İraqda tapılan Xədicənin nənəsi ortaya çıxdı - Video

İraqda tapılan Xədicənin nənəsi ortaya çıxdı
Oxunma sayı: 3636

İŞİD-dən xilas edilərək Bağdadda uşaq evində saxlanılan Xədicənin nənəsi olduğunu iddia edən qadın ortaya çıxıb. 

"Qafqazinfo" xəbər verir ki, Sputnik.az-a müracitə edən Vahidə adlı qadın ümid edir ki, balaca Xədicə onun nəvəsi ola bilər. Vahidə xanımın dediyinə görə, Xədicə Azərbaycandan kənarda doğulduğu üçün onu ancaq göndərilən şəkillərdə görüblər.

Vahidə Nuriyevanın sözlərinə görə, qızı Aybəniz 2008-ci ildə Əmirağa Əliyev adlı şəxslə ailə həyatı qurub: "Aybəniz mənim ikinci qızımdır. Çox gənc yaşlarında ailə həyatı qurub. Normal ailələri vardı".

Vahidə xanımın sözlərinə görə, qızının baldızı Xəyalə Fərzalıyeva Türkiyədə yaşadığı üçün qızı və kürəkəni də ora köçmək istəyirmişlər. Əmirağa və Aybəniz 3 il əvvəl Türkiyəyə köçürlər. Vahidə Nuriyeva əvvəlcə qızı ilə tez-tez danışa bilsə də, sonradan qızının zəngləri azalır.

"Qızımın öz nömrəsi yox idi. Həmişə kiminsə telefonundan yazar, zəng edərdi. Özüm dəfələrlə həmin nömrələrə yazsam, zəng etsəm də, səhv düşdüyümü deyirdilər. Düşünürdüm ki, bir qədər pul düzəldib, gedib onları görərəm. Amma imkanım olmadı. 2016-cı ilin mart ayında bir qızı da dünyaya gəldi. Dedim, "ay qızım, 3 qızın var idi, neyləyirdin uşağı?" Dedi ki, "ana, oğlan istəyirdim, qız oldu, buna da şükür olsun". Uşağın adını Xədicə qoydular" — müsahibimiz danışır.

V. Nuriyeva deyir ki, qızı ailə həyatı qurduqdan 4-5 il sonra hicab taxmağa başlayıb. Aybənizin baldızı da hicablı olub. Buna görə də, Vahidə xanım qızına heç nə deməyib, heç bir zaman da düşünməyib ki, qızının yoldaşı kiməsə qoşula bilər: "Mədəni, sakit, eyni zamanda, yeyib-içən oğlan idi. Onlara gedəndə canını qurban etməyə hazır idi. Onun dinə bağlanacağını ağlıma belə gətirə bilməzdim".

Ana qızı ilə sonuncu dəfə 6-7 ay öncə danışıb. Həmin vaxt qızı İraqda olduğunu deyib.

V. Nuriyeva deyir ki, videogörüntülərdə balaca Xədicəni görəndə ürəyinə gəlib ki, onun nəvəsi ola bilər: "Oğlum sizin videonu görəndə dedi ki, "ana, bu, bizim uşaqdır, dayanma get". Mən də, "bu da bir ümiddir", deyib sizin yanınıza gəldim. Qızımın yoldaşının adı Əmirağadır, amma İraqda onu dindarlar Hamza çağırırmışlar".

"Nə qızımdan, nə ailəsindən xəbərim var. Əgər mənim oğlum bu yola düşsəydi, özüm keçərdim qarşısına, qoymazdım harasa getsin. Bu yola düşsəydi, heç onu övlad kimi də qəbul etməzdim. Amma qız ailəsindən asılıdır, əri nə desə, onu etməyə məcburdur" — deyir qadın.

V. Nuriyeva balaca Xədicənin onun nəvəsi olduğuna əmindir və tezliklə ona qovuşacağı günü gözləyir: "O, mənim nəvəmdir! Yəqin ki, analiz edəcəklər. Kaş ki, mənim nəvəm olaydı, balamdan bir yadigar qalaydı…"


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi