Korrupsiyada ittiham olunan məmur həbsxanada öldü

korrupsiyada-ittiham-olunan-memur-hebsxanada-oldu
Oxunma sayı: 637

Nizami rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Suraxanı rayon Hərbi Komissarlığında işləyərkən rüşvət alma ittihamı ilə həbs olunan Məbud Məmmədov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsində ölüb.

Bakı İstintaq Təcridxanasında saxlanılan 1958-ci il təvəllüdlü Məbud Məmmədov 7 gün əvvəl ürək çatışmazlığı, infarkt diaqnozu ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsinə gətirilib və burada müalicə olunub.

Fevralın 6-da halı qəfil pisləşən Məmmədovun saat 16:00 radələrində ölüm faktı qeydə alınıb.

Müstəntiq hadisə yerini tədqiq edərkən meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkar etməyib.

Meyit baxış keçirilməsi üçün Nizami rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.