İqbal Ağazadə TürkPA-nın nüfuzundan danışdı

iqbal-agazade-turkpa-nin-nufuzundan-danisdi
Oxunma sayı: 648

Toplantının gedişi barədə “Yeni Müsavat”a məlumat verən İqbal Ağazadə dedi ki, bu, TürkPA-nın hüquqi işlərə dair qurumunun ilk iclasıdır: “Burada bir sıra hüquqi məsələlərin həlli, həmçinin Parlament Assambleyasının genişlənməsi, parlamentlərin durumu, konstitusiya məsələləri müzakirə olunur. İclasın gündəliyinə quruma üzv olan dövlətlərdə parlamentlərinin və millət vəkillərinin konstitusiya sistemində rolu, funksiyası, hüquqi qanunvericilik bazasının inkişafı, bu sahədə təcrübə mübadiləsi məsələləri dayanır. Həmçinin, komissiyanın növbəti toplantısının harada keçirilməsi müzakirə olunur. Bu istiqamətdə tədbirlər davam edir. Müzakirələrdə Türkiyədən, Azərbaycandan, Qırğızıstandan, Qazaxıstandan olan nümayəndələr iştirak edir. Güman edirəm ki, bu, türkdilli xalqların yaxınlaşması üçün olduqca mühüm bir tədbirdir. Dünyada TürkPA tipli nüfuzlu təşkilatlar var. Ərəb Liqasi, Avropa Birliyi bu tipli qurumlardır. Əgər ciddi, davamlı, sistemli işlər görülərsə, Türkmənistan və Özbəkistan da dəvəti qəbul edib bu quruma qatılarlarsa, növbəti mərhələdə TürkPA qeyd edilən təşkilatlar səviyyəsində dünyada tanınar və nüfuzlu təşkilata çevrilər”.

İ.Ağazadə dedi ki, səfər çərçivəsində bir sıra partiyalarla görüş də nəzərdə tutulub: “Yəqin sabah (bu gün-red.) onları reallaşdıracağıq”.

Türk PA 2009-cu ildə Bakıda təsis olunub. Təşkilatın Katibliyi Bakıda yerləşir. Katiblik baş katib, onun Türkiyədən və Qazaxıstandan olan müavinləri və ekspert qrupundan ibarətdir. Təşkilatda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təmsil olunur. Qurumun əsas məqsədi türkdilli ölkələr arasında əlaqələrin gücləndirilməsi, qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması və digər məsələlərin həyata keçirilməsindən ibarətdir.

2010-cu il mayın 24-də Milli Məclisin binasında Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) ofisinin açılışı olub.