İş adamı evinin qarşısında qarət olundu

is-adami-evinin-qarsisinda-qaret-olundu
Oxunma sayı: 640

Bakının Sabunçu rayonunda xanım iş adamı gözlənilməz məqamda cinayətkarın hücumuna məruz qalıb. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Sabunçu qəsəbəsi, Elşən Mahmudov küçəsi, 14 saylı evdə yaşayan 38 yaşlı Elmira Məmmədova evinin qarşısında qarət olunub. Naməlum şəxs onun içərisində 300 manat dəyərində olan geyim əşyaları və 10000 manat pul olan çemodanını götürərək qaçıb.

Hadisə E.Məmmədova İstanbula yola düşən zaman baş verib. "Günəş" ticarət mərkəzində bizneslə məşğul olan E.Məmmədova mütəmadi olaraq İstanbul şəhərinə mal almağa gedirmiş. Oktyabrın 25-də o, saat 04:00 radələrində hava limanına gedirmiş. Evinin qarşısında övladları ilə görüşən zaman qəflətən naməlum şəxs onun çantasını götürərək qaçıb. Qadın ilk olaraq həmin şəxsin ona kömək etdiyini zənn etsə də, sonradan həmin şəxsin qaçdığının şahidi olub. Beləliklə, bu səfəri alınmayıb və İstanbula gedə bilməyib.

Faktla bağlı toplanmış materiallar Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Soyğunçuluq edən şəxsin tapılması istiqamətində əməliyyat tədbirləri aparılır.