İslam və azadlıq

islam-ve-azadliq
Oxunma sayı: 2850

Amma bütün bunlara rəğmən, Jan Jak Russo demiş, insan dünyada azad doğulur. Demək o, azadlığını qorumaq və ya əlindən alınan azadlığı yenidən geri qaytarmaq üçün çaba göstərməyə məcburdur. Bu, onun üçün çətin olsa da, hətta ölümü ilə nəticələnsə də. Babək Xürrəmidinin "Qırx il kölə, qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq daha yaxşıdır" dediyi kimi.

Azadlıq sözü latın dilində “libertas”, fransız dilində “librete”, ingilis dilində isə “freedom” kimi işlənilir. Azadlıq anlayışı barədə yekdil rəy mövcud deyil. Müxtəlif etiqadlar, dünyagörüşləri azadlıq anlayışının başa düşülməsinə və onun tərifinə böyük təsir göstərir. Çünki hər bir etiqad və ideologiya daşıyıcılarının dünyaya, insana, cəmiyyətə baxışı fərqlidir. Şübhəsiz ki, bu fərqli yanaşmalardan fərqli təriflər meydana çıxacaq. Elə buna görə də azadlıq üçün konkret tərif göstərmək bir qədər çətinləşir.

Məlum olduğu kimi, azadlıq çox geniş anlayışdır və buna görə də “insan azaddır” dedikdə azadlığın hansı mənada nəzərdə tutulması da diqqət mərkəzində saxlanılmalıdır. Məsələn, “insan azaddır” dedeikdə onun asılı varlıq olmaması nəzərdə tutula bilər. Yəni, insanın həyatının davamında heç bir varlığın təsiri yoxdur, o, həyatını öz hesabına yaşayır və davam etdirir (Əlbəttə, bu fikir dinimizə görə yanlışdır). Yaxud, “insan azaddır” dedikdə hansısa bir işi görməyə məcbur olmaması (dini terminologiyada insanın iradə azadlığı) təsəvvür oluna bilər. Çünki bəzi dini baxışlara görə, insan heç bir ixtiyara malik deyil, onun yaxşı və ya pis, dindar və ya kafir olmasında heç bir rolu yoxdur. Dini terminologiyada buna zərurət (cəbr) deyilir. Bəzən isə “insan azaddır” dedikdə məqsəd budur ki, o, hansısa istək və duyğularının düşgünü deyil, onları nəzarətdə saxlaya bilir. Yaxud da “insan azaddır” dedikdə məqsəd onun kölə, qul olmaması ola bilər. Amma “insan azaddır” dedikdə adətən insanın siyasi və hüquqi məsələlərdə azad olması nəzərdə tutulur. Bu məqalədə isə geniş mənada azadlıq barəsində söz açmağa çalışacağıq.

Azadlıq nədir?

“Azadlıq bu deyil ki, insan hər istədiyini həyata keçirsin. Əksinə, azadlıq insanı vəzifəsinə əməl etməyə vadar edən bir qüdrətdir”. Jorj Makdonaldla razılaşmamaq mümkün deyil. Gerçəkdən də belədir. Bu, Qərbin azadlıq barədə irəli sürdüyü təriflərə əks olsa belə.

Bildiyimiz kimi, qeyri-dini yanaşmalarda azadlıq humanizm (terminoloji mənada) əsasında tərif edilir. Bu baxışa görə, o şəxs azaddır ki, istədiyini həyata keçirə və xoşlamadıqlarından isə imtina edə bilir. Burada təkcə cəmiyyət və dövlətin zərər və xeyirləri mülahizə edilir. Yəni fərdi azadlıq cəmiyyət və dövlət maraqlarına xələl gətirməməlidir. Daha dəqiq ifadə etsək, bu və ya digər fərdin azadlığının hüdudu başqalarının azadlığının başlandığı yerə qədərdir.

İslam dininə görə isə, insanın azadlığının hüdudu onun kamalına, əbədi səadətinə zərər vurana qədərdir. Yəni, bütün hüquqi və siyasi azadlıqlara bu çərçivədə tərif verilməlidir. Göründüyü kimi, dini tərifdə də əslində meyar insan və onun xoşbəxtliyidir. Amma məsələyə fərqli prizmadan yanaşılır.

Əgər qeyri-dindar şəxslər həyat tərzlərini hansısa mütəfəkkir, sosioloq, siyasətçi və ya psixoloqun tövsiyələri əsasında tənzimləməyə çalışırlarsa, din adamları isə bunu Allahın insan üçün nəzərdə tutduğu qanun kompleksinə uyğun həyata keçirmək istəyirlər. Başqa sözlə, əgər birincisində (qeyri-dini yanaşmada) azadlıq keçici insan ehtirasları əsasında formalaşırsa, ikincisində (dini yanaşmada) bu, insnaın əbədi səadəti əsasında qurulur. İkincisində də istəklərinə önəm verilir, amma onun əbədi səadəti məqsəd götürülərək, bütün bunlar tənzimlənir.
Bir zəruri qeydi xatırlamaq yerinə düşər. Din adamı düşüncəsində, rəftarında məcbur deyil. Bu, Qurani-kərimin tam aydın prinsplərindən biridir: “Dində məcburiyyət (zorakılıq) yoxdur” (2: 256). Əksinə, o, azad seçimi ilə qəbul etdiyi dinin göstərişlərinə kamillik konteksi kimi əməl etməyi məntiqi olaraq zəruri hesab edir. Burada Jon Miltonun sözü yerinə düşür. O, deyirdi ki, hər bir azadlıqdan öncə mənə bilik, düşünmək, inanmaq, haqla, vicdanla söz demək nemətini bəxş edin. Demək, elə əsl azadlıq insanın təfəkküründən, inamından, etiqadından qaynaqlanır, hərzə həyat sürməyə meylindən yox.

Bəllidir ki, hansısa bir fikir, ideologiya, etiqad kiməsə aşılana bilməz. Dində isə bunun əsla yeri yoxdur. Bu mənada ki, zor gücü ilə bu və ya digər əqidəni qəbul edən şəxs heç vaxt səmimi ola bilməz. Dində isə səmimiyyət (ixlas) başlıca şərtdir. Buna görə də (insanın əbədi səadətinə hesablanan) bəzi dini məhdudiyyətlər (dini terminologiya ilə desək, haram işlər) din tam azadlıqla qəbul edildikdən sonra başlayır. Ümumiyyətlə dünyanın yaradılışı etibarilə bu dünyada heç kəs tam azad deyil. Bu mənada ki, bəzən insanın azadlığı etiqadına, yaşadığı rejimə və ya qəbul etdiyi prinsiplərə görə məhdudlaşa bilir.

Niyə məhdudiyyət?

Qərb azadlığına görə, insan kiminsə haqqını tapdalamırsa, azaddır və istənilən işi görə bilər. Amma işin nəticəsi, törədəcəyi fəsadlar nəzərə alınmır. Məsələn, insan kimsə üçün problem törətmədən istədiyi qədər içki içə bilər. Amma islam dini məsələyə belə yanaşmır. Fərd hətta başqasına ziyan vurmayacağı halda öz şərəf və ləyaqətini, fiziki və ruhi sağlamlığını qorumağla vəzifəlidir və buna görə də onun üçün bəzi məhdudiyyətlər yaradılır.

Habelə, islama görə fikir və ruh baxımından azad olmayan şəxs heç vaxt cəmiyyətdə azadlıq tələb edə bilməz və hətta özü belə azad ola bilməz. Belə ki, tam azadlığından istifadə edib alkoqollu içkiyə qurşanan şəxs bir müddətdən sonra içkinin önündə qula çevriləcək və heç bir ixtiyarı olmayacaq. Ümumiyyətlə, dünya sərvətləri dəniz suyuna bənzəyir. O, insanı sirab etmir, əksinə içdikcə içmək istəyirsən. Tam sərbəst insan dünya malına aludə olduqca nəfsinin quluna çevriləcək. Nəfsinin qulu olan insan üçünsə şərəf, ləyaqət, ülvi hisslər önəm kəsb etmir. Belələri hətta istənilən cinayəti törətməyi gözə alırlar. Buna görə də islam dini insan azadlığını azacıq məhdudlaşdırmaqla nəfsin ifrat və təfritə varmağının qarşısını alıb, mötədilləşməyı nəzərdə tutur.