Kosa niyə pay yığmalıdır ki...

kosa-niye-pay-yigmalidir-ki
Oxunma sayı: 2315

Azər Qismət

Son 3 ildə Kosanın əleyhinə ifadələr səslənir, müzakirələr açılır. Sosial şəbəkələrdə bu mövzu hər Novruz bayramı günlərində yenidən baş qaldırır. Əsas fikir bundan ibarətdir ki, Kosanın evlərə girib pay istəməsi düzgün deyil. Adamlar hesab edir ki, bu, uşaqlarımızı dilənçiliyə öyrədir.

Digər xalqların xalq qəhrəmanlarından da misallar gətirilir. Yeni il gecəsi qoca Santa Klausun maral kirşəsinə hədiyyələr toplayıb Laplandiyadan ölkələrə səyahəti, o hədiyyələrlə uşaqları sevindirməsi əsas gətirilir. Santanın pay vermək zövqünün uşaqların psixologiyasında əbədilik iz buraxacağından danışılır. Yəni, Santa pay verir, Kosa pay yığır. Santanın hərəkəti uşaqları elə uşaqlıqdan xeyirxahlığa, sevindirməyə kökləyir, Kosanın pay yığması isə uşaqlarımızı dilənçiliyə sövq edir. Söhbət əl açıb dilənməkdən getmir. Ömür, sevgi, mal dilənçiliyi, ələbaxımlıq prinsipi və sair. Xalq qəhrəmanının əleyhinə yönələn fikirlərin əsas özəyini də məhz bu təşkil edir.

Geyimlər də əsas müzakirə predmetidir. Hüseynqulu Sarabskinin “Köhnə Bakı” əsərinə xitabən söyləyə bilərik ki, 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində adamlar dildən pərgar olan bir nəfərin başına motal pendirinin dərisini tərsinə çevirib geyindirərmişlər. Qarnına isə yastıq bağlayar, şalvarı cırıq Kosanın əlinə uzun çömçə verərmişlər. Budur, el qəhrəmanı hazırdır. Yanına da Keçəli qoşarmışlar ki, hərdən Kosanı danışdırıb camaatı güldürsün. Elə bu cür yamaqlı paltar son 3 ildə adamlarımızı qıcıqlandırır. Yenə də Santanın paltarından misal gətirilir. Santa həm qoca, həm də zarafatcıldır, ancaq paltarı səliqəlidir. Düzdür, Sovet İttifaqının Şaxta Babasının uzun zərli-zibalı xələtinə çatmaz və onun qədər müdrik olmaz, amma yenə də olsun, Santa da pis deyil. Bizim Kosa isə çox çirkli geyinir.

Hər iki qərəmanın danışıqları isə adamları lapdan-lap qıcıqlandırır. Şaxta Baba uşaqlara deyir ki, onların yanına qarlı dağlı yamaclar aşaraq qonaq gəlib. O, uşaqlara şeir dedirdir, əl-ələ verib oynadır. Bu, Sovetlərin Şaxta Babasının Qərbdən, yəni imperialist qüvvələrin qəhrəmanından fərqlənmək istəyi ilə kosmetik dəyişikliyə uğradılan qəhrəmandır. Amma əsl Santa Klaus əksər hallarda kimləsə dodaq tərpətmir. Eləcə, 31 dekabr gecəsi hamı yatandan sonra bacadan evlərə girib hədiyyələri qoyub gedir. Bu nüans ibrətamiz jest kimi xüsusi qeyd edilir. Santa hədiyyəni açıq şəkildə də verə bilər. Amma vermir. Səbəbi həm dini, həm psixoloji amillələrlə izah olunmalıdır. Məntiq belədir: sağ əlin verdiyini sol əl bilməməlidir. Yəni, xeyriyyəçiliyi gizli edərlər. İctimayyət üçün reklam edilməməli, yalnız Tanrı və qarşı tərəf bilməlidir. Əksər dini kitablarda da belə yazılıb. Kosanın danışığına gəlincə, o pay almaq üçün “yağ olmasın, bal olsun” tipli güzəştlərə də gedir, təki torbaya nəsə qoyun. Özü də Keçəlin onun saqqalını it quyruğuna bənzətməsi, ya Kosanın arvad alması, sonra öldürməsi də mənfi assosasiya doğurur.

Bəzi hallarda Kosaya münasibəti dini təriqətlərin gizli kampaniyası ilə bağlayanlar da tapıldı. Hesab edildi ki, imam Əlinin qırmızı geyinib taxta çıxması ilə yaranan Novruza qarşı məhz onlar qarayaxma kampaniyasına başlayıblar. Burda yanlışlıq var. Çünki son 3 ildə sosial şəbəkələrdə bu mövzuda söz açanlar ümumiyyətlə Kosanın ləğv edilməsi fikri altında dirəşmirlər. Onlar deyir ki, Kosa olsun, amma paltarı və sözləri, pay yığması yığışdırılsın. Bu bayramı təkcə imam Əlinin taxta çıxması ilıə bağlamaq da birtərəfli olar. Çünki qədimdən xalqımız baharın gəlişini xüsusi qaydada qeyd edib. Hətta Rusiyanın özündə belə vaxtilə Yeni il martda başlanıb.

İlk dəfədir ki, adamlar el qəhrəmanının vücudi-şərifində nisbi dəyişikliyin olmasını istəyirlər. Folklorşünaslar isə deyir ki, qədimdən qalan Kosa obrazına əl vurmaq olmaz. Ancaq burda bir məntiq var. Əgər bu qəhrəman “xalq qəhrəmanı” adlanırsa,  xalq onu sevməlidir. Bəlkə doğrudan da Kosa ilə bağlı bəzi dəyişikliklərə yol verilsin. Özü də nəzərə alaq ki, Kosa obrazının yaranması ilə bağlı da yekdil məlumat yazılmır. Bir məlumatda qeyd edilir ki, Kosa şərin və səfalətin obrazıdır. Xub. Bəs, hansı səbəbdən adamlar şərə pay-parça verib yola salmalıdır?! Digər məlumatda isə vurğulanır ki, Kosa qışın rəmzidir. Adamlar ona görə pay verirlər ki, əl çəkib buralardan getsin və nəhayət bahar gəlsin. Belə çıxır ki, qışın getməsi üçün yalvarıb-yaxarmaq lazımdır. Məsələn, Altay türkləri qışın getməsi üçün küknar ağacını bəzəyər və ətrafında halay vurub “qaraçun” - deyə oxuyarmışlar. Bu, qışın rədd edilməsinə yönələn mahnıdır. Biz isə onlardan fərqli daha diplomatik jest edərək Kosanı pay-parça ilə yola salırıq ki, xətər yetirməsin. Aydın məsələdir ki, biz qədimdən sülhpərvər olmuşuq, amma Kosanı da şirin dillə yola salmaq...

Hər halda Kosada dəyişiklik mövzusunu folklorla məşğul olan alimlərimizin ixtiyarına buraxaq. Çünki ildən-ilə Kosanın gözdən düşməsi adamın ürəyini ağrıdır.