“İrəli”yə yeni sədr secildi

ireliye-yeni-sedr-secildi
Oxunma sayı: 646

AzərTAc xəbər verir ki, konfransın təşkilat komitəsinin sədri Hikmət İsmayılov iştirakçıları təbrik etmiş və tədbirin əhəmiyyətindən danışıb. O, bugünkü tədbirin təşkilatın həyatında önəmli bir tarix olduğunu diqqətə çatdırıb. H.İsmayılov konfransda 1784 nəfər qeydiyyatdan keçmiş iştirakçıdan 1693-nün iştirak etdiyini bildirib.

“İrəli” İctimai Birliyinin sabiq sədri, Milli Məclisin deputatı Ceyhun Osmanlı ötən dövr ərzində həyata keçirilən layihələr və görülən işlər barədə məlumat verib. C.Osmanlı bildirib ki, “İrəli” Vətən deyib, öndə olanların təşkilatıdır. O qeyd edib ki, bugünkü Azərbaycan gəncliyi dövlətimizin, onun seçilmiş hakimiyyətinin və qazanılan bütün uğurlarının qədrini bilməli, ona sahib çıxmalıdır. Şərqin ilk demokratik dövləti olan Azərbaycanı, onun parlamentini yaradan şəxsiyyətlərimizi xatırlayan təşkilatın sabiq sədri, bizə miras qalan ənənələrin qorunmasının vacibliyini vurğulayıb.

Gənclər və idman naziri Azad Rəhimov “İrəli”nin yarandığı vaxtdan ətrafında fəal, intellektual səviyyəli, vətənpərvər gəncləri birləşdirməyi qarşısına məqsəd qoyduğunu bildirib. Nazir təşkilatın təkcə Bakı ilə məhdudlaşmadığını, həm də regionlara üz tutduğunu, beləliklə, bütün Azərbaycan gəncliyini ətrafında birləşdirdiyini mühüm amil kimi vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov konfrans iştirakçılarını əlamətdar hadisə münasibətilə təbrik edib. O, bütün demokratik ənənələrə riayət edilərək keçirilən konfransın istər “İrəli” İctimai Birliyinin, istərsə də Azərbaycanın digər qeyri-hökumət təşkilatlarının tarixində uzun müddət qalacağını bildirib. Şöbə müdiri qeyd edib ki, “İrəli” 20 minlik bir ordudur. Bu ordunu Prezident Administrasiyası adından salamlayan Elnur Aslanov Azərbaycan gəncliyinə gələcək fəaliyyətində də daim təşəbbüskarlıq nümayiş etdirməyi, uğurlu layihələr həyata keçirməyi və yüksək intellektual potensialını qoruyub saxlamağı tövsiyə edib.

Konfransda “İrəli” İctimai Birliyinin yeni loqotipinin təqdimatı olub.

Konfransda “İrəli” İctimai Birliyinin yeni sədri vəzifəsinə isə Rauf Mərdiyev seçilib.

“İrəli”nin yeni sədri bu gün ətrafında 20 mindən artıq Azərbaycan gəncini birləşdirən bir təşkilatın fəaliyyət istiqamətlərinin gələcəkdə daha da genişləndirilməsinə çalışacağını bildirib. R.Mərdiyev bir neçə il bundan əvvəl cəmi altı nəfərlik heyətlə fəaliyyətə başlayan təşkilatın bu gün Azərbaycan dövlətinin inkişafı istiqamətində daha böyük potensialla çalışmaq gücündə olduğunu deyib. O, “İrəli”nin sıralarının bundan sonra daha da genişlənəcəyinə, ətrafında daha çox gənci birləşdirəcəyinə əminliyini ifadə edib.