Komitə yeni hərrac elan etdi

komite-yeni-herrac-elan-etdi
Oxunma sayı: 915

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 14 noyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, budəfəki hərraca müxtəlif çeşidli 56 dövlət əmlakı çıxarılıb. Bunlardan 21-i kiçik dövlət müəssisə və obyekti, 7-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətləri, 8-i isə nəqliyyat vasitələridir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Azinterservis”, “Tərtər Konserv”, “Bərdə Kərpic”, “Azərmetalinvest“, “Çatal Broyler”, “Goranboy Sənaye“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. 

Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. 

Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Azinterservis” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 135 min manata yaxındır. 

Bundan başqa qiymətində digərlərindən fərqlənən əmlak “Bərdə Kərpic” Açıq Səhmdar Cəmiyyətidir. Həmin əmlakın 30% səhmi isə 90 min manata yaxın təklif olunur.