Kişiləşdirdiyimiz qadınlar...

kisilesdirdiyimiz-qadinlar
Oxunma sayı: 5074

Ruhəngiz Hacızadə

Birini mühakimə etmək, qınamaq əlimizdən gələn ən gözəl məziyyətimizdir. Xüsusilə də söhbət qadından gedirsə... Bir əlimizdə kəndir, bir əlimizdə də balta - asıb-kəsməyə hazırıq həmişə. Ellikcə yığışıb qadının namusunu, əxlaqını dilimizə dastan edirik. Dildən-dilə dolaşıb, şəkildən-şəklə salınır bu dastan.

“Gəzir”, “danışdığı var”, “ərini atıb, qaçıb”... siyahını uzatmaq da olar, amma ehtiyac yoxdur. Onsuz da bu kimi xəbərlərlə hər gün verilişlərdə, saytlarda rastlaşırıq. Ümumiyyətlə, başqasının həyatı maraq dairəmizi o qədər əhatə edir ki, öz həyatımıza baxmaq yadımızdan çıxır. Elə bu səbəbdəndir ki, başqalarının şəxsi həyatından, intim münasibətlərindən bəhs edən verilişlər ən çox izlənilənlər sırasındadır. “İkinci dəfə ailə qurmadı, heç kimlə münasibəti olmadı, oturub uşaqlarına baxdı. Kişi kimi qadındır, halal olsun”... Necə də fəxrlə deyilir - “kişi kimi qadın”! Əslində isə bu ifadə utanc yerimizdir. Çünki kişiləşmiş qadın cəmiyyətin eybidir. Sənin, mənim, o birinin söz-söhbətindən çəkinən, öz həyatını, istəklərini, duyğularını nəinki arxa plana atan, hətta görməzdən gələn qadının “mükafatıdır” bu ifadə. Gənc yaşlarından tək qalıb övladına baxan, eldən utanıb heç kimlə ailə qurmayan qadınla fəxr edə bilərsiniz. Çünki “kişiləşdirməyi” bacardınız! Nə nəvaziş gördü, nə əzizləndi, nə xoş söz eşitdi, nə problemlərdən bezəndə başını söykəyə biləcəyi çiyin oldu. Əvəzində hamı onunla fəxr etdi, axı o, bizim nümunə göstərdiyimiz “kişi kimi qadın”dır. Unuduruq ki, qadın elə qadındır... Övlad, həyat yoldaşı, ana olmazdan öncə qadındır, sadəcə qadın...

Ərin söyür, döz - uşaqların var. Ərin döyür, döz - kimi əzizləyiblər ki? Ərinin həyatında başqası var, döz - kim gəzmir ki, bir azdan bezəcək. Boşanma, eldən ayıbdır, ikinci dəfə ailə qurma uşaqlarından ayıbdır. Heç kimlə münasibət qurma, əxlaqsız deyərlər. O nə deyər, bu nə deyər deyə-deyə çürüdürük bu qadınların ömrünü...

“Özündən 10 yaş balaca oğlanla münasibəti var, utanmır oğlu yaşındadır. Oğlanı da yoldan çıxarıb, Allah bilir”. Bu cümlələri də eşitməmiş olmazsınız. Dedim axı, hazırıq kimisə baltalamağa. Kişinin özündən 10-15 yaş balaca, bəzən övladı yaşında qızla evlənməsi qəbahət sayılmır, amma qadın kişidən böyük olanda biabırçılıq olur, eləmi? Görəsən, bu qanunları kim yazıb? Nə hikmətdirsə, hansı tərəfdən baxsan, qadın haqq verilən yox, haqqı alınan tərəf olur. Unuduruq ki, hər əməlini nümunə göstərdiyimiz Məhəmməd peyğəmbərin xanımı Xədicə də ondan 15 yaş böyük olub. Sizcə, bu, qınanmalı hadisədir? Təbii ki, yox. Ancaq biz o qədər qəddarlaşmışıq ki, “sevgi yaşa baxmır” deyəndə ancaq kişilərin gözünü nəzərdə tuturuq. Elə buna görə də illərdir Rusiyada anyaların, tanyaların əhatəsində olan 30 yaşlı kişinin 13 yaşlı qızla evlənməsini təbii qarşılayırıq. İllər sonra nəvazişsiz, sevgisiz ailə həyatından bezən bu “uşaq gəlin”in kiminləsə əlaqəsini eşidəndə isə namussuzluğu barədə dil-boğaza qoymuruq. Gəncliyini yaşamadan uşaqlıqdan qadınlığa adlayan bu bədbəxtləri “əxlaqsız”, “harınlamış” adlandırırıq. Biri də çıxıb demir ki, axı, o da insandır, diqqət gözləyir, qayğı istəyir. Kimisə mühakimə etməzdən öncə, özünüzü onun yerinə qoymağı da bacarın. Eyni vəziyyətdə siz olsaydınız, nə edərdiniz? Zəhmət olmasa, tam səmimi, “kişi kimi” cavab verin...