Jurnalistlər “Qoşa Təpə”də

jurnalistler-qosa-tepede
Oxunma sayı: 2588

Bir qrup KİV nümayəndəsi Azərbaycanla İran sərhədində yerləşən Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postuna səfər edib. 

"Qafqazinfo"nun əməkdaşı da media turda iştirak edərək gömrük prosedurlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə  Sistemi (VAİS) ilə idarə olunmasını, sərhədkeçmə prosesini, gömrük nəzarəti prosedurlarını 
əyani şəkildə izləyib.

Jurnalistlərə məlumat verilib ki, gömrük postunda bütün proseslər informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə minimum vaxt ərzində, asan və şəffaf şəkildə həyata keçirilir. 

Ölkənin gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı xüsusi müşahidə kameraları ilə VAİS-ə daxil edilir və nəqliyyat vasitəsinin çəkisi müəyyən edildikdən sonra “bir pəncərə” sistemi vasitəsilə qeydiyyat işləri qısa zamanda başa çatdırılır. Fiziki baxış keçirildikdən sonra isə mexaniki-elektron kilidlə (GPS) təmin edilən nəqliyyat vasitəsi təyinat gömrük orqanına yola salınır və bu proses avtomobil və yükə dair sənədlər qaydasında olduğu halda qısa vaxt ərzində yekunlaşdırılır.

Daha sonra media nümayəndələri idxal sərnişin xəttindəki proseslərlə tanış olub və burada həyata keçirilən gömrük prosesləri barədə məlumatlandırılıblar. 

“Qoşa Təpə” gömrük postunda bəzi hallarda müşahidə olunan sıxlıqların səbəbləri də jurnalistlərə izah olunub. Bildirilib ki, səbəb bəzi günlərdə hər iki istiqamətdə sərnişin axınının normadan artıq olması və fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarının tələbləri pozularaq qanunvericilikdə nəzərdə tutulandan çox ərzaq məhsullarının və digər malların gömrük sərhədindən keçirilməsinə cəhdlərin edilməsidir.

Günel Hacı