“İşbazlar vergidən yayınmağa cəhd edir”

isbazlar-vergiden-yayinmaga-cehd-edir
Oxunma sayı: 1275

Sumqayıt, Şirvan, Yevlax və Qəbələ şəhərlərində ərazi vergi departament və idarələrinin rəhbər vəzifəli şəxslərin iştirakı ilə zona müşavirələri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, zona müşavirələrində çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov 2017-ci ilin yanvar-oktyabr ayları ərzində ərazi vergi orqanları üzrə proqnoz tapşırıqlarına ümumilikdə 109,1 faiz əməl olunduğunu bildirib.

Zona müşavirələrində hesabatla çıxış edən ərazi vergi orqanlarının rəhbərləri və digər vəzifəli şəxsləri fəaliyyətində yol verdikləri nöqsan və müəyyən olunmuş vəzifələrin icrasının təmin olunması üçün görülən tədbirlər barədə məlumat veriblər.

S.Ələkbərov bildirib ki, ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı və onların digər ölkələrə ixracı artıb. Bununla yanaşı, belə vergi ödəyiciləri arasında ciddi vergidən yayınma hallarının olduğu qeyd edilərək, bunun səbəbləri təhlil olunub, vergi ödəyicilərinin qaldırdığı məsələlər və verdikləri təkliflər dinlənilib. Xüsusi olaraq vurğulanıb ki, bir sıra hallarda bəzi işbazlar vergidən yayınmaq və buna görə heç bir məsuliyyət daşımamaq məqsədilə kənd təsərrüfatı məhsullarının ixracı prosesinə bu işə səriştəsi olmayan insanları cəlb edir, onların əli ilə vergi qanunvericiliyini kobud surətdə pozaraq vergidən yayınmağa cəhd göstərirlər. Vergi orqanları tərəfindən belə faktlar aşkarlandıqda isə məlum olur ki, müvafiq sənədləri imzalamış və qanun qarşısında cavabdehlik daşıyan şəxslər əslində bütün işlərdən xəbərsizdirlər və onlara cüzi vəsait ödənilməklə külli miqdarda vergilərdən yayınma hallarına görə məsuliyyət belə şəxslərin üzərinə atılıb.

Bu kimi hallarla qarşılaşmamaq üçün görüş iştirakçılarına konkret tövsiyyələr verilib, öz fəaliyyətlərini şəffaf və qanun çərçivəsində qurmalarının zəruriliyi onlara izah edilib.