Kim milyonçu olmaq istəməz?

kim-milyoncu-olmaq-istemez
Oxunma sayı: 10008

Qismət

Toppuş bacının cəmi üç verilişdə ağlayıb 60 min manat yığdığı bu günlərdə mətbuatda Beynəlxalq Bankın keçmiş sədrinin indiki xanımının Londondakı xərcləri ilə bağlı xəbərlər çıxdı. Söhbət elə rəqəmlərdən gedir ki, Toppuş bacı 100 il ağlasa, o qədər pulun heç yarısının yarısını da yığa bilməz. Məni isə maraqlandıran toppuş-arıq məbləğlər deyil, ədəbiyyatın, ədəbiyyatçının pul və insan münasibətidir. 

Mənə heç vaxt sənət adamlarını “acdır, amma sənətkardır” obrazında görmək istəməmişəm. Lakin bu obrazın yaranmasının günahkarı elə birinci növbədə sənət adamlarının özləridir. Bizim sənət adamlarının əksəriyyətində dilə gətirilməyən, amma gözlərində, nəfəs alıb-verməyində, siqaret yandırmağında, köks ötürməyində hiss olunan belə bir “sovetski” düşüncə var: qəşəng şeirlərim, yazılarım var, xeyir ola işləməliyəm?! Bizim sənət mühiti haqqında bir roman yazılsa adı belə olmalıdır: “Müftəxorlar”.

Amma bunlar sehri olmayan söhbətlərdir, keçək o tərəfə.

Vaxtilə görkəmli italyan yazıçısı Dino Butsattinin “Sehirli pencək” adlı bir hekayəsini tərcümə etmişdim. Beynəlxalq Bankın keçmiş sədrinin xanımı ilə bağlı xəbərləri oxuyanda Balzakın “Şaqren dərisi” əsərinin ənənəsindən gələn həmin hekayəni yenidən xatırladım. Hekayəmizin qəhrəmanı Milan şəhərindəki bir ziyafətdə öz pencəyini ətrafa işıq saçan bir adamla tanış olur. Bu gözəl pencəyi kimin tikdiyini öyrənib növbəti gün həmin dərzinin yanına gedir. Gəlin sonrasını bir yerdə oxuyaq:

“Ferrara küçəsi 17 ünvanında bir-birinin oxşarı olan çoxlu dərzixanalar vardı. Alfonzo Kortisellanın dərzixanası da  o birilər kimi idi. Qapını özü açdı. Yaşlıydı, saçları  qaraydı, amma görünür rəng qoymuşdu. Düşündüyüm kimi özünü baha satmadı, amma qəribə idi, elə bil, müştərisi olmağım onu narahat  etmişdi. Ünvanı necə tapdığımı danışdım, tikişini təriflədim, mənə bir kostyum tikməsini istədim. Boz yundan bir parça seçdik, ölçülərimi götürdü, yoxlanış üçün evimə gəlməyi  təklif  etdi. Zəhmət haqqını soruşdum. ”Qaçhaqaç deyil, razılaşarıq” – dedi. Ürəyimdə öz-özümə “nə mülayim insandır” – dedim, amma evə qayıdanda hiss elədim ki, bu yaşlı kişi məndə anlaşılmaz bir sıxıntı, bir narahatçılıq yaradır. Bəlkə də süni gülüşünə görə məndə belə fikir yaranmışdı, bilmirəm. Kəsəsi, onu bir də  görmək istəmirdim. Neyləməli, artıq sifariş vermişdim. Kostyum iyirmi gün sonra  hazır olmalıydı. İyirmi gün sonra Kortisella kostyumu gətirəndə,  geyinib bir saniyəlik güzgüdə özümə baxdım, mükəmməl idi. Amma içimdə yeni paltarı geyinmək istəyi yox idi, səbəbini bilmirdim, bəlkə də sevimsiz qocanı xatırlatdığı üçün belə idi. Yeni paltarımı bir neçə həftə geyinməmək qərarına gəldim.

Həmin günü heç unutmayacağam. Bir aprel səhəri idi, yağış yağırdı. Kostyumu – şalvar, pencək, jilet – geyinəndə, yeni paltarın bədənimə  qüsursuz şəkildə  oturmasına çox sevindim. Elə bil, kostyum özü bədənimin biçiminə uyğunlaşmışdı.

Pencəyin sağ cibinə adətən heç nə qoymuram, portmanatımı həmişə sol cibimdə olur. Buna görə də bir neçə saat sonra büroda səhvən əlimi sağ cibimə salanda, əlim bir kağıza dəydi, çaşıb qaldım. Nədir bu, dərzinin xəttkeşidi?  

Yox, xətkeş deyildi. On min liretlik kağız pul  idi.

Çaş-baş qaldım. Pulu sağ cibimə qoymamışdım, buna yüz faiz əmin idim. Dərzi çıxıb gedəndən sonra paltara yaxınlaşa biləcək yeganə adam evimi təmizləyən qadın idi, onun da mənə qarşı belə səxavətli olmasını  düşünmək cəfəng olardı. Bəlkə saxta pul idi? İşığa tutdum və öz pullarımla qarşılaşdırdım. Heç nə, can  sağlığı, tərtəmiz həqiqi pul idi.

Bəs nə olmuşdu? Bircə variant qalırdı: Kortisellanın fikri dağınıq olub və hansısa müştərisi gəlib hesabı  ödəyəndə,  həmin vaxt portmanatı yanında olmayan dərzi pulu  ortalıqda  qoymamaq  üçün soxadan asılı pencəyimin cibinə basıb. Bu,  ağlabatan idi.

Zəngi basıb  katibəmi çağırdım. Kortisellaya bir məktub yazıb, pulu  geri göndərmək istəyirdim, amma səbəbini bilmirəm, nədənsə əlimi yenə cibimə saldım.

“Nə  olub , xəstə deyilsiniz  ki?“ – deyə soruşdu, həmin vaxt otağa girən  katibəm. Meyit kimi ağappaq olmuşdum. Cibimdə barmaqlarımın ucuna yeni  kağızın kənarı dəymişdi, amma bayaq cibimdə heç nə yox idi, heç nə.

“Heç nə, başım  gicəlləndi bir az. Arada olur, yəqin  yorğunluqdandı. Siz gedə bilərsiniz, bir  məktub yazdıracaqdım, sonraya yazarıq” – dedim.

Kağızı katibəm gedəndən sonra  cibimdən çıxartmaq cəsarəti tapdım. Yenə  on  min liret idi. Bundan sonra üçüncü dəfə yoxladım. Üçüncü dəfə də pul çıxdı.
Ürəyim tez-tez döyünməyə başlamışdı. Bir sirri-müəmma nəticəsində, sanki uşaqlara  danışılan, amma  gerçəkliyinə heç  kimin inanmadığı  nağıl dünyasına düşmüşdüm.
“Özümü  pis  hiss  edirəm” – bəhanəsiylə bürodan çıxıb evə qaçdım. Tək qalmaq  istəyirdim. Xoşbəxtlikdən xadimə çoxdan  getmişdi. Qapıları bağladım, pərdələri örtdüm. Sürətlə, dayanmadan cibimdən bitib tükənməyən pulları çıxartmağa başladım.

Möcüzənin hər an sona çatacağı qorxusuyla, böyük əsəb gərginliyi içində əlim cibimlə oynayırdı. Gecə səhərəcən  işləyib  milyardlar  qazanmaq  istəyirdim, amma müəyyən həddən sonra artıq gücüm qalmadı.

Qarşımda  dağ  kimi  pul  yığını  vardı. İndi  önəmli  olan,  bunları  gizlətmək, heç  kimin  duyuq düşməməsini  təşkil  etmək  idi. Köhnə bir  çamadanı boşaltdım, dəstə-dəstə pulları,  bir ucdan saya-saya çamadana basdım. Əlli milyondan artıq idi.

Ertəsi  gün xadimə gələndən  sonra  oyandım. Qadın məni yataqda  paltarlı  görəndə təəccübləndi. Gecə çox  içdiyimi, sonra da qəfildən yuxuladığımı  dedim, yalandan gülməyə də çalışdım. Yeni bir  sıxıntı yaranmışdı: qadın istəyirdi ki, heç  olmasa fırçalamaq üçün paltarımı çıxardım.

Tələsik getməli olduğu, paltar dəyişməyə vaxtım qalmadığını dedim. Sonra isə eyni parçadan başqa bir kostyum almaq üçün hazır geyim mağazasına qaçdım. Xadiməyə o kostyumu verəcəkdim. ”Özümkünü” – bir neçə gün içində məni dünyanın ən güclü  insanlarından biri edəcək  kostyumu isə gizlədəcəkdim.

Yuxu görürdüm, yoxsa xoşbəxt idim, ya taleyin ağır yükü altında həddən artıq əzilirdim? Bunu anlaya bilmirdim. Yolda  həmişə sehirli pencəyin cibini  yoxlayırdım. Hər  dəfə rahat bir nəfəs  alırdım. Parçanın altından kağız  pulun ürəyimə su çiləyən xışıltısı gəlirdi.

Gözlənilməz bir  təsadüf sevincimi  gözümdə qoydu. Səhər  qəzetdə, dünən  baş vermiş bir soyğunçuluq xəbəri  gördüm. Bir bankın öz filiallarından topladığı gündəlik  gəliri mərkəzi  şöbəyə aparan  zirehli  maşın Palmanova küçəsində dörd soyğunçunun hücumuna məruz qalmışdı. Şahidlərin  dediklərinə  görə, qanqsterlərdən biri özünə yol aça bilmək üçün atəş açmışdı. Yoldan keçənlərdən  biri  ölmüşdü. Məni  çaşdıran, oğurlanan  pulun  miqdarı  olmuşdu: düz əlli səkkiz milyon. (mənim pulum qədər) Mənim  gözlənilməz  zənginliyimlə təxminən eyni vaxtda  baş verən  soyğunçuluq  hadisəsi  arasında hansısa  əlaqə ola  bilərdimi? Belə  düşünmək  mənasız  idi, üstəlik,  batil  inanclarım yox idi, amma  yenə də hadisə  məni çaşdırmışdı.

İnsanın əlinə  keçən  nə  qədər  artırsa, istəyi  də  o  qədər  artır. Vərdişlərimin, istəklərimin  adiliyini  nəzər  alsaq,  artıq zəngin idim.  Lakin sərhədsiz lyuks  həyatın cazibəsinə  qapılmışdım. O gecə yenidən “işə”  başladım. Bu dəfə daha  təlaşsız  çalışır, əsəblərimi  daha  az  pozurdum. Sərvətimə yüz otuz beş milyon da əlavə etdim.

Həmin gecə gözümə yuxu girmədi. Bu təhlükənin  öncəgörümü idi,  yoxsa haqsızcasına böyük  sərvətə qovuşan  birinin  vicdan  əzabı? Ya  da  qeyri-müəyyən  peşmançılıq? Gün  işaran kimi yataqdan  qalxdım, geyinib qəzet  almaq üçün küçəyə qaçdım.

Qəzeti açan kimi nəfəsim  daraldı. Şəhərin  mərkəzindəki  San-Kloro  küçəsində, mazut anbarında baş verən dəhşətli yanğın bir binanın yarısını kül eləmişdi. Bu  yanğında böyük şirkətlərdən birinin kassaları da yanmışdı, içində də yüz otuz milyondan artıq pul. Yanğında  iki  yanğınsöndürən  ölmüşdü.
İndi neyləməliydim, günahlarımı bir-bir saymalı, bu günahların haqqını verməliydim? Bəli, çünki pencəyin  mənə qazandırdığı  pulların  cinayətdən, qandan, ümidsizlikdən, ölümdən gəldiyini, cəhənnəm hədiyyəsi olduğunu  artıq dəqiq  bilirdim. Lakin içimdəki məntiq tələsi ağzını büzür, bəraətlər icad edir, mənim hər hansı məsulliyyətimin olması ilə razılaşmırdı. Beləcə, şeytana uymaq  çəkidə  ağır  gəlir, əlim – elə  asandı  ki! – cibimə  girir və barmaqlarım son  dərəcə sürətli arzuyla hər dəfə bir kağız pulun ucundan tuturdu. Pul, müqəddəs  pul!

Köhnə  evdən köçməmiş, (diqqət çəkməmək üçün)  qısa  vaxtda qıraqda böyük bir villa  almışdım, dəyərli bir rəsm kolleksiyam  vardı, lyuks avtomobildə gəzirdim, “səhhətimlə  əlaqədar” işdən  çıxmışdım, bir-birindən gözəl qadınlarla dünyanın dörd tərəfini dolaşırdım.

Pencəyimdən hər pul çıxaranda, yer üzündə utanc və əzab törədən bir hadisə  baş verdiyini bilirdim, amma həmişə məntiqli sübutu olmayan şüursuz qərarlarla  hərəkət edirdim. Bir yandan da cibimdən hər pul çıxaranda vicdanım bir az da korşalır, bir az da çirkinləşirdi. Dərzimi? Borcumu öyrənmək üçün zəng elədim, heç  kim cavab vermədi. Ferrara  küçəsinə dərzini axtarmağa  getdim, onun xaricə  köçdüyünü dedilər, hara getdiyini bilmirdilər. Beləcə, hər şey mənə agah oldu: mən özümün də xəbərim olmadan şeytanla  müqavilə  imzalamışdım.

Bir gün neçə ildi qaldığım binada altmış yaşlı təqaüdçü qadının cəsədi  tapıldı, qazdan boğulmuşdu. Bir gün əvvəl əlinə keçən (və mənim  əlimə  gələn) otuz min lireti  itirdiyi üçün intihar etmişdi.

Artıq kifayət idi. Uçurumun dibinə yuvarlanmamaq üçün pencəkdən  qurtulmalıydım. Başqasına  vermək  olmazdı, çünki  bu  vəziyyət davam edə bilərdi. (Belə  bir  aldanışa  kim  dözə  bilərdi  axı?)

Alp dağlarda təhna bir vadiyə getdim. Avtomobilimi bir çəmənlikdə saxladım, meşəni keçib, hündürə  bir yerə dırmaşdım. Heç  kim  yox idi. Daşlı-kəsəkli  bir  yerə çatdım. Burada – iki div boyda qayanın  arasında, çantamdan uğursuz  pencəyi çıxartdım, üstünə benzin töküb yandırdım. Bir neçə dəqiqəyə külə döndü.

Alovların son titrəşiyi zamanı arxamdan – sanki  iki-üç metr geridən – bir insan  səsi eşidilən  kimi  oldu: “Çox gecdi, Çox  gecdi!“ Qorxuya  qapıldım, ilan kimi  geriyə  qıvrıldım. Heç  kim yox idi. Qayaların üstüylə tullana-tullana bu uğursuz  səsin  sahibini  tapmaq  üçün ətrafı  axtardım.Heç kəs  yox idi. Qayalardan başqa heç nə yox idi.

Bərk qorxsam da, bir təhər özümə gəlib vadiyə endim. Artıq azad idim, üstəlik, tale üzümə  gülmüşdü, zəngin olmuşdum.

Amma avtomobilim çəmənlikdə yox idi, şəhərə qayıdanda o cazibədar villam da yox olmuşdu, onun yerində, “Satlıq Bələdiyyə Torpağı” yazısı vurulmuş lövhə və şumlanmamış tarla vardı. Bankdakı hesablarım da, necəsə sıfırlanmışdı. Kassadakı bir topa qiymətli sənəd də qeyb olmuşdu. Köhnə  çamadanda da,  tozdan  başqa  heç nə  yox  idi.

İndi yenə min bir zülümlə işləməyə başlamışam. Hər şey mənə çox  çətin  gəlir, qəribəsi odur ki, qəfil bu vəziyyətə düşməyimə heç kim şaşırmış  görünmür, üstəlik, hər şeyin sona çatmadığını da bilirəm. Bilirəm ki, günlərin bir günü  qapımın  zəngi çalınacaq və mən qarşımda üzündə əsəblərimə toxunan  təbəssümüylə hesabı bağlamağa gələn uğursuz dərzini  görəcəyəm.”

Belə, məntiq sadədir: zəhmətsiz başa gələn heç nəyin axırı yoxdur. Yoxsa ki, varlıq olmaq eyib deyil...