Keçmiş icra başçısının qardaşı ailəsi evindən çıxarılır

kecmis-icra-bascisinin-qardasi-ailesi-evinden-cixarilir
Oxunma sayı: 2951



“Qafqazinfo” Azpolitik.az-a istinadən xəbər verir ki, qazinin anası Bəhmənova Cəmilə Dünyamalı qızı 2 qızı, bir nəvəsi ilə 22 il əvvəl dövlət tərəfindən məskunlaşdırıldıqları bir otaqlı mənzildən Ali Məhkəmənin qərarı ilə çıxarılırlar. Bəhmənovlar ailəsinə 22 ildir sığındıqları 1 otaqlı mənzili boşaltmaları üçün 18 fevral 2014-cü il tarixə, yəni sabahadək vaxt qoyulub. C.Bəhmənova deyir ki, gedəcək yerləri yoxdur, ona görə də evdən çıxmaq niyyətində deyillər. 

Bəhmənova Cəmilənin ailəsi 1992-ci ildən – Şuşa işğal olunduqdan sonra Bakıya gətirilib və “Qaçqınkom”un xəttilə Səbail rayonu S. Vurğun küçəsindəki 8 saylı evin boş olan 2 saylı mənzilində dövlət tərəfindən məskunlaşdırılıb. 

Lakin bundan 2 il sonra Səbail Rayon İcra Hakimiyyətinin o vaxtkı başçısının 22 avqust 1994-cü il tarixli sərəncamı ilə Hərbi Polis İdarəsinin müraciəti əsas götürülərək 1 otaqlı bu mənzil müvəqqəti sığınacaq kimi Adil Muxtar oğlu Zamanova verilir. Halbuki, həmin vaxt mənzil boş deyildi və Şuşa qaçqını olan Bəhmənovlar ailəsi 2 il idi ki, dövlət tərəfindən buraya məskunlaşdırılmışdı. 

Daha sonra Adil Zamanovun iddiası əsasında Səbail Rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanova 29 dekabr 2012-ci ildə Bəhmənovlar ailəsinin mənzildən çıxarılmasına dair qərar çıxarır. Lakin Apellyasiya Məhkəməsində Bəhmənovların şikayətinə baxılarkən, hakim Azad İmanov ilkin instansiya məhkəməsinin qətnaməsinə kiçik, amma mühüm bir əlavə edir. Həmin əlavədə deyilir ki, qətnamənin icrası cavabdehlər Bəhmənova Cəmilə Dünyamalı qızı, Bəhmənova Vüsalə Höffer qızı və Bəhmənova Ləman Hoffer qızı Azərbaycan Respublikası Qaçqınlar və Məvburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilənədək təxirə salınsın. İş gedir Ali Məhkəməyə. Ali Məhkəmənin Mülki Kollegiyası isə 10 oktyabr 2013-cü il tarixli qərarı ilə qətnamədən Apellyasiya Məhkəməsinin əlavəsini çıxarır və Bəhmənovlar ailəsinin mənzildən dərhal, onların “Qaçqınkom” tərəfindən yaşayış yeri ilə təmin olunmasını gözləmədən çıxarılması barədə qərar verir. 

Qeyd edək ki, qazinin ailəsini 22 ildir sığındıqları evdən çıxarmağa çalışan Adil Zamanovun dayısı Allahverən Həsənov Apellyasiya Məhkəməsinin hakimidir.

Onu da qeyd edək ki, sözügedən ailə Şuşa rayon İcra Hakimiyyətinin keçmiş başçısı, mərhum Nizami Bəhmənovun qardaşının ailəsidir.