda ən azı 4 operator olmalıdır. Bizdə isə faktiki 3, realda isə 2 mobil operatordur.

Nə üçün ölkədə satılan internet sürətin toplam həcmi internet istifadəçilərin sayı və tələbatına rəğmən gülünc dərəcədə aşağıdır? Bu qədər istifadəçi auditoriyasının, nəhəng işlərin, 2 milyondan çox sosial media istifadəçisinin qarşılığında ölkədə istehlak olunan toplam internet sürəti nə üçün az qala bir neçə böyük şirkətin istifadə etdiyi qədər, təxminən 250 Gb/s olmalıdır ?

İnternet bazarında xüsusi çəkisi olan, yüz minlərlə və milyonlarla istifadəçisi olan  provayder və mobil operatorların aldığı internet trafikin həcmi mövcud problemlərin birbaşa göstəricisidir”.

Günel Hacı