İvanişvili Bakıya çağırılsın!

ivanisvili-bakiya-cagirilsin
Oxunma sayı: 654

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Gürcüstanın yeni baş naziri Bidzina İvanişvilinin və digər gürcü nazirlərin açıqlamalarının Azərbaycanda ciddi suallar doğurduğunu deyərək, vaxt itirmədən onun Azərbaycana rəsmi səfərə dəvət edilməsinin vacib olduğunu bildirib. “Qafqazinfo” xəbər verir ki, politoloq enerji sazişlərinə yenidən baxılmasının və Rusiya-Gürcüstan-Ermənistan dəmir yolunun açılmasının Azərbaycanın siyasi dairələrində narahatlıq doğurduğunu xatırladıb və artıq bəzi partiyaların bununla bağlı bəyanat qəbul etdiklərinə də işarə edib: “Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gürcüstan hökumətinin ilk addımlarıyla bağlı qəbul etdiyi srağagünkü sərt bəyanata digər partiyalar da qoşula bilərlər. Məncə bu Tiflisə bir mesaj olmalıdır ki, Azərbaycanda onların bəzi addımlarıyla bağlı ciddi narahatlıq var. Məhz elə bu səbəbə görə İvanişvilinin Bakıya dəvət olunmasına ehtiyac var. Gürcüstan hökumətinin gələcək xarici və enerji siyasətinin necə olacağını onun dilindən Bakıda eşitmək maraqlı olardı. Gürcüstan prezidenti Mixail Saakaşvili Azərbaycanla konfederasiya yaratmaq ideyasını irəli sürməyə qədər məsafə qət etmişdi və biz Tiflisin məhz bu siyasətinə alışmışdıq, indi qəfil bu siyasətə nəsə korrektələr ediləcəksə, qoy bunu Bakıda da izah etsinlər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri ermənilərin fürsəti əldən vermədiklərini vurğulayaraq misal olaraq Ermənistanın Gürcüstandakı səfiri Ovanes Manukyan Gürcüstan parlamentinin spikeri ilə görüşmək məqsədilə Kutaisiyə getdiyini və onu ölkəsinə dəvət etdiyini deyib: “Gürcüstan parlamentinin spikeri David Usupaşvili bu dəvəti məmnuniyyətlə qəbul edib. Gürcüstan hökumətinin addımları İrəvanı yaxşı mənada həyəcanlandırıb, bunu erməni saytlarını izlədikdə də müşahidə etmək olar. İrəvan Rusiya ilə dəmir yolunun açılmasını səbirsizliklə gözləyir, Tiflisin Bakı ilə enerji qiymətləri mövzusunda müzakirə açmaq istəyindən də sevincli görünür.

Gürcüstanın strateji müttəfiqi Ermənistan deyil, Azərbaycandır. Əgər Gürcüstan parlamentinin spikeri və ya baş naziri Bakıdan öncə, İrəvana səfər etsələr, bu Tiflisin ölkəmizə yönəlik qeyri-dost addımı kimi dəyənləndirləcək. Məncə, rəsmilərimiz və diplomatlarımız bu haqda da indidən Tiflisə mesaj yollamalıdırlar”.